AZƏRBAYCAN XALQ Cümhuriyyətinin işğalından 96 il ötür

Azərbaycan Xalq Cümhuriyyətinin işğalından 96 il ötür

Nəsiman Yaqublu: “Bakıda olan türk zabitləri ruslarla danışıqlara getdilər”

 
Dilavər Əzimli: “Azərbaycanın hüquqi var ki, İrəvanı qaytarsın”
Azərbaycan Xalq Cümhuriyyətinin işğalından 96 il ötür. 1920-ci il aprelin 27-də yerli kommunistlərin dəstəyi ilə XI Qırmızı Ordunun 23 aylıq gənc dövlətimizə qarşı təcavüzü cümhuriyyətimizin işğalı ilə nəticələndi. Bununla da Azərbaycanda 71 il davam edən sovet rejiminin hökmranlığı başladı. 
Həmin dövr tarixinin əsas araşdırıcılarından olan Bakı Dövlət Universitetinin müəllimi, tarixçi alim Nəsiman Yaqublu “Yeni Müsavat”a açıqlamasında Cümhuriyyətimizin işğalını belə şərh etdi: “Aprelin 27-də Cümhuriyyətimizin işğalının bir neçə səbəblərini sadalamaq mümkündür. Birincisi daxili, ikincisi xarici səbəblərdən baş verib. Üçüncü səbəb buradakı bolşevik azərbaycanlıların davranışları ilə bağlıdır. Daha bir səbəb də burada olan türk zabitləri və əsgərlərinin fəaliyyəti ilə bağlıdır. Əvvəla, işğal tarixi 28 aprel deyil, 27 apreldir. Uzun illər xalqı əsl həqiqətlərdən yayındırmaq üçün yalan xəbərlər verdilər ki, guya Azərbaycan aprelin 28-də işğal olunub. Əslinə qalsa, bu tarixdə sovet hakimiyyəti qurulub. Bunu özləri də etiraf edirlər. Aprelin 26-dan 27-nə keçən gecə sovet ordusunun hissələri Azərbaycan sərhədini keçiblər. Bu, birbaşa işğaldır, Azərbaycanda sovet hakimiyyətinin qurulması deyil. Mövcud rejimi devirib, Azərbaycanda amansız bir terror rejimi yaratdılar. Burada Cümhuriyyətimizi devirməkdə əsas maraqlı qüvvə bolşevik Rusiyası idi. Rusiya yaxınlığında müstəqil dövlətin olmasını istəmirdi. Bura keçmiş Çar Rusiyasının ərazisi kimi yanaşırdı. Bölünməz Rusiya ideyası ilə çıxış edirdilər. Çalışırdılar ki, Azərbaycanın sərvətinə və neftinə sahib olsunlar. Əvvəl ermənilərin, sonradan özlərinə uyğun bolşeviklərin əli ilə bunu həyata keçirməyə başladılar”.
Tarixçi alim Azərbaycan xalqının rus işğalını müqavimətlə qarşıladığını da qeyd etdi: “Azsaylı ordumuz 60-70 minlik XI Qırmızı Ordu hissələrinə qarşı mübarizə aparmaq gücündə deyildi. Amma XI Qırmızı Ordu sərhədimizə daxil olanda 1500-ə yaxın silahlı qüvvələrimiz onlarla döyüşdülər. O döyüşlərdə onların çoxu həlak oldu. Bu haqda da heç nə yazılmır. Deyirlər ki, guya Qırmızı Ordunu əhval-ruhiyyə ilə qarşılamışıq. Hətta bununla bağlı ”20 Yanvar" metro stansiyasının yaxınlığında heykəl də ucaltmışdılar. Qətiyyən belə deyil. XI Qırmızı Orduya qarşı döyüşlər gedib. Nə qədər insan bu döyüşlərdə həlak olub. Sadəcə olaraq, erməni faktoru burada mühüm rol oynayıb. Ermənilər daim satqın mövqedə olublar. Bolşevik Rusiyasının Qafqazda vassalları kimi çıxış ediblər. Həmin vaxt onlar rus bolşevikləri ilə əlaqəyə girərək, Qarabağda qiyam qaldırdılar. Biz də məcbur olub, ordu hissələrimizi Qarabağa apardıq. Nəticədə Xaçmaz, Yalama tərəfdən sərhədlərimiz boş qaldı. Azərbaycanlı bolşeviklər də o dövrdə xəyanət yolunu seçdilər. Onlar düşünürdülər ki, sovet rejiminin qurulması ilə xalqımız xoşbəxt olacaq. Səbəblərdən