“Həbsdən qaçanın gözünə HEÇ NƏ GÖRÜNMÜR” - MÜSAHİBƏ
Tanınmış hüquqşünas-tədqiqatçı İlqar Altay son günlər ölkə gündəmində baş verən hadisələrlə bağlı “Qafqazinfo”nun suallarını cavablanıdırıb: - Sizin fikrinizcə, hazırda Azərbaycanda dini ekstremizm sahəsində vəziyyət necədir? - Məlumdur ki, Azərbaycan dini radikalizmin, ekstremizmin, dini fanatizmin və bu zəmindəki terror və təxribatların olduğu bölgədə yerləşir. Təbii ki, regiondakı bütün müsəlman tərkibli əksəriyyət ölkələr kimi bizim ölkə də bu halları yayan mənfi cərəyanlardan kənar deyil. Onların dövlət və cəmiyyətimizə yaratdıqları zərərli təsirlərdən, nəticələrdən kənar deyil. Buna da adekvat olaraq, dövlət orqanları və vətəndaş cəmiyyəti səviyyəsində bu təzahürlərə qarşı qabaqlayıcı addımlar atılır. Şəxsın mənim ictimai tədqiqatçı, elmi dərəcəli hüquqçu- kriminalist kimi, fəaliyyətimin bəlkə də bir 70-80 faizi bu sahə ilə bağlıdır. Bununla əlaqədar olaraq dəfələrlə İran, Ərəbistanda və s. tədqiqat səfərlərində olmuşam. Mətbuat, TV və öz şəxsi fb-səhifəmdə dini radikalizm və ekstremizmə qarşı təhqiqat, analitik ifşaedici təsirli çıxışlarım, yazılarım, müsahibələrim çoxluq təşkil edir. - Bu sahəyə tədqiqatınızda xüsusi yer verməyə səbəb nədir? - Ona görə ki, mən bilgili, məlumatlı, aidiyyətli ixtisaslı kimi bu gün dövlətçiliyə və xalqın birliyinə, ölkədəki sabitliyə qarşı ən böyük bir nömrəli təhlükəni dini ekstremizm tərəfdən görürəm. Bunun səbəbləri çoxdur, xüsusi geniş analitik yazının mövzusudur. - Son zamanlar ölkəmizdən İŞİD-ə qoşulanların sayında artım olduğu barədə qeyri-rəsmi məlumatlar yayılır. Bunun hansı səbəblərdən baş verdiyini deyə bilərsinizmi? - Bilirsiniz, İŞİD, “Əl-Kaida” kimi qüvvələr təbii yox, siyasətin, böyük dövlətlərin, siyasi qüvvələrin yaratdığı terror təşkilatlarıdır. Ona görə də yarandığı regionda hərbi gücü, imkanları, cürəti ilə dövlət qədər güclü olurlar. Bir ara İŞİD-in kökü kəsilirdi, son məğlub durumda idi. İndi yenə aktivləşməyə başlayıb. Yenidən onu aktivləşdirirlər. Aktivləşdikcə də bu təşkilata cəlbetmə təbliğat güclənir. Bizim Azərbaycan da İŞİD-ə qoşulma üzrə heç də sonuncu sıralarda olmayıb, bu faktdır. Bu məsələdə ideoloji boşluq, maddi çətinliklər, İŞİD təbliğatı mərkəzlərinin olması və sair səbəblər də var. Bu problem xüsusi xidmət orqanlarının öhdəsində olan işdir, gərək bu istiqamətdə fəaliyyət güclənsin. - Dövlət Təhlükəsizlik Xidmətinin müxalifətinin mitinqində terror törətməyə hazırlaşanları məhv etməsi ilə bağlı nə deyə bilərsiniz? Niyə məhz müxalifətə qarşı bunu planlaşdırıblar? - Dini ekstremizm, mövcud olduğu ölkədə öz varlığını, qüdrətini və ya nəzərdə tutduğu məqsədini çox müxtəlif vasitələr və hədəflər seçməklə edir. Müxalifətin mitinqini seçməkdə, düşünürəm ki, iki məqsəd birdən planlaşdırılıb. Bir məqsəd terrordur ki, kütləvi mitinqdə partlayış-qırğın törətməklə bütün ölkədə qorxu, stress hissi yaratsın, sabitlik pozulsun. İkinci məqsəd isə təxribat ola bilər ki, müxalifətə qarşı bunu etməklə ölkə iqtidarını, hakimiyyətini dünya və ölkə ictimaiyyəti qarşısında günahkar rolunda qoysun. Və həm də müxalifətlə iqtidar arasında qanlı düşmənçilik qarşıdurması yaratsın. Məqsədlər bu ola bilər. - Siz bir ictimai tədqiqatçı kimi DTX-nın bu sahədəki fəaliyyətini necə qiymətləndirirsiniz? - Ölkədə dövlətin təhlükəsizliyi və ictimai sabitliyi ən əsas vacib şərt olaraq görən insan üçün, mütəmadi olaraq bu təhlükələr və buna qarşı fəaliyyət göstərən Dövlət Təhlükəsizlik Xidmətinin də fəaliyyəti aydın müşahidə olunur. DTX yeni yaranan gündən sırf öz təyinatı üzrə peşəkar fəaliyyətdədir. İlk dəfədir ki, neçə illik fəaliyyətində heç bir digər sahədə bu qurumun və əməkdaşlarının adının hallanmasına rast gəlinmir. Rast gəlinsəydi, təbii ki, məntiqli fikir yaranardı ki, bu orqan başqa aidiyyətsiz sahələrə baş qoşmaqla özünün bu qədər ağır və əhatəli təhlükəsizlik funksiyasını hansı keyfiyyətlə yerinə yetirə bilir? Nəticələr isə, artıq göz qabağındadır. Bu qurumun əsil xüsusi