31 MART-Azərbaycanın ölüm-dirim günü

31 MART-Azərbaycanın ölüm-dirim günü20 minlik erməni ordusu soyqırıma başlamaq üçün kiçik bir bəhanə axtarırdı....

Azərbaycan Ermənilər 1918-ci ildə Bakıda təşkil etdikləri 31 mart qırğını zamanı azərbaycanlıları qəfil yaxalamışdılar. Həmin günlərdə Bakıda bir nəfər də müsəlman əsgəri olmadığı halda, şəhərdə 20 minə yaxın erməni silahlısı var idi.


Hadisələrin gedişi təhlil edildikcə görmək olur ki, soyqırımın təşkilatçısı, Bakı Kommunasının rəhbəri Stepan Şaumyan qırğına çoxdan hazırlaşırmış. Şaumyan ilk öncə əsasən Qafqaz müsəlmanlarından təşkil edilmiş və sayı 1400-ə çatan «Vəhşi diviziya»nın Bakıdan çıxarılmasına nail olmuş. Daha sonra müxtəlif cəbhələrdən 7 minə yaxın erməni əsgəri dəvət edərək Bakı kommunasının silahlı birləşməsi olan Qırmızı Qvardiyaya birləşdirmişdi. Həmin əsgərlər gələnə qədər «Daşnakustyun»un qüvvələri ilə birlikdə Bakıda 12 min yaxın erməni əsgəri var idi. 20 minlik erməni ordusu şəhərin silahsız müsəlman əhalisinə qarşı soyqırıma başlamaq üçün kiçik bir bəhanə axtarırdı.

Stepan Şaumyan soyqırımdan azacıq sonra, 1918-ci il aprelin 13-də Rusiya kommunistlərinin lideri Vladimir İliç Leninə yazdığı məktubunda bu bəhanəni çox asanlıqla tapdığını yazmışdı: "Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... Daşnaksütyunun" da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik. Bakını ələ almasaydıq, o, Azərbaycanın paytaxtı elan ediləcəkdi".

31 MART-Azərbaycanın ölüm-dirim günüMəsələ aydın idi, Şaumyan azərbaycanlıların mədəni mərkəzi olan Bakının Azərbaycanın paytaxtına çevrilməsinin qarşısını almağa çalışırdı. Buna görə də həm Bakıda, həm də Bakıya yaxın olan Quba, Şamaxı, Salyan və Lənkəran şəhərlərində türk-müsəlman əhalini tamamilə qırmaq niyyətində idilər. Daha sonra Qarabağ erməniləri ilə birləşərək Gəncə üzərinə hücum edəcəkdilər. Beləliklə, 31 mart Azərbaycan xalqı üçün ölüm-dirim gününə çevrildi. Əli silahsız türk-müsəlman əhali Birinci Dünya müharibəsində dörd il döyüşmüş erməni birlikləri ilə mübarizədə yalnız qaldı. Lakin həmin günlərdə min illər boyu müxtəlif imperiyalara titul millət olmuş Azərbaycan xalqı sübut etdi ki, onu tarixin səhnəsindən bu cür xəyanət həmlələri ilə silmək mümkün deyil. Bakıda milyonçu Şəmsi Əsədullayevin oğlu, Hacı Zeynalabidin Tağıyevin kürəkəni olan Əli Əsədullayevin başçılığı altında «Vəhşi Diviziya»nın azərbaycanlı əsgərləri ölüm-dirim mübarizəsinə başladılar. Bakı qoçuları, həmçinin şəhərin əli silahlı oğulları Əli Əsədullayevin ətrafında birləşdilər. Həmin günlərdə Bakıda 500-dən artıq mülki şəxs silaha sarıldı. Böyük öndər, milliyyətçi demokrat Məmmədəmin Rəsulzadə və Azərbaycan kommunistlərinin başçısı Nəriman Nərimanov müxtəlif cəbhələrdə olsalar da, ermənilərin təşkil etdiyi bu soyqırımı dayandırmaq üçün ciddi fəaliyyətə başladılar. Ermənilər Bakının müxtəlif məhəllələrində minlərlə adamı öldürsələr də, İçərişəhərə girə bilmədilər.

Həmçinin Bakı kəndlərindən başlanan müqavimət hərəkatı ermənilərin Əmircan kəndində dayandırılması ilə nəticələndi. Hadisə zamanı Azərbaycanda yaşayan digər qardaş xalqlar - tatlar, talışlar, kürdlər, ləzgilər, avarlar, saxurlar və dağ yəhudiləri Azərbaycan türkləri ilə çiyin-çiyinə erməni işğalçılarına qarşı vuruşdular. Azərbacan türkləri ilə yanaşı Aslan bəy Qardaşovun başçılığı altında ləzgi, saxur və avar igidləri də Bakıda erməni işğalçılarına qarşı vuruşdular. Qubada Əli bəy Zizikskinin rəhbərliyi altında türklər, tatlar və başqa xalqlar erməni başkəsən Amazaspın dəstələrinə qarşı birgə savaşdılar. Zəngəzurun qəhrəman oğlu Xosrov bəy Sultanov kürdləri və türkləri öz ətrafına toplayaraq erməni general Andranik Ozanyana, Dağlıq Qarabağ seperatçılarına qarşı böyük mübarizə aparmışdı və regonun müsəlman əhalisini soyqırımdan xilas etmişdi. Şaumyanın başçılıq etdiyi erməni daşnaklar Lənkəranda da bir çox talış və türk kəndlərini yandırmışdı. Regionun əhali birləşərək şəhərə yaxınlaşan Azərbaycan ordusu birləşərək daşnakları regiondan qovmuşdu. Bütün bunlara baxmayaraq mart qırğınları zamanı 20 minə yaxın azərbaycanlı qətlə yetirilmişdi. Hadisələrin şahidi olan Nəriman Nərimanov yazırdı ki, ermənilər hətta kommunist müsəlmanları belə öldürürdülər: «Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər». Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazıb: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”. Ermənilər müsəlmanlarla yanaşı dağ yəhudilərinə də aman vermirdilər. Həmin günlərdə Qubada 120-dən çox yəhudi də erməni gülləsinə qurban getmişdi.

Bakını erməni işğalından 1918-c il mayın 28-də Gəncədə elan edilmiş Azərbaycan Demokratik Respublikasının ordusu xilas etdi. Əli ağa Şıxlinski və Səməd bəy Mehamandarov tərəfindən yaradılmış ordu Bakının işğaldan azad olmasını qarşısına məqsəd qoydu. Türk general Nuru paşa il yanaşı, azərbaycanlı genaral Həbib Səlimov Bakını azad edən Qafqaz İslam ordusuna komandirlik etdi. 1918-ci il sentyabrın 15-də Şimali Azərbaycanın paytaxtı hürriyyət bayrağı qaldırdı. Sonradan Həbib bəy Səlimovun rəhbərlik etdiyi Azərbaycan ordusu Lənkəranı və Qarabağı da erməni işğalından xilas etdi.


31 MART-Azərbaycanın ölüm-dirim günü






Fikirlər