İcra başçısı Kürdəmirdə küçə ticarəti ilə mübarizədən danışdı - ÖZƏL
Təəssüf ki, Kürdəmir kimi sakit rayonda bəzən belə hallar olur. Bunu sahibkarlara təzyiq kimi qiymətləndirmək düzgün deyil".
Bunu Teleqraf.com-a açıqlamasında Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda sahibkarlara təzyiq edilməsinə dair yayılan məlumatlara münasibət olaraq bildirib.
Onun sözlərinə görə, rayonda iki böyük bazar olduğu halda insanlar küçələrdə, dəmir yolunun yaxınlığında, körpünün altında ticarətlə məşğul olmağa üstünlük verirlər ki, bu da qanunla qadağandır.
C.Cəfərov Kürdəmir mərkəzi yolunun dağılmasına, keçilməz hala düşməsinə də münasibət bildirdi: "Bir neçə ildir ki, orada kanalizasiya xətti qazılır. Ona görə də yol o vəziyyətə düşüb. Göstəriş vermişəm ki, işləri sürətləndirsinlər. May ayına qədər işlər yekunlaşacaq, ora asfalt çəkiləcək. Bu, adi kanalizasiya xətti deyil ki, borunu atıb üstünü düzləyəsən. Orada bir neçə texnika işləyir, qazılan quyulara dəmir hasarlar çəkilir ki, uçmasın. Bu işlərdən başı çıxmayan adamlar etiraz edirlər ki, yol niyə bu gündədir. Digər tərəfdən həmin yol icra hakimiyyətinin balansında deyil".
C.Cəfərov rayonda görülən digər işlər barədə qısa məlumat verdi. Bildirdi ki, rayonda Bayraq Meydanı, uşaq baxçası tikilir, muzey və məktəblər təmir olunur: "Kürdəmirdə görüləcək çox işlər var və yaxın illərdə rayonda ciddi dəyişiklikləri müşahidə edəcəyik".