"BU QƏDƏR ALİMİ OLAN ÖLKƏNİN ELMİ SIFIRDAN AŞAĞIDIR" – Partiya sədrinin “Təhsil RESEPTİ"

"AzerTaym.az" Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadənin ölkə təhsilinin mövcud vəziyyəti və çıxış yolları ilə bağlı "AzEdu.az"-da gedən müsahibəsinin aktuallığını nəzərə alıb,onu oxucularına təqdim edir.

O, Azərbaycan təhsil sistemində gördüyü çatışmazlıqları dilə gətirib. İlk növbədə isə vətəndaşa yüksək təhsil vermək üçün ölkədəki təhsil fəlsəfəsinin dəyişdirilməli olduğunu deyib:

“Azərbaycan təhsilinin fəlsəfəsi doğru müəyyənləşdirilməyib. Nədən ötrü təhsil verildiyi və bu təhsildən ölkə üçün necə istifadə olunacağı bəlli deyil. Bu fəlsəfə heç təhsil haqqında qanunda da öz əksini tapmayıb. Nə təhsil alanın, nə də təhsil verənin fəaliyyətində bunların heç biri yoxdur. Ona görə də ilk növbədə Azərbaycan təhsilinin fəlsəfəsi düzəldilməlidir. Vətəndaş təhsil alaraq nələrə nail olacağını doğru-dürüst bilməlidir”.

O, şagirdlərin şəxsiyyət kimi yetişmədiyini, onların alternativ fikir bildirmək, polemika aparmaq imkanının tanınmadığını bildirib:

“Təəssüf ki, təhsil haqqında qanunun orta məktəb şagirdlərinə şamil olunan hissəsi sovet dövründən qalmadır. Müəllim və məktəblilərin üzərinə əlavə yüklər qoyulur. Azərbaycan məktəblərində şəxsiyyət olaraq formalaşma amili çox aşağıdır. Demək olar ki, yoxdur. Hətta yaxşı təhsil verən məktəbdə belə nadir hallarda şəxsiyyət kimi formalaşma elementləri üzə çıxır. Şagirdin beyninə yeridilir ki, müəllimin hər dediyini eşitməlisən. Onun müəllimlə mübahisə, polemika aparmasına, özünü təsdiq və ifadə etməsinə imkan verilmir. Şagird kitabdakını əzbərləyib doğru cavab verərək “5” alır. Onun ziddiyyətli fikirlərə münasibət bildirmək, mübahisə etmək kimi imkanları qətiyyən tanınmır. Hətta bəzən ali məktəblərdə də universitetdən xaric olunma, qiymətləri kəsmə, dekanın, rektorun xəbərdarlığı kimi hədə-qorxu və cəza variantlarından istifadə olunur. Belə olduqda şəxsiyyəti aşağılanmış, kifayət qədər formalaşmayan insan yetişir. Nə orta, nə də ali məktəblərdə şəxsiyyət kimi formalaşma çox azdır”.

Sabiq millət vəkili şagird və tələbələrdə şifahi nitq qabiliyyətinin olmadığını da vurğulayıb:

“Şagirdlərin danışa bilməmələri, özünüifadə imkanlarının məhdudluğu ilə yanaşı şifahi nitqin inkişafında da problemlər var. Orta və ali məktəblərdə ixtisasından asılı olmayaraq danışıq tədris olunmalıdır. Özünüifadənin şifahi formalarına Azərbaycanda çox az təsadüf olunur. Yazılı nitqdə şagirdlər və tələbələr daha aktivdirlər, özlərini ifadə edə bilirlər. Şifahi özünüifadə forması isə adi məişət danışığından kənara çıxmır. Ləhcə amili harada yaşamasından asılı olmayaraq bizim şagirdlərin danışıqda yol verdiyi ən böyük qüsurlardan biridir. Bu da şifahi nitqin tədris olunmamasından qaynaqlanır. Tələbələr mühazirəni yazır, qeydlər aparırlar. Seminarlarda cavab verəndə isə şablon, kitabda yazılanlar, mühazirədə eşidib qeyd etdiklərni yaradıcılıqdan kənar şəkildə danışırlar. Bu, şifahi nitqin inkişafı deyil, əzbərçilikdir. Şifahi nitqin inkişafı üçün yaradıcı metodlardan istifadə olunmalıdır. Şagird və tələbələrin özünüifadəsi üçün fərqli, tədris olunmamış mövzular ətrafında danışılmalıdır. Məsələn, birinci sinif şagirdlərinə hər il eyni – “mən yay tətilini necə keçirdim?” mövzusunda inşa yazdırılır. Hamısı da valideyni, doğmalarının köməyi ilə inşa formasında nəsə yazır. Amma bunu sual-cavab və polemika şəklində bir neçə şagird arasında qursalar və sonra onu yazılı deyil, şifahi formada etsələr, onda yeni yaradıcılıq çalarları, özünüifadənin fərqli formalarını aşkarlaya bilərlər”.

