06.08.2014- "Ermənilər meyit daşıyır... 80 itki veriblər"-General Rövşən Əkbərov

06.08.2014- "Ermənilər meyit daşıyır... 80 itki veriblər"-General Rövşən ƏkbərovORDU GENERALI SENSASİON AÇIQLAMALAR VERDİ

Azərbaycanın Milli Qəhrəmanı, Müdafiə Nazirliyinin Şəmkir Ordu Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov cəbhə xəttində baş verən son hadisələrə münasibət bildirib.

Ordu komandiri R.Əkbərov açıqlamasında deyib ki, Ermənistan tərəfi cəbhədə verdiyi böyük sayda əsgər itkisini gizlədir:

"Cəbhənin düşmən tərəfində yerləşən kəndlər köçürülüb. Hətta, onların qondarma baş naziri də öz çıxışında bunu etiraf edib. Ermənilər bizim postlarımızı vura bilmirlər. Ancaq kəndlərimizə güllə atırlar. Ermənilərin Azərbaycan əsgərləri ilə vuruşmağa hünərləri çatmır. Ona görə də onlar kəndlərimizi və mülkü sakinlərə atəş açırlar. Ermənilər bütün günü Tovuzun Əlibəyli və Qazaxın bir neçə kəndlərinə atəş açırlar. Ancaq Azərbaycan ordusunun əsgərləri onların layiqli cavabını verir və ermənilər yerindəcə susdurulur. Bu gün ermənilərin itkisi bizdən qat-qat çoxdur. Ancaq ermənilər öz itkilərini gizlədir. Hətta, Ərəbistandan gələn xüsusi erməni taborunun başçısı, erməni terrorçusu Monte Melkonyanın "sağ əli” olmuş Aram Qriqoryan bu yaxınlarda bizimkilər tərəfindən Murovdağda vuruldu. Ermənilər onun ölümünü istəsələr də, mətbuatdan gizlədə bilmədilər”.

R.Əkbərov qeyd edib ki, erməni tərəfi minaatan, iriçaplı və "BTR” silahlarından da Azərbaycan tərəfinə, o cümlədən kəndlərə atəş açırlar:
"Ancaq biz yenə də səbr edirik, istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Ordumuzda yüksək əhval-ruhiyyə var. Bu gün hər bir əsgərimiz Ali Baş Komandanın əmrini gözləyir. Müharibəyə başlasaq, ən tez müddətdə torpaqlarımızı işğaldan azad edəcəyik”.

General-leytenant R.Əkbərov həmçinin deyib ki, avqustun 6-da cəbhənin Qazax-Tovuz istiqamətində ermənilər itki veriblər:

"Bu gecə də erməni hərbiçilərinin avtomobilləri erməni postu tərəflərə gəlib-gedib, meyid daşıyıblar. İyulun 19-dan 26-adək isə ermənilər ən azı 50-dən çox itki verib, 60-a yaxın isə yaralısı olub. İyulun 27-dən sonra, avqustun 2-dək isə ermənilər 21 nəfər itki verib, 26 nəfər isə yaralanıb. Bunlar dəqiq məlumatlardır. Ancaq erməni tərəfi bu məlumatları öz mətbuatından da çıxartdırıb və gizlədir. Ümumilikdə isə ermənilər ötən ayın 19-dan bu ayın 2-dək 80-ə yaxın itki verib”.

R.Əkbərov son günlər cəbhədə şəhid olmuş Azərbaycan ordusunun hərbiçilərinin ailələrinə özünün də iştirakı ilə ordenin təqdim olunmasından da danışıb:

"Bu mənim borcumdur. Onların övladları mənim də balalarımdır. Onlar bizim balalarımızdır. Biz hər zaman onların ailələrinin yanında olmalıyıq. Onlar ataları bizim uğrumuzda, torpaqlarımız və ərazi bütövlüyümüz uğrunda şəhid oldular. Biz onların intiqamlarını alırıq və gələcəkdə də alacağıq. Biz onlarla fəxr edirik və hər zaman onların ailələrinin yanında olacağıq”.






Fikirlər