“Nə cümhuriyyətçiləri tanıyırdıq, nə də BAYRAGIMIZI”

Müstəqillik dövrünün adamlarıyıq. Deməli, həm də şanslıyıq. Tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza, dövlətçilik dəyərlərimizə sahib çıxmaqla yanaşı, həm də tarixi kökümüzü araşdırmaq, öyrənmək, öyrətmək üçün qarşımızda əngəl yoxdur.

Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi qeyd olunacaq. Dövlət adamından tutmuş sıravi vətəndaşa kimi hamımız Cümhuriyyət tarixinə köklənmişik.

Bəs Sovet dövründə təhsil almış ziyalılarımız AXC dövrünü, onun qurucularını necə tanıyıb? Sovet dərsliklərində Cümhuriyyət dövrümüz necə işıqlandırılıb?

Modern.az saytı bir neçə ziyalıdan münasibət öyrənib.
“Ayna-Zerkalo” qəzetinin rəhbəri Elçin Şıxlı Sovet dövründə orta məktəb illərində Cümhuriyyət tariximizin  dərsliklərə salınmadığını deyib.

“ O dövr və qurucular barədə təsəvvürümüz belə, yox idi. Bununla bağlı yadımda qalan bir şey olmayıb. Sonra biz böyüdük, kitablar oxumağa başladıq, fərqli düşüncəli insanlarla ünsiyyətdə olduq. Bu formada Cümhuriyyətimiz barədə bilgilər əldə edə bildik. Amma Sovet dərsliklərində vəziyyət ürəkaçan deyildi. Son dövrlərə qədər bayrağımızın hansı formada olduğundan da xəbərimiz yox idi. Ancaq 1980-ci illərin əvvələrində Cümhuriyyət tariximiz, bayrağımız haqda xəbər tutmağa başladıq”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da Sovet dərsliklərində AXC tarixinin işıqlandırılmamasından danışıb.

“10-cu sinfin “Azərbaycan tarixi” dərsliyində Azərbaycanın müstəqillik, Cümhuriyyət dönəmi demək olar ki, yox idi. Sovet dövründə Azərbaycan dərsliklərində 1917-ci ildən birbaşa 1920-ci ilə keçid edilirdi. 1918-1919-cu illərə toxunulmurdu. Müxtəlif ədəbiyyatlarda, tarixlə bağlı kitablarda Müsavat aralığı dövrü burjua dövrü kimi xarakterizə olunurdu. Hətta, Cümhuriyyət dövrü ilə bağlı  məlumat verməyə müəllimlərimiz də diqqət yetirmirdilər. Sanki bu dövr Azərbaycan tarixində heç olmayıb. Hətta, yadımdadır ki, nənəm bizə bilgilər verirdi. O, həmin dövrə “hürr dövrü”, “hürriyyət zamanı” deyirdi. Biz “hürr dövrü”nün nə demək olduğunu soruşanda, o, belə danışırdı. “Osmanlılar gəldi və ermənilərə qarşı mübarizə apardı. Bununla da Azərbaycanda hürriyyət yarandı”.

 






Fikirlər