“ASLAN İSMAYILOV onların əlində maşaya çevrilib…” - İş adamı vəkilin təhqirlərinə CAVAB VERDİ
“Heydər Əliyevin çörəyi”ndən siyasi divident kimi istifadə etmək hər iki ali dəyərə – həm xalqımızın müqəddəs gördüyü, dini kitabı olan Qurandan belə, üstün tutduğu çörəyə, həm də Ümummilli liderə nankorluqdur. Ən azı ona görə ki, mərhum Heydər Əliyev istər birinci, istərsə də ikinci hakimiyyəti dövründə Azərbaycanın öz sənaye müəssisələrinin yaradılmasını, ölkəni xarici iqtisadi asılılıqdan azad etməyi qarşısına ən böyük məqsəd kimi qoymuşdu. Bu gün onun “çörəyinə” sığınıb duyğu istismarına çalışan Aslan İsmayılov kimi adamlar isə məhz yerli istehsalın zəiflədilməsini, Azərbaycanın qonşu ölkələrdən asılı vəziyyətə düşməsini istəyənlərin əlində vasitəyə çevrilib”. Bu fikirləri “Xəmsə” Holdinqin sahibi, ölkənin tanınmış iş adamı Mürvət Həsənli vəkil Aslan İsmayılovun onunla bağlı təhqirlərlə dolu növbəti açıqlamasına münasibət bildirərkən, Ovqat.com-a açıqlamasında deyib. Qeyd edək ki, Aslan İsmayılov dünən özünün facebook səhifəsində Mürvət Həsənliyə yenidən hücum edərək, onun türkiyəli iş adamı Ömür Oralla mübahisənin istintaqından yayınmaq üçün özünü xəstəliyə vurduğunu bildirib və Heydər Əliyevin “çörəyini yeyən” hüquq-mühafizə orqanlarını öz vəzifələrini ləyaqətlə yerinə yetirməyə çağırıb. Bu zaman vəkil, qarşı tərəfi ən sərt ifadələrlə təhqir etməkdən belə çəkinməyib, hətta bununla da kifayətlənməyərək, “mənim səbrimin həddi var”, deyə, kimlərisə nəiləsə təhdid də edib. Mürvət Həsənli isə iddiaların tamamilə əsassız olduğunu vurğulayaraq, bildirib ki, onu ifadəsini almaq üçün Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə dəvət etmişdilər: “İfadəmi verdikdən sonra isə idarədən ayrılmışam. Axı, mənim üzərimdə hər hansı həbs-qətimkan tədbiri yox idi ki, çölə çıxmaq üçün hansısa bəhanəyə ehtiyacım olsun”. Aslan İsmayılovun irəli sürdüyü ittihamlardan bəzən özünün də heyrətə düşdüyünü, onun savadının bu qədər zəif olduğuna təəccübləndiyini deyən Mürvət Həsənli, hər hansı bir vəkilin bir vətəndaş haqqında fikir bildirəndə hüquq çərçivəsində hərəkət etməsinin vacibliyinə toxundu: “Hüquqda “təqsirsizlik prezumpsiyası” deyilən bir anlayış var. Aslan İsmayılova xatırlatmaq istəyirəm ki, bu anlayışa görə, haqqında məhkəmə hökmü olmayan hər hansı adamı “cinayətkar”, “mafiya babası”, “fırıldaqçı” adlandırmaq qanunən də qadağandır və bu, qarşı tərəfi təhqir etmək, şərəf və ləyaqətinə toxunmaq deməkdir. Bir hüquqşunas kimi Aslan İsmayılov da bu prinsipə əməl etməli, özünün olmasa da, çörəyini yediyi peşəsinin adına, prinsiplərinə hörmətlə yanaşmalıdır. Əks halda çörək adamın burnundan gələr”. Vəkilin öz müvəkkilinin müdafiəsində arqument qıtlığı ilə qarşılaşdığını deyən iş adamı, “xarici investisiya” anlayışının Ömür Oralla bağlı məsələyə heç bir aidiyyətinin olmadığını bildirdi: “Əksinə, Ömər Oral Azərbaycanda yerli istehsala investisiya qoyuluşunun qarşısını almaqda maraqlıdır. Mənim haqqımda irəli sürdüyü ittihamların da əsas məqsədi budur. Mən öz iş təcrübələrimdə də dəfələrlə bu kimi təzyiqlərlə qarşılaşmışam. Nə zaman ki, biz yumurta və cücə yetişdirməyə başladıq, bütün xarici şirkətlər eyni adlı məhsulları maya dəyərindən ucuz qiymətə Azərbaycan bazarına təklif edirdilər. Məqsəd bizi çökdürmək, bazarı yenidən əldə saxlamaq idi. Şükür Allaha ki, biz bu çətin rəqabətdən uğur qazanaraq çıxdıq. Əlləri hər yerdən üzülən Ömür Oral kimi xarici iş adamları indi yerli sənayeçilərimizə olmazın şər-şəmatasını yapışdırmağa çalışırlar. Nə yazıq ki, Aslan İsmayılov da onların əlində maşaya çevrilib”.