Onun sözlərinə görə tədrisin keyfiyyətini qaldırmaq, müəllimləri kənd məktəblərinə cəlb etmək üçün maddi stimul olmalıdır:

“Tədrisin keyfiyyətini qaldırmağın birinci şərti müəllimlərin maddi təminatının, onların əməyinə verilən qiymətin düzgün hesablanmasıdır. Bu gün müəllim müxtəlif sahələrdə istismar olunur. Onun aldığı vəsaitin miqdarı o həddə olmalıdır ki, o, məhz biliyinə görə qiymətləndirilmənin meyar olduğunu görüb tədrisə yönəlsin. Əgər müəllimin maddi təminatı doğrudan da çox yüksək səviyyədə olacaqsa, müəllim öz peşəsi və auditoriyadakı yerinə hörmət edərək onu qorumaq üçün hər gün öz üzərində çalışacaq. İndiki şəraitdə müəllimlər məcburən attestasiyadan keçirilir. Mən o testlərin çoxuna baxmışam. Orta məktəb şagirdlərinin biliklərindən də aşağı səviyyədədir. Çünki onları çətinləşdirib müəllimləri auditoriyadan kənarlaşdırmaq istəmirlər. Niyə bu gün Azərbaycan kəndləri sürətlə boşalır? Mən dəfələrlə statistikaya baxmışam. Heç uzağa getməyək, “Abituriyent” jurnalının son saylarında kənd məktəblərinin statistikasına diqqət yetirin. Elə kənd var ki, on illərdir oranın bircə nəfər şagirdi belə ali məktəbə qəbul olmur. Sizcə, həmin məktəblərə başqa yerdən müəllim gətirmək üçün hansı stimul var? Maaş yüksəkdir, yoxsa böyük güzəştlər var? Bunlar olmadığı təqdirdə müəllimlər şagird yetişdirə bilməyəcək və bir yerdə cəmlənəcəklər”.

O, ali məktəbi güclə oxuyub bitirənlərin bu gün məktəblərdə aparıcı müəllim olduqlarını bildirib:

“Bu gün ən yaxşı müəllimlərin əksəriyyəti repetitorluqla məşğuldurlar. Hamı da elə bilir ki, onlar bunu sevərək edirlər. Xeyr, onlar sadəcə, buna məcburdurlar. Çünki bu adamlar 168-200 manat maaş alırlar. Onlar bu gün dərs yükünə görə 500 manat almış olsaydılar, repetitorluq etməzdilər. Çünki zatən repetitorluqla da bundan yuxarı almırlar. Maaşları yüksək olsaydı, onlar bütün güclərini auditoriyaya verərdilər. Müəllimlərin üzərində bir məsuliyyət olardı ki, şagirdlərinin göstəriciləri aşağı olarsa, işlərini itirə bilərlər. Bu, əslində? qınanmalı deyil. Ölkədə müəllimin verdiyi əməyə qiymət o qədər aşağı olub ki, ADPU, ADU, BDU, BSU-nun ən aşağı oxuyan, ən az balla diplom alan tələbələri orta məktəblərdə müəllimdirlər. Faciə buradan başlayır. O adamlar universitetdə “3”-ü güclə alıb kursdan kursa keçib, əksəriyyəti azərbaycansayağı xahiş-minnətlə oxuyublar. Amma bu gün məktəbin ən aparıcı müəllimləridirlər”.

