UNİVERSİTETLƏRİMİZİN ADI İLK MİNLİKDƏ BELƏ YOXDUR - REYTİNQDƏ

Son günlər bir sıra özəl ali məktəblərin ləğv olunacağına dair şaiyələr dolaşır. Bu məsələ sosial şəbəkə və media ilə yanaşı ictimaiyyətdə də ciddi müzakirə mövzusuna çevrilib. Əlbəttə, mövcud halla bağlı müxtəlif fikirlər səsləndirilir. Kimi bunun Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət göstərəcəyini iddia edir, kimi isə həmin tendensiyanın arxasında başqa maraqların durduğunu deyir. Və bildirilir ki, sosial şəraitinin zəif olduğu dönəmdə özəl ali məktəbləri sıradan çıxarıb, bir çoxlarını işsiz qoymaqla ölkəmizdə narahatlıq yaratmaq istəyənlər var. 

İddiaları dəyərləndirən təhsil eksperti Kamran Əsədov Sherg.az-a açıqlamasında qeyd edib ki, dünyanın heç bir dövlətində hər hansı bir iqtisadi qarışıqlıq yaratmaq üçün ali təhsil müəssisələri ixtişaş obyekti ola bilməz: 
"Amma tarix boyu tələbələr mitinqlərin, üsyanların iştirakçısına, hərəkətverici qüvvəsinə çevriliblər. Azərbaycanda da 90-cı illərdə baş verən siyasi proseslərin böyük əksəriyyəti məhz universitet tələbələri arasında, yataqxanalarında başlamışdır. Hazırda isə Azərbaycanda hər hansı sosial, siyasi partlayış ola bilməz. 2010-cu ilə qədər elita ali təhsil müəssisələrinin yaradılmasında maraqlı idi. İndi isə rəqabətə davamlı, daha keyfiyyətli, beynəlxalq standartlara cavab verən ali təhsil müəssisələrinin yaranmasını istəyirlər. Regionlarda yerləşən universitetləri də nəzərə almaqla, hazırda 52 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onların içərisində beynəlxalq standartlara cavab verən, Avropa ölkələrinin, Fransanın, İngiltərənin ən nüfuzlu universitetləri ilə rəqabət aparacaq Azərbaycan Diplomatik Akademiyası da var. ADA-nın infrastrukturu, müəllim-tələbə heyəti, tədris metodları dünyanın ən aparıcı universitetlərinin reytinqinə düşə biləcək səviyyədədir. 
Dövlətimizə bu tip kadrlar hazırlayan ali təhsil müəssisələri lazımdır, nəinki yalnız binadan, partadan və tələbədən ibarət olan, heç bir heç bir elmi üstünlüyü olmayan və magistratura, doktorantura səviyyəsində təhsil verməyən universitet. Buna görə, Azərbaycan universitetlərinin reytinqini müəyyənləşdirən ilk məsələ qəbul imtahanlarında abituriyentlərin buranı niyə və hansı balla seçməsidir. Plan yerləri ümumilikdə, bu il 80 faiz doldu və 20 faiz boş qaldı. Elə universitetlər oldu ki, hətta 90 faiz yer boş qaldı. Abituriyentlərin həmin universitetləri seçməməyinin səbəbi isə internetdən, cəmiyyətdən, qohumdan tanışdan məlumat toplayıb, təhsil müəssisəsindəki tədrisin aşağı səviyyədə olmağını araşdırmasıdır. Qafqaz universiteti istisna olmaqla bağlanan özəl universitetlərdə çalışan müəllimlər uzun müddət orada fəaliyyət göstərənlərdir". 
Ekspertin fikrincə, fəaliyyətini davam etdirən bəzi özəl universitetlər var ki, orada çalışan müəllimlərin əksəriyyətinin elmi dərəcəsi yoxdur: "