xidmət orqanına yaraşan ciddi və gizli fəaliyyəti, prinsipiallıq və daxili nizam-intizam və ölkənin təhlükəsizliyi istiqamətində apardığı nəzərəçarpacaq keyfiyyətli əməliyyat tədbirləri və s. xüsusiyyətlər aydın görünür. Bu son əməliyyat da bir göstəricidir. - Sizcə, məhbusların qatardan qaçması faktında təhlükəsizlik faktoruna nə dərəcədə əməl olunub? - Dövlət və onun qanunları adı ilə ictimai təhlükəsizliyi nəzərə alınıb həbsdə olan şəxsin etap zamanı, ya izalyatordan, ya həbsxana və zonadan qaçması hər bir dövlət üçün ağır hadisə sayılır. Qaçanlar kriminal avtoritet olduqda bu daha da ağırdır. Birincisi, hər bir ağır nəticəni nəzərə alıb qaçmaq kimi cürətli və riskli qərar verən şəxsin azad şəraitdə ağır hadisələr törətmə ehtimalı çoxalır. Psixoloji cəhətdən gözünə heç nə görünmür. Necə ki, maşın oğurlayıb qaçıran şəxs adətən ağır qəza törədir. Kriminal avtoritet isə daha betər ziyan vura bilir. Yəni, gedib cinayətkar dəstəyə qoşulur, ya onu təşkil edir, əməllər törədir. Burada bir ağır məsələ də hüquq-mühafizə orqanlarının və ümumilikdə dövlətin gücünün nüfuzu məsələsidir. Hər bir qaçış özlüyündə dövlətçiliyə qarşı bir açıq çağırışdır. Hətta dövlət təhlükəsizliyinə zərbə qədər həssas təsirlidir. Ona görə belə qaçış hadisələrinə hüquq-mühafizə orqanları çox həssas və ağrılı yanaşırlar və bu işə hətta xüsusi xidmət orqanları da qoşulur, günahkarlar da çox sərt cəzalandırılırlar. - Məhbusların qaçması məsələsini Lotu Quli faktoru ilə bağlayanlar da var. Siz əlaqə görürsünüzmü? - Kriminal avtoritetlərin etapdan qaçması və Lotu Qulinin həbsdən azad edilməsinin eyni vaxta düşmısi təsadüf də ola bilər, zərurət də. Konkret demək çətindir. Məncə, əlaqə olmamalıdır. Onu deyə bilərəm ki, belə bir qanuni oğrunun azadlığa buraxılması həftələr və hətta aylarla gedən bir sıra demək istəmədiyim proseslərin, şərtlərin və. s. nəticəsidir. Yəni ki, onun kriminal avtoritetlərin qaçmasından sonrakı 1-2 gündə tələsik azad edilməsi ciddi görünmür. - Niyə cəmiyyətimizdə kriminal avtoritetlərə bu qədər hörmət var? Bu gələcək üçün yaxşı nəsə vəd etmir… - Bu sual geniş ictimai əhəmiyyətlidir. Cavabını da tapmaq üçün geniş yanaşmaq lazımdır. Fikir versək, bizdə cavanlar ideoloji cəhətdən bölünüb müxtəlif istiqamətlərə meyilləniblər. Kimisi dini təriqətlərə, məzhəblərə, kimi radikal dini cərəyanlara, digər dövlətlərə, onların liderlərinə, kimisi oğru dünyasına, onun avtoritetlərinə və s tərəfə. Kimisi də, yəni az olmayan kütlə narkomaniyaya. Yəni ki, vətənpərvərlik, dövlətçilik istiqaməti elə bil ki, ikinci sıraya keçib. Beyinlər elə bil ki, yuyulub uçub gedir. Elə bil ki, bir ideoloji boşluq var ölkədə, cəmiyyətdə. Xüsusilə təhsil aşağı olanda, intellekt heçə enəndə kriminal dünyanın təsirləri gənclərə, cavanlara, azad ictimai mühitə güclənir. Artıq cinayətkar aləmin avtoriteti azad aləmin cavanlarının qəhrəmanına çevrilir. Təbliğat kriminal mühit, həbsxana və zonalar tərəfdən gələn təsirlər hesabına çox güclüdür. Təsəvvür edin ki, azad cəmiyyətdə gənclər, idmançılar artıq dəstələrə bölünür, öz təsir sferalarına nəinki sadə kasıb insanların, hətta müəllim, həkim, hüquqçu övladlarını qatır. Bu dəstələrə idmançılar qoşulur, onlara zonlardan nəzarət edilir. Həbsxanalara, zonlara pullar, “haqq”-lar yığılıb göndərilir. Bu məsələlər də hamısı nəzarətsiz qalan çayxanalarda, qəlyanxanalarda, Topaz deyilən qumarxanalarda və s. baş verir. - Bu boşluğu yaranmasının səbəbi, onun günahkarları kimlərdir? - Səbəb birinci ideoloji, ikinci təlim-tərbiyə, üçüncü inzibati nəzarət boşluğudur. İdeoloji məsələ ölkə üzrə ümumiyyətlə hiss olunmur. Sovetlər dönəmində rayon respublika, ittifaq səviyyəsində bütün instansiyalarda ideoloji katiblər vardı. Hətta bu vəzifə 1-ci katib, yəni rəhbərdən sonra ikinci hesab edilirdi. İndi hanı bunun əvəzləyici vəzifəsi, varsa da niyə görünmür? Görünməyəndə də verirdövlətçilik, milli-vətənpərvərlik şüuru, ruhu baxımından cəmiyyətdə bu cür mərkəzdənqaçmalar, səpələnmələr baş verir.