biri də həmin vaxt Bakıda olan türk zabitlərinin ruslarla danışıqlara getməsi olub. Bolşeviklər onları aldatdılar ki, Türkiyəyə köməyə gedirik, amma Xalq Cümhuriyyəti buna imkan vermir. Türk zabitləri hökumətdən tələb etdilər ki, imkan verin XI Qırmızı Ordu buradan Türkiyəyə getsin. İki gün eyni vaxtda Bakıda türk və bolşevik bayraqları yanaşı gəzdi. Bununla əhalini çaşdırdılar ki, guya bura girən rus bolşevikləri yox, türk  zabitləridir. Sonradan bolşeviklər həmin türklərə qadağan etdilər ki, burada türk bayrağı gəzdirmək, türk adından çağırış etmək qadağandır. Həmin türk zabitlərinin hətta bəziləri aradan götürüldü, bəziləri də ölkədən getdilər. Sonradan Türkiyədə keçirilən istiqlal məhkəməsində həmin türk zabitlərindən olan Xəlil Paşanın qohumu Tələt Paşa bildirdi ki, biz həmin vaxt düzgün mövqe tutmadıq, bu da Azərbaycan hökumətinin devrilməsinə imkan yaratdı. Cümhuriyyətə verilən 12 saatlıq ultimatumdan sonra hakimiyyət bolşeviklərə 6 şərtlə təhvil verilirdi. Bu şərtlərə bolşeviklər əməl etsəydilər, bu cür qəddar rejim yaranmazdı. Həmin şərtlər bunlardır: Azərbaycanda heç bir siyasi partiya fəaliyyətinə görə təqib edilməyəcək, siyasilərə qarşı təqib olmayacaq, bu şərtlər altında Azərbaycanın müstəqilliyi müəyyən dərəcədə qorunur. Amma təəssüflər olsun ki, şərtlərə əməl olunmadı, Azərbaycan işğal altında qaldı. Birpartiyalı amansız rejim yaradıldı. Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, Cümhuriyyət qurucularına qarşı amansız qisasçılığa başladılar. 150-yə qədər silahlı üsyan baş verdi. Bu mübarizədə minlərlə insan həlak oldu".
Cümhuriyyətimizlə bağlı gündəmə gələn bəzi tarixlərin fonunda daim bir məsələ də aktuallaşır. Bu, 1918-ci il mayın 28-də yaranan Xalq Cümhuriyyətinin İrəvanı ermənilərə təhvil verməsidir. Mayın 29-da əzəli torpağımız olan İrəvanın ermənilərə 99 il müddətində icarə əsasında verildiyi deyilir. Bunu nəzərə alsaq, bir il sonra həmin müddət bitir. Azərbaycan hökumətinin bununla bağlı atmalı olduğu addımlar maraq doğurur. 
Hazırda düşmən ölkənin paytaxtı olan tarixi ərazimizi geri qaytarmaq mümkündürmü?
Tarixçi alim Dilavər Əzimli İrəvanın 99 il müddətində icarə əsasında ermənilərə verildiyi barədə bir fakta rast gəlmədiyini bildirdi: “Heç bir protokolda, tarixi sənəddə bununla bağlı fakt yoxdur. İrəvanın verilməsi həmin dövrdəki situasiya ilə bağlı idi. Amma orada şərtlər var. Bu şərtlər daxilində məsələ həllini tapmalı idi. Amma ermənilər buna əməl etmədilər. Bu mənada Azərbaycanın hüquqi var ki, İrəvanı qaytarsın. Hesab edirəm ki, qaytaracaq da. Həmin vaxt İrəvan quberniya kimi Rusiyanın tərkibində idi. Bu gün bu günə baxıb, həmin tarixi belə də düşünmək ədalətsizlik olar. Tarixə həmin gündən yanaşmaq lazımdır. İrəvanın verilməsinə hamımız üzülürük, amma nəzərə alaq ki, bu olmasaydı, bu günkü Azərbaycan dünya xəritəsində olmayacaqdı. Fürsətdən istifadə edib, qəzetiniz vasitəsilə həmin dövrü araşdıranlara müraciət edirəm, bu günə baxıb, məsələyə bu prizmadan yanaşmasınlar. Hələ də düşmənin yazdığı tarixin təsirindəyik”.
AzerTaym.az






Fikirlər