BDU-da bu qədər ELMİ İŞ müdafiə olunub – Prorektordan AÇIQLAMA
Ötən il Bakı Dövlət Universitetinin (BDU) 69 nəfər əməkdaşı və doktorantı elmi dərəcə almaq üçün dissertasiya müdafiə edib. Bunu Modern.az saytına açıqlamasında BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə deyib. O bildirib ki, son illər BDU-da ali təhsilin bakalavriat və magistratura səviyyələri ilə yanaşı doktorantura səviyyəsində də yüksək ixtisaslı kadr hazırlığına xüsusi diqqət verilir: “Həmçinin elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün hazırlanan dissertasiyaların keyfiyyətinin artırılması məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. Dissertasiyaların mövzuları, bir qayda olaraq, universitetin əsas elmi tədqiqat işlərinin istiqamətlərinə, habelə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının müəyyən etdiyi istiqamətlərə uyğun olaraq verilir. Dissertasiya mövzusunun aktuallığı kafedralarda, fakültə elmi şuralarında, universitet nəzdində fəaliyyət göstərən Fizika problemləri və Tətbiqi riyaziyyat elmi-tədqiqat institutlarında ciddi müzakirə olunduqdan sonra təsdiq olunur. Bu halda hər bir dissertasiyanın mövzusunun aktual olmasına, onun ədəbiyyatda necə əks olunmasına diqqət edilir. Həmçinin tədqiqatçılar tərəfindən işlənmə səviyyəsi nəzərə alınaraq mövzunun konkret və əhəmiyyətli olmasına və elmi-texniki tərəqqinin tələblərinə cavab verməsinə xüsusi fikir verilir”. A.Kazımzadə qeyd edib ki, hazırda BDU-da 27 ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyaların müdafiəsini keçirən 8 daimi dissertasiya şurası fəaliyyət göstərir: “Hər il onlarla BDU əməkdaşı və doktorantı daha çox prioritet hesab edilən müxtəlif ixtisaslarda elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edirlər. Təkcə onu demək kifayətdir ki, 2017-ci ildə elmlər doktoru elmi dərəcəsi almaq üçün 13 nəfər, fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün isə 56 nəfər BDU əməkdaşı və ya doktorantı BDU-da və respublikanın digər elm təhsil müəssisələrində fəaliyyət göstərən dissertasiya şuralarında müvəffəqiyyətlə dissertasiya müdafiə ediblər”. Qeyd edək ki, Modern.az bundan öncə digər ali təhsil müəssisələrində elmi iş müdafiə edənlərlə bağlı araşdırma etmişdi. Nəticə olaraq müəyyən oldu ki, 2017-ci ildə Azərbaycan Texniki Universitetində 19, Azərbaycan Dövlət Pedaqoji Universitetində 26, Memarlıq və İnşaat Universitetində 9, Azərbaycan Tibb Universitetində 28, Azərbaycan Dillər Universitetində 21, Bakı Avrasiya Universitetində 7 elmi iş müdafiə edilib.