Xristianla müsəlman eyni qəbiristanlıqda DƏFN OLUNA BİLƏRMİŞ
“Ölüm haqdır” deyirlər. Və hamı bu haqqından “istifadə” edəcək, kimi bir az gec, kimi bir az tez. Maraqlı olan, ölümdən sonra torpağa basdırılmaq məqamıdır. Bu məqamda nədənsə, müsəlmanlar müsəlman, xristianlar xristian, yəhudilər yəhudi qəbiristanlığında dəfn edilir. Baxmayaraq ki, müxtəlif dindən olanlar uzun illər bir yerdə yaşayıb, qaynayıb-qarışıblar, hətta onların birgə nikahlarının da şahidi olmuşuq. Amma di gəl ki, bu geniş dünyada birgə həyat sürən müxtəlif dinin nümayəndələrinə o biri dünyanı birgə paylaşmaq dar gəlir. Yoxsa, niyə müsəlmanın xristian qəbiristanlığında dəfn edilməsi təhqir, yaxud xristianın müsəlman qəbiristanlığında dəfni yolverilməz sayılır? Modern.az-ın məsələ ilə bağlı suallarını ilahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov cavablandırıb. E.Mahmudov deyib ki, müxtəlif istisnalar olmaqla bərabər, bütün dünya dinlərində eyni tendensiyanın olduğunu müşahidə edirik: “İslam zühur edib dünyaya yayılandan günümüzə qədər dini adət-ənənə və tarixi təcrübəmizdə vəfat edən şəxsin mənsub olduğu dinə aid qəbiristanlığa, yəni ondan əvvəl yaşamış və dünyasını dəyişmiş dindaşlarının basdırıldığı qəbristanlıqda dəfn olunduğunu görürük. Burada müxtəlif istisnalar olmaqla bərabər, bütün dünya dinlərində eyni tendensiyanın olduğunu müşahidə edirik. Tarix boyu müsəlman qəbiristanlıqları böyük diqqətlə xristian, yəhudi və digər din mənsublarının dəfn olunduğu qəbiristanlıqlardan ayrı şəkildə meydana gətirilib. İslam dinində ölülərin son mənzilə yola salınması, namazının qılınması, kəfənlənməsi, dəfn mərasimi, başsağlığı adət-ənənəsi, qəbir ziyarəti, dua ədəbinin həyata keçirilməsinin özünə aid qayda-qanunları mövcuddur. Bunlar müsəlman xalqlarının özünəməxsus dəfn və qəbiristanlıq adət - ənənəsini əsrlər boyu formalaşdırıb. Mədəniyyətin assimilyasiyaya məruz qalması, milli identikliyin yox olması, mentalitetin dəyişməsi, bunlarla əlaqəli dini və milli adət-ənənələrin ortadan qalxması hər bir cəmiyyət və xalq üçün arzuolunmaz nəticələrə gətirib çıxarır. Buna görə də müsəlman qəbiristanlığının qeyri-müsəlman qəbiristanlığı ilə eyni məkanda, lakin qəbirlərin dini mənsubiyyətə görə ayrılıqda olmasında hər hansı bir problem olmamaqla bərabər, eyni məkanda qarışıq formada dəfn olunması uyğun görülmür və tövsiyə edilmir. Buna görə də dünyanın harasında olursa olsun, bütün müsəlmanlar imkan daxilində öz qəbiristanlıqlarını formalaşdırıb dünyasını dəyişənləri bu müsəlman qəbiristanlıqlarında dəfn etmələri daha uyğun hesab olunub. Əlbəttə ki, bu məsləhət zərurətlər zamanı istisna təşkil edə bilər”. İlahiyyatçı bildirib ki, İslam müsəlman kişilərə sadəcə Əhli-Kitabdan (Yəhudi və Xristianlar) olan qeyri-müsəlman qadınlarla evliliyə icazə verir: “Müsəlman kişilərin digər din mənsublarının qadınları ilə ailə qurmağa icazə vermir. Eyni zamanda, müsəlman qadınların istər Əhli-kitab olsun, istər başqa dinin nümayəndəsi olsun, qeyri-müsəlman kişilərlə ailə qurmasına icazə vermir”. Digər ilahiyyatçı Elşad Miri həmkarından fərqli düşünür. O, Modern.az-a deyib ki, İslam dini müxtəlif dinlərdən olan insanların eyni qəbiristanlıqda dəfn edilməsini qadağan etmir: “İlk dövrlərdə belə bir anlayış vardı ki, müsəlmanlar müşriklərlə eyni qəbiristanlıqda dəfn edilmirdilər. Çünki insanlar gedib qəbirlər vasitəsilə Allahdan nə isə istəyirdilər. Bu kimi halların olmaması üçün müsəlmanların digər dindən olanlarla eyni qəbiristanlıqda dəfn edilməsinə icazə verilmirdi. Sonrakı dövrlərdə belə anlayışlar ortadan qalxdı. Bu gün Avropada yaşayan müsəlmanların bəziləri heç müsəlman qəbiristanlığında dəfn olunmur. Əgər onların yaşadığı ölkədə müsəlman qəbiristanlığı yoxdursa, elə orada da dəfn olunur. Məsələn, Bakının özündə də Yasamal qəbiristanlığının bir hissəsində müsəlmanlar, bir hissəsində pravoslavları dəfn edirlər”.