UŞAĞINI DÖYƏN valideynlər – problemdən ÇIXIŞ YOLU varmı?

Dünya balacalara zorakılıq edənləri necə cəzalandırır - problemdən çıxış yolları...

Bu günlərdə sosial şəbəkələrdə bir ürək parçalayan video paylaşılmışdı. İsveçrədə valideyni tərəfindən döyülən uşağın ailədən alınıb, Uşaq Sığınma Mərkəzinə aparılması təsvir edilirdi videoda. Uşaq valideyni tərəfindən döyüldüyü halda, ondan ayrılmaq istəmir, peşman olmuş valideyn polis əməkdaşları və Sığınma Mərkəzi əməkdaşlarına müqavimət göstərir, uşağının ondan qoparılmasına icazə vermək istəmir. Amma nəticə dəyişmir. Uşağı onu döyən valideynlərindən alıb, mərkəzə verirlər. Daha təhlükəsiz bir yaşayış üçün...

Hər il dünyada 2.5 milyon uşaq döyülür...

“Yeni Müsavat” bu dəfə dünyada və Azərbaycanda döyülən uşaqlardan yazır. Statistikaya görə, dünyada 14 yaşına qədər 2,5 milyon həddi-buluğa çatmamış uşaq valideyni tərəfindən döyülür. Sərt rəftardan xilas olmaq üçün 50 mindən çox uşaq hər il evdən qaçır. Məişət zorakılığına məruz qalan uşaqların sayı 50 faizi keçib. Məişət zəminində ailələrdə baş verən cinayətlərin 30-40 faizi uşaqlarla bağlı olur. Azyaşlılara qarşı törədilən mənəvi və fiziki zorakılıq ailə çərçivəsindən çıxaraq cəmiyyətin müxtəlif sferalarını əhatə etməyə başlayıb. Bir çox valideynlərin inadla “uşaqların özləri zorakılığın yaranmasına səbəb olur” deməsinə baxmayaraq, qanun bütün hallarda valideyni məsuliyyət qarşısına çəkir.

Uşaqlara Qarşı Zorakılıq üzrə Dünya Hesabatına görə, hər il milyonlarla uşaq məcburi əməyə cəlb edilir, fahişəlik məqsədilə istismar olunur və insan alverinin qurbanına çevrilir. Hesabata görə,  il ərzində bütün dünya üzrə 53 min uşaq qətlə yetirilir. Bu uşaq ölümlərindən 22 mini 15-17 yaşlı uşaqların payına düşür ki, onların da təxminən 75 faizi oğlanlar olub.  80-90 faiz uşaqlar evlərində fiziki cəzadan əziyyət çəkir. 100-dən artıq ölkədə  uşaqlar hələ də məktəblərdə istifadə edilən çubuq, kəmər və sair alətlərlə bədən cəzaları alırlar və yaxud belə təhlükə ilə üzləşirlər. Ən azı 30 ölkədə cəzaçəkmə müəssisələrində  hələ də uşaqlar qamçı və ya çubuqla döyülmə cəzasına məhkum edilirlər.

Müasir dünyada uşaqların yalnız 2,4 faizi cəza müəssisələrində qanunla müdafiə olunurlar. Hər il 133275 milyon uşaq valideynləri arasında zorakılıq hallarının şahidi olurlar. İnkişaf etmiş ölkələrdə məktəbyaşlı uşaqların 65 faizi mənəvi və ya fiziki təhdidə məruz qalırlar. Yaşı 18-dən az olan təqribən 150 milyon qız və 73 milyon oğlan məcburi cinsi əlaqəyə cəlb edilir və cinsi zorakılığın digər formaları ilə üzləşiblər.

21 ölkədə aparılan sorğuya əsasən qadınların ən azı 7, kişilərin isə 3 faizi məhz uşaqlıq dövründə cinsi təcavüzün qurbanı olduqlarını bildiriblər. 15 yaşına qədər ilk cinsi əlaqəyə girdiyini bildirən qadınların 45 faizi bunun məcburi olduğunu söyləyiblər.

Hesabata əsasən, dünyada 218 milyon azyaşlı uşaq əməyinə cəlb edilir ki, onlardan 126 milyonu təhlükəli işlərdə çalışır. Ümumilikdə, dünya üzrə il ərzində 57 milyon uşaq məcburi əməyə cəlb olunur, 18 milyon isə fahişəlik məqsədilə istismar edilir, 1,2 milyon uşaq isə insan alverinin qurbanı olur.

