Avtobuslarda gediş haqqı QALXMAYACAQ – RƏSMİ
Son dövrlərdə müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı məlumatlar yayılıb. Bakı Nəqliyyat Aagentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Modern.az-a deyib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır: “Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Tarif Şurasıdır”. M.Ağayev deyib ki, gediş haqlarına yenidən baxılması üçün Tarif Şurasına müraciət edilməyib: “Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil”.