«Bütün əməllərinə görə cavab verməli olacaq» - Partiya sədrindən XƏBƏRDARLIQ
Məlum olduğu kimi, vəkil Aslan İsmayılov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevi onu təhqir etməsi iddiası ilə məhkəməyə verib. Bu barədə mia.az-a açıqlama verən partiya sədri deyib ki, Aslan İsmayılov qorxusundan belə bir yola əl atıb. Onun sözlərinə görə, sözügedən vəkil xəyanətkar əməlləri ifşa olunmasın deyə məhkəməyə müraciət edib: «Bu adamın iç üzünü açıb ortaya qoymuşam. Barəsində dediklərim də faktlardır. O, vətəninə, dövlətinə xəyanət edib. Başqa ölklərin maraqlarına xidmət edir. Yəqin ki, son günlər bəzi müxalifətçilərin Gürcüstandan qaçaqyolla pul keçirmələri barədə baş verənləri izləyirsiz. Həmin şəbəkənin əsas fiqurlarından biri elə Aslan İsmayılovdur. Mən hələ 3 il qabaq deyirdim ki, radikal müxalifət qüvvələri Əli Kərimli, Cəmil Həsənli xəyanət planını Gürcüstanda cızırlar. Təəssüf ki, bu gün dediklərim öz təsdiqini tapdı. Hesab edirəm ki, bu istiqamətdə araşdırmaları daha da dərinləşdirmək lazıdır. O zaman Aslan İsmayılovun da əməlləri üzə çıxacaq. Məlum olacaq ki, həmin xəyanətkar şəbəkənin əsas siması elə odur. O vaxt Milli Şuranın iclaslarının orada keçirilməsi, Rüstəm İbrahimbəyovun görüşlərinin təşkili və bu kimi prosesləri Aslan İsmayılov idarə edirdi». Partiya sədri onu da vurğulayıb ki, Aslan İsmayılovun məhkəməyə müraciət etməsi heç nəyi dəyişməyəcək. «Bu adam özü xəyanət içində batır. Məhkəmə ilə bizi qorxuda, həqiqəti deməkdən çəkindirə bilməz. Biz onun özünü məhkəməyə veririk. O, ölkə başçısını, Ramiz Mehdiyevi, elə mənim özümü təhqir elədiyi üçün cavab verməli olacaq», - deyə H.Hacıyev fikrini tamamlayıb.