Onlar elmi tədqiqat mövzusu üzrə məqalələr hazırlamırlar, ölkənin ictimai-siyasi həyatında, elmi ictimaiyyətdə mühüm rola malik deyillər. Bağlanan universitetlərin işçiləri əmək məcəlləsinə görə tənzimlənir. Təkcə özəl universitetləri deyil, dövlət universitetlərini də misal gətirmək olar. Bildiyimiz kimi, 2015-ci ildə Azərbaycan müəllimlər institutu bağlandı. Onun bütün insan resursları, kadr potensialı Azərbaycan Dövlət Pedoqoji Universitetinə (ADPU) verildi. Kafedralar belə tənzimləndi ki, eyni ixtisasa daxil olanlar bir kafedrada birləşdilər. Yalnız yüksək elmi dərəcəsi olan, məqalələri çoxsaylı, kifayət qədər yuxarı reytinqə malik müəllimlər əmək fəaliyyətini davam etdirdi. Zəif göstəriciyə sahib olan, işi yalnız universitetə gedib-gəlmək, auditoriyada danışmaq olan müəllimlərin fəaliyyətinə isə əmək məcəlləsinə uyğun şəkildə xitam verildi. Hesab edirəm ki, bu yenə də belə idarə olunacaq. Yenə də nüfuzlu müəllimlər, elmi işlər hazırlayanlar, ictimai nüfuz qazanmış müəllimlər işlədiyi müəssisə bağlandıqdan sonra fəaliyyətini davam etdirəcək. Bundan əlavə universitetlərin bağlanması kütləvi şəkildə müəllimlərin işsizliyinə gətirib çıxarmayacaq. Çünki hazırda 70 faizə qədər özəl universitet müəllimləri həm də dövlət universitetlərində, digər işlərdə çalışırlar. Əmək məcəlləsi və universitetlərin rəhbərliyi də bu müəllimlərin iki yerdə işləməsinə icazə verib. Bundan əlavə heç bir qüvvə tədris resurslarından istifadə edib, ölkədə hər hansı qarışıqlıq yarada bilməz. Çünki universitetdə çalışan müəllimlərin sayı o qədər çox deyil ki, hansısa geniş ictimai narazılığa gətirib, çıxartsın. Bu gün orta məktəblərdə çalışan müəllimlərin sayı 150 min, universitetlərdə çalışanların sayı isə 15-16 min nəfərdir. Elə də böyük say deyil.
Nəzərə alaq ki, universitet müəllimlərinin 12 minə qədəri dövlət universitetlərdə və ya digər dövlət müəssisələrində çalışan şəxslərdir. Onların arasında milli məclisin üzvləri, dövlət administrasiyasında, icra orqanlarında, çalışanlar da var. Universitetlərin bağlanması müəllimlərin işini itirməsinə gətirib çıxarmayacaq.
K. Əsədov onu da əlavə edib ki, bu islahatlar keyfiyyətə aparan addımdır, Azərbaycan əmək bazarına, Azərbaycan hökumətinə keyfiyyətli universitet lazımdır: "
Bir məsələni diqqətə çatdırım ki, bizim universitetlərinin adı dünya reytinqində ilk minlikdə belə yoxdur, halbuki özəl universitetlərimizin təhsil haqqı həmin siyahıya düşən universitetlərin təhsil haqqından çoxdur. Məsələn, Türkiyənin bölgələrdə yerləşən universitetləri var ki, təhsil haqqı 100-150 manat civarındadır, amma reytinqinə görə, Azərbaycan universitetlərindən irəlidədir. Bu səbəbdən dövlət təhsil haqlarını tənzimləməlidir. Özəl universitetlər hansı haqla 2000-5000 manat təhsil haqqını tələb edirlər. Artıq universitetlərimiz Azərbaycan tələbələrini qəbul etməklə kifayətlənməməlidir. Xaricdən də tələbə axını cəlb olunmalıdır ki, onların gəlirləri artsın. Ali təhsil müəssisələri gəlirlərini düzgün istifadə edə bilsələr, tədris üsulunu da normallaşdırmaq olar. Bu il Azərbaycana xaricdən cəmi 260 tələbə oxumağa gəlib. Amma bizim tək Türkiyədə oxuyan tələbələrimizin sayı 15 min nəfərdir. Rusiya, Ukrayna, Dağıstanda isə 22 min nəfər təhsil alır. Ümumilikdə, 40 minə yaxın azərbaycanlı tələbə xaricdə oxuyur, amma ölkəmizə cəmi 260 tələbə gəlir. Deməli, universitetlərimizin normal tədrisi olsaydı, azərbaycanlılar xaricə üz tutmazdı, xaricdən isə bura tələbə axını artardı".

 






Fikirlər