Cavid Qurbanov “Bakı-Tbilisi-Qars”ın Tiflisdəki müzakirəsinə GETDİ

Sentyabrın 27-də Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrupun növbəti görüşü keçiriləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisiyə yola düşüb.

Azərbaycan və Gürcüstan dəmir yolu rəhbərləri sentyabrın 27-də qatarla Tbilisidən Tetriskaro, Zalqa və Axalkalakiyə gedəcəklər. Axalkalakidə Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu rəhbərlərinin görüşü olacaq. 
Sonra onlar Türkiyə tərəfində aparılan tikinti işlərinin gedişi ilə maraqlanacaq, əraziyə baxış keçirəcəklər.

 Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev 21 fevral 2007-ci ildə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

 Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə Çərçivə Sazişinə əsasən, Azərbaycan layihənin həyata keçirilməsi üçün Gürcüstana illik minimum faizlə 775 milyon dollar kredit verib.

 21 noyabr 2007-ci ildə Gürcüstanın Tetri-Skaro rayonunda - Marabda stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin, 24 iyul 2008-ci ildə isə Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars bağlantısının Türkiyə hissəsinin tikintisinə start verilib.

 Layihə reallaşacağı halda Azərbaycan Çindən tutmuş Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yüklər qəbul edə və ya əksinə göndərə biləcək.

Proqnozlar göstərir ki, bu dəmir yolu xətti vasitəsilə ilk illərdə 5 milyon ton, növbəti illərdə isə 15 milyon tona qədər yükün daşınması mümkün olacaq.

 Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan tərəfi İsveçrənin "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur. Müasir texnoloji üstünlüklərlə təchiz olunmuş vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılmış sistem sayəsində mümkün olacaqdır ki, bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin daha da rahat səfər etmələrini təmin edəcək. 

Yaxın günlərdə Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının istismara verilməsi gözlənilir.

AzerTaym.az

 






Fikirlər