09.02.2014. - Kürdəmirdə sahibkarlar etiraza qalxdı
AzerTaym.ın “Azadlıq” radiosuna istinadən məlumatına görə, sahibkarlardan Natiq Mütəllimov bildirib ki, rayon polisi onları öz mağazalarının qarşısına mal çıxarmağa qoymur: «Polis öz hərəkətini belə əsaslandırır ki, guya bu, küçə ticarətidir. Halbuki burada heç bir küçə alqı-satqısı yoxdur. Hamı dövlətə vergi ödəyir. Bazarın qarşısındakı körpünün altında küçə ticarəti həyata keçirilir. 20, 30 metr ərazini zəbt edib alver edirlər. Özü də düz zibilliyin yanında. Orada kartof, soğan və meyvələr satılır. Bax, ona heç kim söz demir. Bura bazarın ərazisidir və biz də bu ərazidə işləyirik».
Sahibkarların çoxuna cərimə yazılıb
Natiq Mütəllimov deyib ki, ərazidə işləyən sahibkarların əksəriyyətinə cərimə yazılıb: «Bilmirik cəriməni ödəyək, yoxsa işimizi görək. Dövlətimizin yuxarı təbəqələrindən xahiş edirik bir tədbir görsünlər. Burada hamı zəhmətkeş, əzabkeş insanlardır. Hər gün evdən çıxırlar ki, balalarına bir tikə çörək aparsınlar. Budurmu sahibkara xidmət?».
«Bütün sənədlərimiz qanunidir»
Sahibkar Gülağa Məmmədovun dedikləri: «Bazarın üst tərəfində nə qədər sahibkar varsa, hər ay icarə və digər xərcləri ödəyirlər. Bütün sənədlərimiz qanunidir, heç bir küçə ticarətindən söhbət gedə bilməz. Müştəri mağazadan nə isə alıb, çöldə yerə qoyub maşın gözləyir, mağaza yiyəsinə cərimə yazılır. Şirkətlər, firmalar mal gətirir, yerə töküb, sayıb, təhvil almalıyıq. Sən mağazada mal yiyəsi ilə halallaşıb qurtarmamış, görürsən, artıq cərimə yazılıb».
Qarabağ müharibəsi veteranının mağazası uçurulub
Sahibkar Razim Şıxəliyev: «Mən Qarabağ müharibəsi iştirakçısıyam, dəfələrlə yaralanmışam. 1500 manat xərc çəkib körpünün altında bir balaca «budka» qoymuşdum ki, birtəhər ailəmi dolandırım. Rayon polis şöbəsinin əməkdaşları gəlib dedilər ki, burada olmaz, bu, qanunsuzdur. Mən razılaşdım. Polis mənim yerimi iştirakım olmadan dağıdıb, zibilliyə atıb. Mən 1500 manat xərc çəkmişəm, heç olmasa, müəyyən şeyləri söküb həyətimə aparardım da. İndiyədək mənə vurulan ziyan ödənilməyib».
«Kürdəmirin yiyəsi yoxdur»
Razim Şıxəliyev deyir ki, bu məsələ ilə bağlı rayon məhkəməsinə müraciət edib: «Kim ki, rüşvət verir, istənilən yerdə alver edir və heç küçə ticarəti, filan da yada düşmür. Kim rüşvət vermir, onu bax, belə cəzalandırırlar. Buna bir son qoyan olacaqmı? İndi mən məcburiyyət qarşısında, ailəm ac qalmasın deyə, küçələrdə balıq satıram. Mən bütün dünyaya car çəkirəm: Kürdəmirin yiyəsi yoxdur».
«Antisanitar vəziyyət yaratdıqları üçün...»
Kürdəmir Rayon İcra Hakimiyyəti İctimai-siyasi şöbəsinin baş məsləhətçisi Xəyyam Səlimovun sahibkarların şikayətinə cavabı: «Qısa olaraq onu deyim ki, baş verənlərdən xəbərimiz var. Sadəcə, burada qanunsuz heç bir olay baş vermir. Həmin insanlar, sahibkarlar bazarın çölündə antisanitar vəziyyət yaratdıqları üçün onlara bu qadağa tətbiq olunur. Rayonumuzda həmişə sahibkarlığa ciddi dəstək olub və gələcəkdə də hesab edirəm ki, davam edəcək, vəssalam».
Polisin məsləhəti...
“Azadlıq” radiosu çox çalışsa da rayon polisinin mövqeyini öyrənə bilməyib. Hətta polisdən müxbirə deyiblər ki, tezliklə rayonu tərk etməsə, başı ağrıya bilər...