İqbal Ağazadə bizdəki Boloniya sisteminin dünya təcrübəsindən əsas fərqlərini də izah edib:

“Boloniya bizdə yarımçıq sistem kimi tətbiq olundu. Əgər tədrisin yalnız semestrlər arası dövrü Boloniyanı xatırladırsa, deməli, bu yarımçıqdır. Əvvəlcə, sistemi mükəmməl tədris etmək lazımdır. Elə bilirik ki, bir az Boloniyanın, bir az Makarenkanın çətin tərbiyə olunan uşaqlar sistemindən qarışdırmaqla yeni təhsil strategiyası yaratmışıq. Dünyada bunun analoqu yoxdur. Bu, reallıqdır ki, bizim tətbiq etdiyimiz şey ciddi uğur gətirmir. Buna görə də əvvəlcə bu sistemi mükəmməl tətbiq etmək, sonra nə isə danışmaq lazımdır. Bu gün Azərbaycanda nə Boloniya, nə də sovet dövründə qalma sistem var, heç biri yoxdur. Bu, yarımçıq, adı bəlli olmayan sistemdir. Ola bilər ki, semestr imtahanlarında bal toplanması qaydası qismən Boloniyanı xatırladır. Bəs, hansı Boloniya sistemində qayıb var? Hansı Boloniya sistemində dərsə gəlməyən tələbənin universitetdən xaric olunması var? Tələbə niyə məcburən universitetə gəlməli, müəllimə cavab verməlidir?”

Onun fikrincə, tələbə dövlət təhsil müəssisəsində ödənişli əsaslarla oxuya bilməz:

“Dövlət sistemi ilə pullu sistem qarışıqdır. Tutaq ki, mən 700 bal toplamışam və prezident təqaüdçüsüyəm. Gəlib BDU-nun hüquq fakültəsini seçmişəm. 500 bal toplayıb ödənişli əsaslarla oxuyan da mənimlə eyni auditoriyada oturur, eyni diplom alırıq. Yəni, təhsilin stimulu yoxdur. Dövlət və özəl sistemi ayırmaq lazımdır. Adında dövlət müəssisəsi olan yer pulla ola bilməz. Bir auditoriyada iki kateqoriya pullu və pulsuz kateqoriya olmamalıdır. Bu, istənilən halda insanların hüquqlarını pozmaq deməkdir. Dövlət şərt qoymalı, hər tələbə ilə müqavilə bağlamalıdır ki, sən 4 ilin sonuna qədər üzərinə düşən imtahanları verib 50 balı toplaya bilmədinsə, sənin dövlət sifarişli təhsil hüququn əlindən alınır. Artıq sən pulsuz təhsil ala bilməyəcəksən və dövlətə bu qədər vəsait ödəyəcəksən. Bunun üçün öncə tələbəyə şərait yaratmaq lazımdır. Sistem özü bütövlükdə doğru dürüst təqdim olunmalıdır. Mən 1989-1994-cü illərdə BDU-da oxumuşam. Bizim bir müəllimimiz var idi. Ona deyirdim ki, mən sizin dərsinizə gəlmirəm. Soruşurdu ki, niyə? Dedim “sənin danışdıqlarından daha artığını mən ədəbiyyatdan oxuyuram. Məndən imtahanda soruşarsan, cavab verəcəm. Qayıba görə sən məni qova bilməzsən. Heç kim məni universitetdən qova bilməz. Sənin dərsini bəyənmir və gəlmirəm. Bu qədər sadə”. Mən bir dəfə universitet rektorlarından birinə də demişəm ki, qismən savadlı kadr yetişdirə bilərsiniz, amma şəxsiyyət formalaşmır. İnsanlar şəxsiyyət kimi doğru-dürüst formalaşmalıdırlar. Tələbələrin hüquqları üçün o qədər dəqiq konturlar müəyyən olunmalıdır ki, o, ondan cəmiyyətə faydalı insan olsun”.

