Cari ildə pensiyaların nə qədər artacağı sual olaraq qalır.
Qeyd edək ki, hər ilin əvvəlində əmək pensiyalarının yalnız sığorta hissəsinin indeksləşdirilməsi aparılırdı. Aparılan islahatlar nəticəsində pensiya məbləğlərində baza hissə anlayışı aradan qalxdığından əmək pensiyalarının bütöv məbləğinin ölkə üzrə əməkhaqlarının əvvəlki ilin artım faizinə uyğun indeksləşdirilərək artırılması təmin olunacaq.
İqtisadçı-ekspert Vüqar Bayramov oxu.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda orta aylıq əmək haqqı ötən il 6.2 faiz artıb:
"Bu isə o deməkdir ki, bu ay pensiya məbləğləri sözügedən rəqəmə indeksasiya ediləcək. Yəni, pensiya məbləğləri bu ay 6.2 faiz artacaq. Yeni pensiya qanunvericiliyinə əsasən, indeksasiyada iki əsas dəyişiklik var. Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi inflyasiya məbləğinə deyil, orta aylıq əməkhaqqındakı artım faizinə indeksasiya ediləcək. İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq "keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq.
Qeyd edim ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu. Yeni qanunvericilikdə isə artıq bu anlayışdan istifadə edilmir. Yeni ildən isə bu, məbləğindən asılı olmayaraq, bütün pensiya məbləğinə tətbiq ediləcək. Bu isə o deməkdir ki, 250 manat alan pensiyaçının təqaüdü 15.5 manat artacaq”.
V.Bayramovun sözlərinə görə, baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək bu ay alacağı pensiyanın yeni məbləğini hesablaya bilər:
"Əvvəllər də qeyd etdiyimiz kimi, indeksasiyanın bir rəqəmli olduğunu nəzərə alsaq, bu il pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır”.
O da məlum olub ki, artımlar yanvar ayından hesablanacaq.