Rəhim Qazıyevlə Aslan İsmayılov arasında qalmaqal

Rəhim Qazıyevlə Aslan İsmayılov arasında qalmaqalRəhim Qazıyevlə Aslan İsmayılov arasında qalmaqal











Rəhim Qazıyev: «Aslan, adına və hüquqşünaslıq peşəsinə hörmət et. Ya debata gəl, ya da ki...»

“Azadlıq” qəzetinin 25.11.2014 cü il sayında tanınmış vəkil Aslan Ismayılovun PA rəhbəri Ramiz Mehdiyevə açıq məktubu dərc olunub. Həmin məqalədə keçmiş müdafiə naziri Rəhim Qaziyevlə bağlı fikirlər də səsləndirilib.

Rəhim Qaziyev “Azadlıq”a məktub göndərib və haqqında deyilənlərin yanlış olduğunu bildirib.

“Aslan, adına və hüquqşünaslıq peşəsinə hörmət et. Ya debata gəl, ya da ki...” başlıqlı məqalədə yazılır:


“Moderator.az və ”Azadlıq" qəzetinin 25.11.2014 tarixli sayında vəkil Aslan Ismayılov Ramiz Mehdiyevə yazdığı “açıq məktubda” adəti üzrə mənim də adıma duz salmağı unutmayıb. Aslan Ismayılov yazır: “Qısa müzakirədən, 17 avqust 1993-cü il tarixdə Milli Məclisin canlı yayımında Rəhim Qazıyevin rəhmətlik Heydər Əliyevin ünvanına səsləndirdiyi təhqirlərə elə oradaca, əksəriyyətin qorxudan susduğu vaxtda, həyatımla risk edib cavab verdiyimi yada saldıqdan sonra, hansısa bir anlaşılmazlıq olduğunu və tezliklə vəzifəmə qaytarılacağımı dediniz”.

Rejim sahibindən nə isə bir imtiyaz qoparmaq üçün mənim adımı hallandırmağı Aslan Ismayılov artıq özünə peşə edib. Bu adam hələ də anlamır ki, şəxsiyyətinə hörmət edən insanın qibtə ediləcək xüsusiyyətlərindən biri, deyərdim ki, birincisi qərəzsiz, təmənnasız, doğru və düzgün olmasıdır. Özündən həddindən çox razı olan cənab A. Ismayılov həmişə özünü cəmiyyətə olduğu kimi yox, arzuladığı kimi təqdim etməyə çalışır. Bu saxtakarlığınız isə həmişə istədiyiniz nəticəni vermir. Bir çox hallarda da bumeranq kimi öz başınıza dəyir. Yuxarıda qeyd etdiyim kiçik parçada “bir az qeyri dəqiqliyə” yol vermisiniz. Istifadə etdiyiniz faktlarda yanlışlığa, təhrifə, qərəzə, yol vermək sizin kimi peşəkar hüquqşünasa hörmət gətirə bilməz. Mənimlə əlaqədar 1993-cü il Milli Məclisin 17 avqust iclasından xatırlamanızda bilərəkdən və ya bilməyərəkdən yenə də “xəta”ya yol verirsiniz.

Cənab Ismayılov, qeyd etdiyiniz Milli Məclisin iclasında Heydər Əliyev və mənim aramda qarşıdurma 1993-cü il avqustun 17-də yox, həmin ayın 16-da yaşanıb. Açıq məktubunuzda qeyd etdiyinizdən fərqli olaraq, “çox qiymətli həyatınıza” zərrə qədər təhlükə olmadan, əksinə mənim ünvanıma nəinki hüquqşünasa, hətta kalxoz briqadirinə yaraşmayan tərzdə tükürpədici uydurulmuş yalanları tamamilə sübuta yetirilmiş cinayət əməli kimi təqdim etmişdiniz. 12 dəqiqəlik həmin çıxışınızı 17 avqust 1993-cü il tarixində etmisiniz. Deputat olmadığınız halda siz Aslan Ismayılov Parlamentin 17 avqust 1993-cü il iclasında çıxış etdiniz. Sizə şərait yaradan şəxlər sizi tamamilə əmin etmişdilər ki, bu çıxışınızdan sonra Heydər Əliyev sizə prokurorluq və ya məhkəmə orqanlarında rəhbər vəzifələrdən birini verəcək. Elə ona görə də həmin çıxışınız zamanı ən azı 2 dəfə vurğuladınız ki, siz siyasətçi deyilsiniz, hüquqşünassınız. Həmin çıxışınızda dediniz ki, Şuşanın, Laçının işğalında Rəhim Qazıyevin cinayəti, xəyanəti 100 faiz sübuta yetirilib. Qeyri- qanuni silahlı dəstələrin, gizli həbsxanaların, orada aylarla qeyri-qanuni həbsdə saxlanılan günahsız insanların zülmə məruz qalması tam təsdiqini tapıb. Sonra da vurğuladınız ki, Rəhim Qazıyev Azərbaycan Cinayət Məcəlləsində olan maddələrin ən azı 50 faizi ilə ittiham edilib məhkum oluna bilər.

