Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan xalqını Respublika günü münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
"Əziz həmvətənlər!
Əziz bacı və qardaşlarım!
Sizi 28 May - Respublika günü münasibəti ilə təbrik edirəm.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 99 il keçir.
99 il əvvəl 1918-ci ilin may ayının 28-də qurulan Cümhuriyyətimiz dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biridir.
Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Müsavat Partiyası, görkəmli ziyalılarımız, siyasi xadimlərimiz Fətəli xan Xoylu, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyli, Həsən bəy Ağayev və başqalarının ardıcıl mübarizəsi və xalqımızın iradəsi ilə Cənubi Qafqazın əksər ərazilərini əhatə edən Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Şurası Tiflis şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan etdi.
Yaradılan müstəqil dövlətimiz müsəlman Şərqində ilk cümhuriyyət tipli dövlət idi. Azərbaycan Xalq Cümhuriyyəti o dövrdə dünyanın məhdud saylı demokratik dövlətlərindən biri kimi dövlətçilik tariximizdə mühüm yer tutur.
Bu parlament tipli Respublikada hakimiyyət strukturları azad və ədalətli seçkilər vasitəsi ilə formalaşırdı, real hakimiyyət bölgüsü aparılmışdı, müstəqil mətbuat, müstəqil məhkəmə fəaliyyət göstərirdi.
Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddət ərzində dövlətçilik tariximizə yazılan bir sıra islahatlar həyata keçirdi. Söz, ifadə azadlıqları, fundamental insan haqlarının qorunması kimi demokratik ideyalar dövlət siyasətində prioritet kimi tədbiq edildi. Bəzi demokratik Qərb dövlətlərindən daha əvvəl qadınların seçmək və seçilmək hüququ tanındı.
Təəssüf ki, 23 aydan sonra Cümhuriyyətimiz bolşevik Rusiyası tərəfindən işğal edildi. Azərbaycanda müstəqil, demokratik, firavan dövlət quruculuğu prosesi dayandırıldı. İşğal nəticəsində xalqımız yenidən imperiya əsarəti altında yaşamağa məhkum edilsə də, Cümhuriyyət dövrünü unutmadı, istiqlal ideyası əbədi olaraq şüurlarda həkk olundu. İstiqlal! Bu ideyanı döşlərində gəzdirən Azərbaycan xalqı ilk imkan yaranan kimi azadlıq mübarizəsinə qalxdı. Ölkəmizdə sovet imperiyasını lərzəyə salan Xalq Hərəkatı başlandı. Nəticədə 1991-ci ilin 18 Oktabr günü itirilmiş dövlət müstəqilliyimiz yenidən bərpa olundu.
1993-cü ilin 4 iyun qiyamı nəticəsində hakimiyyətə gələn qüvvələr ölkəmizdə cümhuriyyətçilik ideyalarına qarşı fasiləsiz və qəddar mübarizə aparsa da, böyük M.Ə.Rəsulzadə və silahdaşlarının, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımız qarşısında xidmətləri unudulmur, dərin hörmətlə yad edilir. Azərbaycanda 99 il bundan əvvəl əsası qoyulmuş Cümhuriyyətimizin ideyalarının həyata keçirilməsi uğrunda fədakar mübarizə davam edir.
Əziz həmvətənlər!
Azərbaycan Xalq Cümhuriyyəti şərəf tariximiz, qürur yerimizdir.
Sizi bir daha 28 May - Respublika günü münasibəti ilə təbrik edirəm. Sizə şəxsi həyatınızda xoşbəxtlik, azad cəmiyyət, hüquqi dövlət quruculuğu uğrunda mübarizənizdə uğurlar arzulayıram”.AzerTaym.az