Nuşirəvan Məhərrəmli ANS rəhbərliyinin Avropa Məhkəməsinə şikayətindən — DANIŞDI
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ötən il lisenziyası dayandırılan “ANS” telekanalı rəhbərliyinin Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etməsi məsələsinə münasibət bildirib. MTRŞ sədri “Ölkə.Az”-ın sualına cavabında deyib ki, bu məsələ “ANS” rəhbərliyinin şəxsi işidir: “Bu məsələnin bizə aidiyyəti yoxdur. Hər bir fiziki və hüquqi şəxs öz hüquqlarını müdafiə etməlidir. Bu məsələ də onların öz işidir”. N. Məhərrəmli həmçinin qeyd edib ki, Azərbaycanda kabel televiziya yayımı ilə bağlı lazımı işlər aparılır: “Bilirsiz ki, yaxın vaxtlarda “Kabel televiziyası haqqında” qanun layihəsinə baxılacaq. Daha sonar isə kabel televiziyası ilə bağlı müəyyən müddəalar sərtləşdiriləcək. Nəticədə isə bu məsələ daha ciddi şəkildə öz həllini tapacaq”. MTRŞ sədri vurğulayıb ki, hazırda Azərbaycanda kabel telelviziyaları lisenziyalar əsasında fəaliyyət göstərir: “Ancaq “İP” televiziya kanalları da eyni formada olmalıdır. Çünki “İP TV”-lər də kabel televiziyasının bir növüdür. Onlar da lisenziyalar əsasında fəaliyyət göstərəcək”. Azərbaycanda milli teleserialların çəkilməsi məsələsinə də toxunan N.Məhərrəmli bildirib ki, teleserialların çəkilməsi üçün dövlət tərəfindən iki dəfə birdəfəlik maliyyə yardımı həyata keçirilib: “Ancaq bu sektor çalışmalıdır ki, özü özünü maliyyə vəsaiti ilə təmin etsin. Bunun üçün də filmlər maraqlı çəkilməlidir. Açığı deyim ki, bu sahədə müəyyən irəliləyiş var. Hazırda “ATV”, “Xəzər TV” və digər televiziya kanallarında yerli teleseriallar çəkilir. Mənə də deyirlər ki, həmin teleseriallara baxanların sayı artır. Ancaq hələ də görüləsi işlər çoxdur”.