“Aslan İsmayılovun ağzını bağlamaq lazımdı” - Jurnalist

Vəkil Aslan İsmayılovun "Bakipost.az” saytına verdiyi müsahibə geniş rezonans doğurub. Müsahibə zamanı Aslan İsmayılov dörd nəfərin məsuliyyətə cəlb olunması ilə bağlı məhkəmə iddiası qaldırdığını, lakin məhkəmənin onun iddialarına baxmaqdan imtina etdiyini söyləyib. Aslan İsmayılovun haqqında məhkəmə iddiası qaldırdığı şəxslərdən biri- tanınmış jurnalist Taleh Şahsuvarlı həmin müsahibədə haqqında söylənilən sözlərə cavab haqqı tanınması üçün redaksiyamıza müraciət edib və əməkdaşımıza qısa müsahibə verib. 

Müsahibəsində bildirib ki, Aslan İsmayılov onun barəsində yalan danışıb:

-  Aslan İsmayılov yaşından utanmadan ağ yalan danışır. Onun əleyhinə iddia qaldırdığı Elçin Mirzəbəyli, Əli Həziquliyev və Niyamməddin Orduxanlıya müxtəlif məhkəmə orqanlarından bildiriş gəlib. Məsələ burasındadır ki, Aslan İsmayılov məhkəmə iddialarında aidiyyat qaydasını pozub. Yəni, Elçin Mirzəbəylinin, Əli Həziquliyevin, Niyaməddin Orduxanlının yaşamadığı və işləmədiyi rayonların ərazisindəki məhkəmələrə müraciət edib. Məsələn, Niyaməddin Orduxanlını Səbail məhkəməsinə verib. Eşitdiyimə görə, Səbail məhkəməsindəki prosesdə hakim də ona deyib ki, sən necə hüquqşünassan ki, bir iddia ərizəsini düzgün yaza bilmirsən? 

 

-  Bəs sizin məhkəmə prosesiniz nə yerdədir? 

-  Bu günə qədər mənə heç bir məhkəmə orqanından bildiriş gəlməyib. Mənim yerim-yurdum bəllidir.  Bu ölkədə ünvanının dəqiqləşdirilməsi ən asan olan adamlardan biri mənəm. Səbirsizliklə gözləyirəm ki, bildiriş gəlsin və gedib Aslan İsmasyılova qarşı əks iddia qaldırım. Çünki mənə böhtan atıb, işgüzar nüfuzuma zərbə vurub, haqqımda təhqiramiz ifadələr işlədib. İctimai mühitdə əxlaq qaydalarını pozan, ictimai dəyərləri bu cür korlayanların ağzını bütün cəmiyyətin önündə vaxtında tikmək, bağlamaq lazımdır. 

- Aslan İsmaylov isə deyir ki, sizlər onu təhqir edirsiniz, üzərinə bir ordu gəlir, o isə tək qalıb...

- Əvvəla onu deyim ki, bu dünyada heç bir müstəqil və normal düşünən adam Elçin Mirzəbəyli, Əli Həziquliyev və bəndeyi-həqiriniz kimi təcrübəli və kəskin qələm sahibini eyni zamanda məhkəməyə verməz. Mənim yazıma gəlincə, hər sətrinə cavabdehəm və bütün sözlərimin üstündə dayanıram. Çünki o yazının ancaq 10 faizi Aslan İsmayılov haqqındadır. Həmin yazıda da ancaq faktlara istinad etmişəm. Mən yazmışam ki, Aslan İsmayılov bir məmurun kabinetində möhkəmcə döyülüb. Bu barədə isə o özü açıqlama verib, kim istəyirsə Google-də axtarış verə və vaxtilə onun özünün qaldırdığı hay-həşirlə tanış ola bilər.

Bilirsiz, mənim son müşahidələrimə görə, bu adam sadəcə təxribatçıdır. İnsanların emosiyası, əsəbləri ilə oynayır. Biz belələrini çox görmüşük deyə, səbrimizi nəzarətdə saxlayırıq. Amma fikir verin, sizin saytda nə deyir: "Mən özümü zorla saxlayıram. İki oğlum var, onları da zorla saxlayıram. Xaricdə yaşasalar da zorla qarşılarını alıram. Arada istəyirəm, gedib öldürəm o alçaqları”. Kimi hədələyirsən, ay qulağı şapalaqlı? Sən kimə, kimlərə "alçaq” deyirsən? Şəxsən mənim bir cümləm sənin bütün ömür yolundan qat-qat yüksəkdir. Sənin özünün də, ermənidən aldığın pullarla qarnını doyurduğun oğullarının da, tütəyi olduğun adamların da mənim kimi halal, dürüst, türk kişilik kodeksləri ilə yaşayan adamlar olmağınız mümkünsüzdür. 

-   Siz Aslan İsmaylovu nədə ittiham edirsiniz? 

- Aslan İsmayılovun keçdiyi ömür yolu onun sinəsinə asılmış ittihamnamədir. Bizim xüsusi ittihamımız yoxdur. O, Azərbaycana imperiya müstəntiqi kimi gəlib. Gələr-gəlməz ermənilərə xoş görünmək üçün Sumqayıt hadisələrinin məhkəməsində bir eloğlumuza güllələnmə tələb edib. Elçibəyin zamanında Prezident Aparatında işləyib, ancaq həmin komanda ilə birgə istefa verməyib, yeni hakimiyyətə yaltaqlanıb. Ancaq mərhum Heydər Əliyev təcrübəli dövlət adamı idi, onun hansı yuvanın quşu olduğunu yaxşı bildiyindən qapını göstəriblər. İndi gəncləri aldadır, özü haqqında əsatirlər uydurur. Gəncləri aldadır ki, heç bir partiyanın, siyasi qrupun üzvü olmayıb. Ağ yalandır! "Ədalət” Partiyasının sədri, gerçəkdən sanballı insan olan İlyas İsmayılovun oğlu Etimad İsmayılov onun bu yalanlarını çox nəzakətli çərçivədə ortaya çıxardı. ADP-nin və Ədalət Partiyasının, Ziyalılar Forumunun, Milli Şuranın üzvü olub. Vaxtı ilə kommunist bileti daşıyıb. Partiya üzvü olmaq, hansısa hərəkatda təmsil olunmaq qəbahət deyil. Ancaq camaatın gözünə kül üfürmək, ağ yalanlar danışmaq bu yaşda adam üçün, yumşaq desək, yolverilməzdir.

 2013-cü ildəki prezident seçkiləri ərəfəsində Rüstəm İbrahimbəyov avantürasını xalqa, cəmiyyətə sırıyanlardan biri də o idi. Buna görə nə zaman üzr istəyib cəmiyyətdən? Üzür əvəzinə çıxıb xalqın üzdə olan şəxslərinə qarşı cəbhə açır. 

Bu adam təkcə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə, AVP sədri Fəzail Ağamalı ilə, iş adamı Mürvət Həsənli ilə, AMİP sədri Etibar Məmmədovla konfliktdə deyil. Eyni zamanda AXCP sədri Əli Kərimliyə, Müsavatın sabiq başqanı İsa Qəmbərə də "ilişir”.  Azərbaycan hakimiyyətində, Prezident Administrasiyasında ən hörmətli, xalqa yaxın, peşəkar məmurları hədəfə alır”. 

 






Fikirlər