DSMF-nin Salyan şöbəsində nöqsanlara YOL VERILIB
Hesablama Palatasının Kollegiya iclasında 01.01.2016-01.10.2017-ci il dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsi (Şöbə) üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri müzakirə edilib. Müzakirə zamanı auditi həyata keçirmiş qrupun məlumatı dinlənilib və fəaliyyət istiqaməti üzrə müvafiq Auditorun hesabatı təsdiq edilib. “APA-Economics” xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsində aparılmış auditin nəticələrinə dair hesabatında bildirilir. Təqdim edilmiş məlumatlara əsasən 2016-cı ildə fond tərəfindən 6 593,0 min manat həcmində təsdiq edilmiş proqnoza qarşı 5 780,0 min manat vəsait yığılıb, proqnoz 87,7% icra edilib. “Təqdim olunmuş müvafiq məlumatlara və hesabatlara əsasən 01.10.2017-ci il tarixə Şöbə üzrə 15 994 pensiya işi, o cümlədən 10 212 ədəd yaşa görə (63,8%), 40 13 ədəd əlilliyə görə (25,1%) və 1 769 ədəd ailə başçısını itirmiş ailələrin (11,1%) pensiya işi mövcud olub. Pensiya təyinatı və ödənişi üzrə ərizələrin qeydiyyata alınması, onlara baxılması və pensiya təyinatının aparılmasında bəzi nöqsanlara yol verilib. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və fondun 21 noyabr 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na uyğun olmayaraq bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sığorta) stajları haqqında məlumatlar, ailə başçısını itirməyə görə əmək pensiyası təyinatı aparılarkən əmək qabiliyyətsiz ailə üzvlərinə pensiya təyin olunub-olunmaması ətraflı araşdırılmadan, güzəştli əsaslarla yaşa görə əmək pensiyası təyinatı zamanı güzəştli iş stajı tam dəqiqləşdirilmədən və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılıb”, – deyə məlumatda bildirilir. Araşdırma zamanı müəyyən edilib ki, 2016-cı ildə və 2017-ci ilin aprel ayınadək Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə bütün təyinatlar ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmədən aparılıb, 2017-ci ilin aprel ayından başlayaraq qanunvericiliyə uyğun olaraq VEMTAS tərəfindən təyin edilmiş ünvanlı sosial yardım işləri üzrə şöbə tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinə başlanılıb. Auditin gedişində seçmə qaydada monitorinqlər təşkil edilib, nəticədə ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından gəlirlərin nəzərə alınmaması kimi ümumi nöqsanlarla yanaşı, ailənin istifadəsində avtomobilin olmasının, ailə üzvünün əmək haqqı gəlirlərinin VEMTAS tərəfindən aşkar edilməməsi kimi spesifik nöqsanlara rast gəlinib. Təyin olunan aylıq sosial müavinət, kompensasiya və təqaüd təyinatlarının seçmə üsulu ilə auditi nəticəsində sosial müavinətlərin və təqaüdlərin təyin edilməsi və ödənilməsində, habelə həmin işlərin mərkəzləşdirilmiş xüsusi lokal proqram təminatına işlənilməsində bir sıra nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib. Belə ki, bir sıra hallarda “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa və eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na tam əməl edilməyib. Hesablama Palatasının Kollegiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinə müvafiq Təqdimat, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə Kollegiya qərarının surəti göndərilib.