Daxili Qoşunların 510 HƏRBİ qulluqçusu ŞƏHİD olub

Martın 12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasının 26 ili tamam olub. 

Bu əlamətdar hadisə münasibətilə Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Mərasimdə daxili  işlər naziri, general-polkovnik Ramil Usubov və Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov iştirak ediblər.

Mərasimdə daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov  qurumun yaranması, inkişafı və bugünü barədə geniş məruzə ilə çıxış edib. O deyib ki, torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında Qoşunların 510 hərbi qulluqçusu həlak olub, 1166 nəfəri yaralanıb, 268 nəfəri itkin düşüb. Hərbi qulluqçulardan 9 nəfəri «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülüb.

Məruzəçi qeyd edib ki, atəşkəs dövründə Qoşunlarda idarəetmənin təkmilləşdirilməsi, döyüş və peşə hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, normativ-hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib.

Tədbirdə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirən, peşə bayramı ərəfəsində bir qrup hərbi qulluqçunu dövlət mükafatları ilə təltif edən, həmçinin şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı müvafiq sərəncamlar imzalayan ölkə Prezidentinə minnətdarlığını bildirib və əmin edib ki, hərbi qulluqçular bundan sonra da müstəqilliyin, sabitliyin və  təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcək, döyüş hazırlıqlarını daim artıracaqlar.

Daxili Qoşunların yaranmasının 26-cı ildönümü ilə əlaqədar bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında ölkə başçısının Sərəncamı, həmçinin daxili işlər nazirinin və nazir müavini-Daxili Qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri və yeni  rütbələrin paqonları təqdim edilib.

AzerTaym.az






Fikirlər