"ADR qalsaydı, Bakı Parisdən gözəl olardı" - MÜSAHİBƏ

"ADR qalsaydı, Bakı Parisdən gözəl olardı" - MÜSAHİBƏSabiq təhsil naziri, istiqlalçı deputat Firudin Ağasıoğlu (Cəlilov) 28 may Cümhüriyyət Günü münasibətilə Teleqraf.com-un suallarını cavablandırıb. O, öncə bu tarixi günün əhəmiyyətindən danışıb:

- Hər bir xalqın, dövlətin həyatında əhəmiyyətli tarixi, siyasi günlər olur. Azərbaycanın siyasi tarixində ən əhəmiyyətli hadisələrdən birincisi, mən deyərdim ki, Azərbaycan Cümhuriyyətinin yaradılmasıdır. Üzərindən uzun illər keçsə də, 28 May öz əhəmiyyətini qoruyub saxlayır. 1918 və 1991-ci illərdə qazandığımız müstəqillik tariximizin ən şanlı səhifələridir. Biz Azərbaycanın İstiqlal Bəyannaməsini yazanda indiki respublikamızı cümhuriyyətin varisi kimi qeyd etdik. 28 Mayı gənclər arasında kifayət qədər təbliğ edə bilməmişik. Düzdür, 28 May qeyri-iş günüdür, amma aparılan təbliğatın səviyyəsi məni qane etmir. Təkcə qadınlara verilən səsvermə hüququna görə AXC-nin qurucularına nobel mükafatı düşür. Baxın, Avropa dövlətlərinı, qadınlara səsvermə hüququnu sonrakı illərdə, hətta 50-ci illərdən sonra veriblər. Görün, Məmmədəmin Rəsulzadəgil nə qədər böyük iş görüblər. Bu mənada 28 May dünya səviyyəsində əhəmiyyət kəsb edir. AXC yaranan kimi universitet yaradıldı, 100-ə yaxın tələbə xaricə göndərildi, ordu yaradıldı, türk dili rəsmi dil elan olundu, latın əlifbasına keçildi və s. Demokratik ölkə olaraq Azərbaycan o zaman üzərinə düşən vacib işləri görmüşdü. Ona görə də, Qərbdə 28 May Gününə maraq böyükdür. Mənim yadımdadır ki, 1980-ci illərin əvvəllərində Azərbaycana yapon alimi gəlmişdi. O, bizə AXC haqqında geniş məlumat verdi. Yəni bizim tarixi bizdən yaxşı bilirdi. Təəssüf ki, biz cümhuriyyətin dəyərini bilmirik. Məmmədəmin kimi şəxsiyyətin heykəli hələ də yoxdur. Biz cümhuriyyəti quranların qarşısında mənəvi öhdəlik daşıyırıq. Mən o insanların tarixini araşdıranda dəhşətə gəlirəm. 10-15 adam olublar, amma çox böyük işlərə girişiblər. Şahtaxtlının 1902-ci ildə dilçiliklə bağlı yazdığı kitab hələ də təhsil müəssisələrində tədris olunur. Keçmişimizə xor baxsaq, gələcəyimizi qura bilmərik.

- Azərbaycanda hələ də SSRİ-nin xiffətini çəkənlər var. Qeyd edirlər ki, Azərbaycanın inkişafı daha çox sovet Rusiyasına bağlıdır. Necə hesab edirsiz, AXC devrilməsəydi, Azərbaycanın inkişafı hansı səviyyədə olardı?
- Mən əminliklə bildirirəm ki, əgər sovet Rusiyası Azərbaycanı işğal etməsəydi, biz daha sürətlə inkişaf edərdik. AXC qalsaydı, Bakı şəhəri Parisdən gözəl olardı. 20-ci əsrin əvvəllərində Bakıda tikilən binalar daha cəlbedici görünür, nəinki indiki tikililər. Təsəvvür edin ki, işlər o səviyyədə davam etsəydi, neftə nəzarət milli hökumət və ya burjaziyada qalsaydı, indi inkişafımız hansı pillədə olardı. Ruslar Azərbaycanı işğal edəndən sonra, 5-6 il keçmiş gələnəklərə dəymədilər. Amma sonradan işğalçı qüvvələr Azərbaycanı Rusiyanın əyalətinə çevirdilər. Biz dəyərlərimizi itirməyə başladıq. Ziyalılarımızı güllələdilər, düşünən beyinləri məhv elədilər. Belə olan halda hansı çiçəklənmədən danışmaq olar? Düzdür, Şimali Azərbaycanı Cənubi Azərbaycanla müqayisə etmək doğru olmazdı. Çünki SSRİ bizim ana dilimizə, məktəblərə dəymədi, elm sahəsində müəyyən inkişaf oldu və s. Amma bütün bunlar bizim müstəqilliyimizin, azadlığımızın boğulması hesabına baş verdi.