Lakin Aslan Ismayılov tərəfindən sadalanan, Rəhim Qazıyev tərəfindən “törədilən” bu ağır cinayətlər onu o qədər də qəzəbləndirməyib. Aslan Ismayılovu gəlib parlamentdə çıxış etməyə məcbur edən əsas səbəb isə Rəhim Qazıyevin “El Ağsaqqalı” Heydər Əliyevi ağır şəkildə təhqir etməsi olub. Aslan Ismayılov bu şər, böhtan, qərəz dolu çıxışınızın sonunda yəqin ki, artıq özünüzü çox qısa müddətdən sonra prokurorluq və ya məhkəmə orqanlarında rəhbər kürsülərinin birində görürdünüz. Uca Allah müdriklərimizə min rəhmət eləsin, yaxşı deyiblər: “sən saydığını say, gör fələk nə sayır”.

17.08.1993-cü il tarixli “anoloqu olmayan çıxışınızda” əlverişli məqamdan istifadə edərək Heydər Əliyevdən yağlı bir vəzifə almaq şəhvəti gözünüzü necə kor etmişdisə, hüquqşünas olduğunuzu belə unudaraq, ibtidai və məhkəmə istintaqı aparılmadan parlament kürsüsündən mənə birbaşa qətl hökmü oxumağa başladınız. 21 il öncə parlament tribunasını məhkəmə zalı ilə dəyişək salıb, mənə ölüm hökmü oxuyan, özünü ədalətli hüquqşunas adlandıran Aslan Ismayılovu dəfələrlə barəmdə söylədiyi “sübuta yetirilmiş cinayətlərini” məhkəməyə şahid qismində gəlib ifadə verməsini tələb etsəm də ifadə verməkdən imtina edib. Ünvanıma böhtan yağdırmaqda davam edən Aslan Ismayılov parlamentdəki 12 dəqiqəlik çıxışını “youtube”də yerləşdirdi. Dəfələrlə onu debata dəvət etsəm də gəlmədi. 21 ildən sonra Ramiz Mehdiyevə yazdığı açıq məktubda həmin çıxışı yenidən xatırlatmaqda Aslan Ismayılovun hansı məqsədlər güddüyü anlaşılmır. Aslan Ismayılov bir daha sənə müraciət edərək debata dəvət edirəm. Ya buyur debata gəl, ya da birdəfəlik ağzını möhürlə.

P.S. Ey vətənpərvərlik , vicdanlı, əqidəli, hüquqşünaslıq iddiası ilə qeyrilərinə meydan oxuyan, mənəviyyat dərsi deyən Aslan Ismayılov. Ramiz Mehdiyevə yazdığın açıq məktubda mənim adımı hallandırmağın sənə heç bir xeyir gətirməyəcək. Akademik sənin hansı yuvanın quşu olduğunu yəqin ki, səndən yaxşı bilir. Sənin indiki durumun mənə Səməd Vurğunun “Vaqif” mənzum dramından Şah Qacarla vəzirinin arasındakı kiçik bir səhnəciyi xatırladır. Vəzir Şah Qacarın əhval ruhiyyəsini yaxşılaşdırmaq, ondan nə isə qoparmaq məqsədi ilə “komadan-komaya uçan xınalı kəklikdən” danışır. Şah Qacar vəzirinə tərs-tərs baxaraq deyir:

Vəzir, bu sözlərin nə mənası var?

Vəzir:
Dedim ki, qəlbiniz yumşalsın bir az.

Qacar:
Yaramaz döyüş meydanında kəklik ovlamaq!
Bir bax qılıncımda qanlara bir bax!
Min mələk uçsa da gülümsəyərək,
Gərək yumşalmasın cəbhədə ürək!

Ay Aslan Ismayılov, sən keçən 21 ildən artıq bir müddətdə hələ də başa düşməmisən ki, bu rejimin sahibləri səni səndən də yaxşı tanıyırlar! Xidmətlərinizi təkrar-təkrar xatırlatmağa ehtiyac yoxdur.






Fikirlər