Valideyn iki səbəbdən uşağını döyür

Bəli, bizim ölkəmizdə də belə hallar tez-tez yaşanır. “Kötək cənnətdən çıxmadır”, “Uşağın başından qapazını əskik etməməlisən”, “Qızını döyməyən dizini döyər”.... Görün fiziki zorakılığı təbliğ edən nə qədər atalar sözümüz var. Məhz bunun sayəsindədir ki, zamanında fiziki zorakılıq görənlər də bir qayda olaraq öz uşaqlarına qarşı bu cəza üsulundan istifadə edirlər. Psixoloqlar da məhz bunu iddia edir: fiziki zorakılıq qurbanı olan daha sonra öz uşağını da fiziki zorakılıq qurbanına çevirir. Bunun psixologiyada bir neçə izahı var. Ilkin qənaətə görə, valideyn bunun doğru cəzalandırma üsulu olduğunu düşünür. “Məni valideynlərim zamanında döyməsəydilər, avaranın biri olacaqdım” deyən nə qədər insan tanıyırsız ətrafınızda? Onlar öz aləmlərində düşünürlər ki, uşaqlarını döyməklə onu da düz yola gətirəcəklər. İkinci variant isə odur ki, uşaqlığında döyülən insan şüuraltı bunun intiqamını illər sonra öz uşağından çıxır. İçindəki qisas, neqativ bu şəkildə reallaşır. Olan isə uşağın psixologiyasına olur.

Azərbaycan qanunları -  uşağını döyən valideyni neçə illik həbs müddəti gözləyir?

Ailələrdə, cəmiyyətin ayrı-ayrı sferalarında uşaqlara qarşı törədilən zorakılıq halları Azərbaycanda da 14 yaşına qədər olan uşaqlara qarşı cismani cəzanı qadağan edən qanun layihəsinin gündəmə gəlməsinə səbəb olub. “Uşaqların cismani cəzadan qorunması haqqında” qanun layihəsi ilə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə bununla bağlı məsuliyyət yaradacaq maddələrin əlavə ediləcəyi nəzərdə tutulub. Belə ki, müvafiq olaraq müxtəlif cərimələrdən, inzibati məsuliyyətdən tutmuş, 3 il müddətinə həbsə qədər cəzalar nəzərdə tutulur. Ümumilikdə yeni qanunda ailələrdə, uşaq evlərində, bağçalarda, məktəblərdə, eləcə də uşaq həbsxanalarında uşaqların cismani cəzadan qorunması ilə bağlı qabaqlayıcı müddəalar öz əksini tapıb. Məqsəd polis, icma, ailə və digər yerlərdə uşaqlara qarşı hər hansı fiziki təzyiqin tətbiq edilməsinin qarşısını almaqdır.

Qeyd edək ki, dünyanın bir çox ölkələri uşaq zorakılığına qarşı öz qanunvericiliklərinə bir çox müddəalar daxil etməkdə davam edirlər. Belə ki, 2009-cu ildə Avropa Şurası üzv dövlətlərə müraciət edərək uşaqlara qarşı ölkələrdə cismani cəzanı qadağan edən qanunun qəbul olunması ilə bağlı tövsiyələr irəli sürüb. 2012-ci ildə BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan hökumətinə tövsiyəsində uşaqlara qarşı cismani cəzaları qadağan edən qanunun qəbulu da yer alıb. 2009-cu il ölkə prezidentinin sərəncamı ilə Azərbaycanda “Uşaq ili” elan olunub və bu çərçivədə Ombudsman Aparatı tərəfindən belə bir qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim edilib.

Dövülen çocuk ile ilgili görsel sonucu

145 ölkədə uşaqların döyülməsi qadağandır

Bəs dünyada bu məsələlər necə tənzimlənir? Hansı ölkələrdə valideyni cəza gözləyir? Keniyada cəmi bir neçə il bundan əvvəl məktəblərdə uşaqlara qarşı fiziki gücün tətbiq edilməsinə qadağa qoyulub.  ABŞ-ın 19 ştatında məktəbdə müəllimin uşağı döyməklə cəzalandırmasına qanunla icazə verilir. “The Psychology of Spanking”in məlumatına görə, dünya əhalisinin 60,3%-nin yaşadığı 145 ölkədə məktəblərdə uşaqlara qarşı zorakılıq hallarına dair müəyyən qadağalar mövcuddur. 42 ölkədə (dünya əhalisinin 10%-i) uşaqların evdə, məktəbdə və həbsxanada döyülməsi qadağan edilib. 52 ölkədə (dünya əhalisinin 34%-i) uşaqları məktəbdə və həbsxanada döymək olmaz. 27 ölkədə (dünya əhalisinin 10%-i) uşaqları məktəbdə döyməyə icazə verilmir. 24 ölkədə (dünya əhalisinin 6%-i) uşaqları yalnız həbsxanada döymək qadağandır. 53 ölkədə (dünya əhalisinin 39.6%-i) uşaqların ümumiyyətlə, döyülməsinə heç bir qadağa yoxdur.

