“Lider” telekanalı maliyyə problemləri ilə üzləşib - ƏMƏKDAŞLAR İŞ AXTARIR

lider tv maas

Son dövrlər Azərbaycanda yaşanan iqtisadi və maliyyə çətinlikləri artıq bəzi telekanallarda da öz mənfi təsirini göstərməkdədir. Belə ki, bir sıra telekanallar maliyyə çətinliyi üzündən işçilərinin maaşlarını verə bilmir və ya əməkhaqqlar aylarla gecikir. Məhz bunun nəticəsidir ki, həmin telekanallarda çalışan işçilər özlərinə yeni iş yerləri axtarmaqla məşğuldurlar. 

Bir müddət öncə “Space” telekanalının maliyyə böhranı ilə üzləşməsi nəticəsində əməkdaşlarının bir çoxunun könüllü olaraq telekanalı tərk etmələri və qalanlarının isə özlərinə yeni iş axtarışında olduğu barədə  xəbər vermişdik. Bu gün təkcə “Space” telekanalı deyil, “Lider” və ARB də ciddi maliyyə böhranı ilə üz-üzədir. Maliyyə çətinliyi üzündən adıçəkilən bu telekanallarda da işçilərin maaşları gecikir.

Gununsesi.info-ya daxil olan məlumata görə, digərlərindən fərqli olaraq “Lider” telekanalında vəziyyət olduqca ağır durumdadır. Artıq telekanal rəhbərliyi işçilərin maaşlarını bir neçə aydır verə bilmir. Bir çox əməkdaşın isə maaşı azaldılıb. Maaşlar gecikmələrlə verilir.

Əldə etdiyimiz bilgilərə görə, telekanalda yaranmış maliyyə çətinliyi üzündən bir çox əməkdaşlar yeni iş axtarışına çıxıb. Yaxın aylarda bu əməkdaşlar özlərinə yeni iş tapa bilməyəcəyi təqdirdə işsiz qalacaqlar. Çünki ilin sonunda maliyyə çətinliyi üzündən telekanalda ciddi ixtisarların olacağı gözlənilir.

Verilən məlumatlara görə, bəzi veriliş və proqramların bağlanması da gözlənilir. Hazırda telekanalın maliyyə problemi həll olunmayacağı təqdirdə gələcək fəaliyyət prinsipləri və istiqamətləri ətrafında müzakirələr gedir. Buna görə də telekanal əməkdaşlarına özlərinə yeni iş axtarmaq tövsiyyə olunub.






Fikirlər