O, gənclərin elm sahəsinə cəlb edilməsinin və elmi işlərin araşdırılması üçün pul ayrılmasının vacib olduğunu da dilə gıtirib:

“Gəncləri elmə cəlb etmək üçün öncə AMEA anlayışı bütövlükdə dəyişdirilməlidir. Bütün sahələr konkret praktik ünvanlara verilməlidir. Məsələn, geologiya, minereologiya, geodeziya, neft və s. Akademiyada bununla bağlı nə qədər desən institutlar var. Bunlar niyə Neft və Sənaye Universiteti və ya onunla birgə Dövlət Neft Şirkətinin tabeliyinə verilmir? Dövlət Neft Şirkəti sifariş verməli, deməlidir ki, filan sahələrdə bu elmi tədqiqatlara ehtiyacım var və bunun üçün vəsait ayırıram. Məsələn, quruda neft istehsalının səmərələşdirilməsi ilə bağlı ən yaxşı praktikada tətbiq olunacaq elmi iş üçün 100 000 manat ayrılır. Onlarla adam qoşulur, gedib tədqiq edir və araşdırır, sonda isə pul alırlar. Dünyanın hər yerində elmi iş yazan adamlar pul qazanır. Bizdə isə pulu verib elmi iş müdafiə edirlər. Bu, çox dəhşətli yanaşmadır. Çünki elmin praktikada nədən ötrü olduğunu heç kim bilmir. Onun fəlsəfəsi düzgün qoyulmayıb”.

İqbal Ağazadə həmçinin, elmi işlərin 1930-cu illərdən qalma, lazım olamayan mövzularda olduğunu dilə gətirib:

“Bu gün tarix, ədəbiyyatdan nə qədər dissertasiyalar yazılıb, doktorluq işləri müdafiə olunub. Hamısı da heç kimə lazım olmayan mövzularda. Çünki onun sifarişçisi yoxdur. Təhsil Nazirliyi sifariş verməlidir. Məsələn deməlidir ki, mənim tariximin XI-XII əsrləri, e.ə. IV-V əsrlər və s. araşdırılsın. Bu mövzuları araşdırmaq üçün bu qədər vəsait ayırıram və konkret 5 elmi işə ehtiyacımız var. Mövzuları artıq alimlər bölür. Məsələn XI-XII əsrlər üçün hansı sahələr araşdırılmalıdır: mədəniyyət, ədəbiyyat, idarəçilik, kənd təsərrüfatı və s. Bu istiqamətdə müdafiə olunur və alim bunu müdafiə edərək pul qazanır. Həm alim olur, həm də alim kimi pulundan yararlanır. Eləcə də dövlət də ondan xeyir götürür. Amma bizdə gedib, 1930-cu illərin elmi işlərini bir-bir çıxarırlar. Kimə baxırsan, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və Mirzə İbrahimovun yaradıcılığını müdafiə edib. Bu, indi də davam edir. Axı bu mövzular kimə lazımdır?! Mənim dostlarımdan biri ərəb dilində on ikinci “vav”ın istifadə xüsusiyyətləri üzrə elmi iş müdafiə etmişdi. Mən onun müdafiəsindən sonra belə bir söz dedim: “Ərəb dövlətlərinin heç birində on ikinci “vav”ın işlənmə xüsusiyyətlərini araşdırmamışdılar, ümid bircə sizəmi qalmışdı?” Axı bu elmi kəşf deyil. Bu, özünü alim adına, elmə calaq etməkdir. Təəssüf ki, bizdə insanları elmə calaq edirlər. Bunun praktik əhəmiyyəti yoxdur. Bu qədər alimi olan ölkənin elmi sıfırdan aşağıdır. Bir dənə də elmi uğuru yoxdur. Üstümə nə qədər desəniz düşə bilərlər ki, biz dünyanı dağıtmışıq. Xeyir. Mən çoxsaylı kitablar oxuyur, xeyli məlumatlar alıram. Amma bir azərbaycanlının adına rast gəlməmişəm”.






Fikirlər