Pakistanda isə 2 dəqiqə dərsə gecikən uşaq 8 saat Quran oxumalıdır. Məcburi şəkildə. Liberiyada intizamsız uşaq şallaqla döyülür. Deyilənə görə, ölkə prezidenti şəxsən özü 13 yaşlı qızını bu yolla cəzalandırıb. Namibiyada belə bir cəza növü var: özünü pis aparan uşaq arı yuvası olan ağacın dibində səssiz-səmirsiz dayanmalıdır.

Zimbabvedə uşaqların döyülməsi qadağan edilib. Zimbabve Ali Məhkəməsi bu barədə qərar qəbul edib. Lunaks Pfunqva adlı qadının azyaşlı övladının döyülməsinə etiraz etməsi məhkəmənin sözügedən addımı atmasına səbəb olub. Ölkədə müəllim və valideynlərə uşaqları döymək qadağan olunub.

Uşaq yalan danışdığı üçün döyülür, halbuki...

Ümumilikdə isə məişət zorakılığı anlayışı çox genişdir və  bura cinsi, fiziki, həmçinin psixoloji zorakılıq da aid edilməlidir. Çünki bunların adı müxtəlif olsa da, məişət zəminində baş verir. Uşaqların əksəriyyəti ailədə yaşayıb, gününün böyük bir hissəsini ailədə keçirdiyi üçün məişət zorakılığı çoxluq təşkil edir. Amma uşaqlar eyni zamanda küçədə, məktəbdə, qapalı müəssisələrdə zorakılığa məruz qalır.  Məişət zorakılığının başvermə səbəblərinə gəldikdə isə,  buna  ailənin gəliri, iqtisadi durumu, valideynlərin işləyib-işləməməsi təsir göstərir. Bəzi ölkələrdə, eyni zamanda ölkəmizdə də məişət və cinsi zorakılığın üstünlük təşkil etməsinin əsas səbəbi isə, ailədə uşaq döymək, danlamaq, üstünə qışqırmaq tərbiyə üsulu hesab edilir. “Uşaq hüquqları konvensiyası” na qoşulmağımıza, “Uşaq hüquqları haqqında” qanunun qəbul olunmasına, Cinayət Məcəlləsində uşağı döyməyin cinayət məsuliyyəti hesab olunmasına baxmayaraq, hələ də valideynlər bu üsullardan istifadə edirlər.

Uşaqların döyülmə səbəblərinə gəlincə isə bunu edən valideynlər arasında tez-tez sorğular keçirilir. Valideynlər daha çox uşaqlarının yalan danışmasına görə bu addımı atdıqlarını deyirlər. Onların valideyndən icazəsiz işlər görməsi, habelə nadinclik etməsi, ətrafa ziyan verməsi kimi səbəblər də zaman-zaman səsləndirilir. Amma bütün bu davranışların da səbəbləri var. Amerika alimlərinin gəldiyi nəticəyə görə, yalan danışan uşağın mütləq yaşına baxılmalıdır. Əgər uşağın yaşı 5 yaşdan azdırsa, onun yalan danışmasındakı məqsəd qətiyyən aldatmaq deyil.

Kifayət qədər sevgi görməyən, gördüyü sevgidən razı qalmayan, diqqət və qayğıdan məhrum yaşayan uşaqlar nəzərləri özlərinə çəkmək üçün qəhrəmanlıq hekayələri uydururlar. Bu uşaqlar xəstələnmək və döyülmək bahasına olsa da hər çarəyə baş vurarlar. Dəcəllik edən və “yalan danışan” uşaqların məqsədi valideynlərini incitmək və ya əsəbləşdirmək deyil. Ancaq uşaq dəcəllik etməklə lazımi diqqət və qayğını əldə edə bilməzsə, sevildiyindən əmin olmazsa xarakterindəki davakarlıq duyğusu özünü daha qabarıq büruzə verməyə başlayar.  İbtidai və yuxarı siniflərdə oxuyan uşaqlarda ən çox müşahidə olunan yalan növlərindən biri də məhz inam qazanmaq üçün söylənilən “yalan”dır.

Əgər uşaq dərslərini yaxşı oxumadığına görə məktəbdə və evdə tənbehlənər, tənbəlliyi üzünə vurular və axmaq adlandırılarsa, bu, uşaqda sonradan müalicəsi çətin olan alçaldılma duyğusunun formalaşmasına səbəb olar. Uşaq özünün dəyərsiz, axmaq, heç bir iş bacarmayan biri olduğunu düşünməyə başlayar.






Fikirlər