Biz hər şeyi bilən (bildiyimizi zənn edən), lakin dərk etməyən insanlarıq. Məsələn, ədalətsizlik etməkdən çəkinmirik, amma ölülərdən qorxuruq. Onların əşyaları bizə vahiməli görünür. Hətta bəzilərimiz o paltarları yandırırıq. Avropada isə bu paltarları yandırmırlar. Ya ehtiyacı olanlara verilir, ya da ucuz qiymətə satılır.
Bu dəfə ikinci əl geyimlər deyəndə çoxlarımızın "ölən adamların paltarları" deyə başa düşdüyümüz ucuz geyimlərin satıldığı mağazalara baş çəkib, vəziyyətlə maraqlandıq.
Devaliyasiyalardan sonra artmayan maaşlarla bir də geyim almağa məcburuq. Hələ ki, göstərişi sevən millət üçün brend paltarlar geyinmək ehtiyaclardan daha vacibdir.
Amma artıq uzun müddətdir ki, ölkəmizdə fəaliyyət göstərən ikinci əl geyimlər satılan mağazalara tələbat çoxalıb. Bunu həmin mağazalardan birinin satıcısı Dilarə deyir:
"Əvvəllər də alanlar var idi. Amma yerli camaatdan çox, Azərbaycan vətəndaşı olmayanlar gəlirdi bura. Hətta müştərilərimizi tanıyırdıq da. Lakin dolların qalxmasından sonra alıcılar çoxalıb. Burda dünyanın brend sayılan markaları da olur. Gənclər, əsasən də tələbələr daha çox alış-veriş edir".
Ötən əsrdə yaranan bu ticarət növü hazırda bütün dünyada geniş şəkildə yayılıb. Avropada dəb anlayışı yarandıqdan sonra insanlar hər mövsüm geyimlərini yeniləməyə başladı. Onlar köhnə paltarlarını ehtiyacı olanlara verir, ürəyi açıq olmağı bacarmayanlar isə tacirlərə ucuz qiymətə satmağa başlayır. Və beləcə bu ticarət növü genişlənir və bütün dünyaya yayılır.
28 mayda yerləşən bu cür mağazalardan birinə baş çəkdim. Bütün mallara 50 faiz endirim var idi. Mağazada hər yaşda müştəri görmək olardı. Burda alt paltarlarından tutmuş ev üçün tekstil məhsullarına qədər hər şey tapmaq olar. Məsələn, 5 manata al-əlvan pərdələr, 3 manata köynəklər, 10 manata şalvarlar və s.
Alıcılardan Gülnaz xanım deyir ki, tanışları bunların ölü paltarı olduğunu, hətta bu geyimlərdə müxtəlif xəstəliklərin olduğunu deyirlər:
"Artıq bir neçə ildir ki, ailəmizin bütün üzvləri paltarlarını burdan alır. Bəzi tanışlarım deyir ki, guya bu paltarlarda xəstəlik var. Xəstəlik olsaydı, indiyə qədər yəqin nəsə olardı. Bura ailə büdcəsinə qənaət etmək üçün çox sərfəli yerdir. Yaxşı ayaqqabının təzəsini almaq üçün 100 manatdan çox pul xərcləmək lazımdır. Amma burda 20-30 manata keyfiyyətli ayaqqabı almaq olur".
Sevil artıq 3 ildir Bakıda tələbədir. Onun üçün burdan paltar almaq çox sərfəlidir:
"Burda paltarlar daha rəngarəng olur. Mən zövqlü geyinməyi xoşlayıram. Həm burda olan paltarların hərəsindən bir dənə olur. Şəhərdə hamı eyni cür geyinir, bu da çox sıxıcı görünür. Artıq 2 ildir ki, geyimlərimi yalnız bu mağazadan alıram. Burda olan paltarlar daha rəngli olur. Bu da mənim xoşuma gəlir".
Bəs müştəriləri və burdan alış-veriş etməkdən çəkindirən "O paltarlarda xəstəlik var" deyən insanlar haqlıdırmı? Bu suala cavab tapmaq üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etdik. Ekspert "Qaynarinfo"ya açıqlamasında bildirdi k, bu cür geyimləri qaynadıb geyinmək daha məqsədə uyğundur:
"Məlumdur ki, Mərkəzi Avropa ölkələrində, o cümlədən, Kanadada ayda bir dəfə insanlar artıq istifadə etmədiyi əşya və geyimləri yolun qırağında bunun üçün nəzərdə tutulmuş qutulara yığır. Kim istəyir pulunu verir, kimi də təmənnasız götürür. Və bir də bunun üçün xüsusi xidmət var, həmin malları yığıb aparır utilizasiya edir. Hansı ölkələrdə ki, bu cür mallara tələbat var, utilizasiya şirkətləri ilə müqavilə bağlayır və həmin ölkəyə ixrac edirlər. Artıq 15 ildir ki, Azərbaycanda da bu biznes fəaliyyət göstərir. Və məlumata görə, bu geyimlər alındığı qiymətdən 15-20 dəfə baha satılır. Ordan kiloqramla aldıqlarını burda dənə ilə satırlar. Azad İstehlakçılar Birliyi onların məişət sertifikatını təyin edir və orda göstərilir ki, 5 yaşından aşağı uşaqlar üçün paltar satmaq olmaz. Amma buna riayət edən yoxdur və 5 yaşdan aşağı uşaqlar üçün də paltarlar var. Bu da təbii ki, həmin ölkələrdə olan xəstəliklərin ölkəyə gəlməsinə səbəb ola bilər. Ona görə də oradan alınan paltarları insanlar qaynadıb istifadə etsə, daha yaxşı olar".
Fikirlər