- Bəzən AXC-nin qurucuları arasında müqayisələr aparılır, birinin xidmətləri azaldılır və ya çoxaldılır. Siz bu cür müqayisələrə necə baxırsız?
"ADR qalsaydı, Bakı Parisdən gözəl olardı" - MÜSAHİBƏ - Onlar komanda idi. Komandanın hər bir üzvü öz sahələri üzrə peşəkar idi. Məmmədəmin komandanın lideri, dönəmin siyasi lideri idi. Siyasi qərarlarda Məmmədəminin sözü keçirdi.
Onlar nə yatdılar ki, nə də yuxu görsünlər. Həmin dövrdə bölgədə gərgin proseslər gedirdi. Birinci Dünya Müharibəsi yenicə qurtarmışdı, Rusiyada bolişeviklərlə ağqvardiyaçılar vuruşurdu və s. Türkiyə müharibədə uduzmuşdu. Cənubi Azərbaycanda çaxnaşmalar vardı. Ermənilər isə bizə qarşı vuruşurdu və s.
Məmmədəminin ən böyük uğuru o idi ki, qurulan cümhuriyyətin adını Azərbaycan qoydu. Çünki Azərbaycan böyük coğrafi ərazini əhatə edir. Dərbənd, İrəvan, Borçalı, Güney Azərbaycan və s.

- Amma AXC-nin tarixində İrəvanın ermənilərə verilməsi də var...
- Bəli, AXC buna məcbur oldu. Həmin dövrdə ermənilər müstəqil dövlət yaratmaq istəyirdilər, amma torpaqları yox idi. Bəzi ermənilər təklif edir ki, onlar Azərbaycanın, ya da Gürcüstanın tərkibində müxtar vilayət yaratsınlar. Sonradan İrəvanı seçdilər və Qarabağa iddia qaldırdılar. Məmmədəmingil onların Qarabağda müharibə aparmaması üçün, sabitlik naminə İrəvanı güzəştə getdilər. Amma ermənilər namərdlik etdilər. İrəvanı paytaxt elan etdikdən sonra da Qarabağdan əl çəkmədilər. Ermənilər böyük təzyiq imkanına malik idi. Bakıya nəzarət edirdilər, cümhuriyyət qurucuları Gəncədən Bakıya gələ bilmirdilər. Daşnaklar əllərində silah Gümrüdə oturub bizi təhdid edirdilər. İrəvanda da ermənilərin sayı artırılmışdı. Onsuz da, İrəvan onların nəzarətində idi. AXC rəhbərləri Qarabağı qorumaq üçün İrəvanı verdilər və bu addım fiaskoya uğradı.

- 1918-ci ildə Bakının azad olunmasında və eləcə də, 20-ci ildə Bakının bolişeviklərə verilməsində Türkiyə generallarının müəyyən rolları olub. Bu barədə nə deyə bilərsiz?
- Bəli, bu düzdür. Müsəlmanların erməni və rus daşnakları tərəfindən öldürülməsinin qarşısını almaq üçün türk generallar Azərbaycana gəldi, milli hökumətin qurulmasında əvəzsiz rol oynadılar. Amma içərisində kommunist sevgisi olan türk generallar sonradan Azərbaycanın ruslar tərəfindən işğal olunmasına göz yumdular. Həmin vaxt Türkiyənin özünün durumu ağır idi. Atatürk ölkəni qorumaq üçün SSRİ ilə əməkdaşlıq etməyə məcbur oldu. Biz Türkiyə generallarını qınayırıq, amma Çingiz İldırım, Əliheydər Qarayev kimi satqınlarımızdan danışmırıq. Bütün bunlar eləcə də, Türkiyə generallarının rus ordusunun qabağına düşüb Bakıya girməsi tariximizin qara səhifələridir. Biz Türkiyə generallarına irad tuturuq, amma içimizdə də satqınlar var idi. Bolişeviklərin Azərbaycana gəlməsini istəmək bütün hallarda satqınlıq idi. Sən müstəqil dövlətinin üstündən xətt çəkib, ruslara sığınırsan. Bunun başqa bir adı yoxdur. İçində rus sevgisi olanlar bu gün də var. Tarix də sübut etdi ki, onlar satqındırlar. Onların içərisində Nəriman Nərimanov bir az fərqlənirdi. O, sonradan səhv etdiyini etiraf elədi. Gördü ki, Bakının neftini də Moskva daşıyır. Oğluna yazdığı məktubda da aldandığını yazıb. Rusiyanın Azərbaycan və digər ətraf ölkələrlə bağlı xarici siyasəti heç vaxt dəyişməyib. Siyasi hakimiyyətlər dəyişsə də, bu münasibət dəyişməyib. Rusiyanın xarici siyasi kursu Pyotr tərəfindən qoyulub və sonradan inkişaf etdirilib. Dağlıq Qarabağ münaqişəsi də Rusiyanın əməlidir. Mən ilk gündən ATƏT-in Minsk Qrupunun yaradılmasına qarşı çıxmışam. Qeyd etmişdim ki, biz separatizmlə mübarizə apararaq Dağlıq Qarabağı qaytarmalıyıq. Məsələ beynəlxalq güclərin nəzarətinə keçəndən sonra əlimiz qolumuz bağlanacaq.

- Artıq Azərbaycan 24 ildir ki, müstəqildir. Bu müddət ərzində biz bir neçə beynəlxalq tədbirə ev sahibliyi etmişik. Hazırda Azərbaycan Avropa oyunlarına hazırlaşır. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı
- Mən Azərbaycanda Avropa Oyunlarının keçriilməsini dəstəkləyirəm. Bu, Azərbaycanın tanıdılması, təbliğ edilməsi baxımından əhəmiyyətlidir. Mən bir müddət əvvəl saytlardan birinə bununla bağlı geniş müsahibə vermişdim. Orada ətraflı danışmışam. Biz bu aralar aramızdakı umu-küsülülüyü unutmalı, Avropa oyunlarını gözdən salmamalıyıq. Bu, bir idman oyunudur və bunun müsbət tərəflərindən yararlanmalıyıq.






Fikirlər