Nazirlər Kabineti orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması ilə bağlı qərar verib.

ANS PRESS-in məlumatına görə, 14 kollec birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib. 

Kolleclərin birləşdirilməsi Azərbaycanda bəzi ali təhsil müəssisələrində də birləşdirilməsi məsələsini gündəmə gətirir.
Nəzərə almaq lazımdır ki, bir çox ali təhsil müəssisələrində bir-birini təkrarlayan fakültələrin və ixtisasların tədris edilməsi onların bəzilərinin birləşə biləcəyini mümkün edir. Hazırda Azərbaycanda 53 filiallar da daxil olmaqla dövlət və özəl ali təhsil müəssisələri fəaliyyət göstərir. Amma bu təhsil ocaqlarında bir-birini təkrar edən , eyni istiqamətli fakultələrin sayı həddindən artıq çoxdur. Halbukli bu fakultələrin məzunlarının əksəriyyəti universiteti bitirdikdən sonra öz ixtisasları üzrə fəaliyyət göstərmirlər . Bu isə ixtisaslı kadrların yetişidirilməsi əvəzinə , daha çox plan yerlərini doldurulmasına xidmət olunur.



XXI Əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin sözlərinə görə, eyni ixtisaslar olan ali məktəblər rasionallaşmalıdır. 

“Azərbaycanda bəzi ali təhsil müəssisələrinin də birləşdirilməsinə ehtiyac var. Hansı ali məktəbin kadr hazırlığı yüksək səviyyədədirsə, bunlar analiz olunmalı və onların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində iş görülməlidir. Bəzi universitetlərdə təkrar ixtisaslar tədris olunur”,-deyə mütəxəssis bildirdi. 


Etibar Əliyev - XXI Əsr Təhsil Mərkəzinin rəhbəri


E.Əliyevin sözlərinə görə, Azərbaycanda universitetlər arasında rəqabət mühiti yoxdur. 

“Əgər rəqabət mühiti yaradılarsa, ali təhsil müəssisələrinin birləşdirilməsinə ehtiyac qalmaz. Ümumilikdə universitetlərin hazırladığı kadrlar arasında təhsil səviyyəsi baxımından elə bir nəzərçarpan fərq olmur”,-deyə Etibar Əliyevin bildirdi. 

Təhsil üzrə ekspert Kamran Əsədov isə ali təhsil müəssisələrinin birləşdirilməsinin mənfi nəticələrinin ola biləcəyinin deyir. Onun sözlərinə görə, son zamanlar dövlət və qeyri – dövlət təşkilatlarının birləşdirilməsi maliyyə problemi ilə izah olunur:

"Amma bu addımlar öz növbəsində böyük işçi ixtisarlarına və növbəti illərdə isə qəbul plan yerlərinin sayının azalması ilə nəticələnə bilər. Nəticədə oxuyan və savadlı insanların sayı azala bilər”,-deyə ekspert bildirdi. 


Kamran Əsədov - təhsil üzrə ekspert


Kamran Əsədovun sözlərinə görə, ali təhsil müəssisəsinin çox olması isə rəqabət mühiti yaradır. 

"Universitetlərin eyni istiqamətdə təhsil verməsi, heç də onun ləğv edilməsinə əsas vermir. Ola bilər ki, biri digərindən daha keyfiyyətli təhsil verir. Amma ali təhsil müəssisəsi yaradılmazdan əvvəl bütün bunlar nəzərə alınmalıdır. Xaricdə universitetlər yaradılarkən hər bir detal ölçülüb-biçilir”,- deyə Kamran Əsədov qeyd etdi. 

Artıq Azərbaycanda ali təhsil müəssisələrinin birləşdirilməsi təcrübəsi var. Ötən il ərzində Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib. 

Həmçinin Müəllimlər İnstitutunun bir neçə filialı bağlanıb. Mingəçevir Müəllimlər İnstitutu ilə Mingəçevir Politexnik İnstitutu Mingəçevir Dövlət Universiteti adı altında birləşdirilib. Rabitə və Nəqliyyat Kolleci Texniki Universistetin nəzdinə, Maliyyə İqtisad Kolleci isə Dövlət İqtisad Universitetinin nəzdinə verildi. 

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov ANS PRESS-ə açıqlamasında bildirdi ki, hazırda universitetlərin birləşdirilməsi məsələsi müzakirə olunmur. Gələcəkdə digər ali təhsil müəssisələrinin birləşdirilməsinə gəldikdə isə o, bildirdi ki, planlarla əvvəlcədən fikir bildirmək doğru olmazdı.


Cəsarət Valehov - Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri


Xarici dövlətlərdə xüsusi ilə Avropada ali təhsil müəssisələri arasında rəqabət olduğu üçün demək olar ki, bu təcrübə həyata keçirilmir. Ola bilər ki, xarici universitetlərdə bir - birini təkrarlayan ixtisaslar var. Amma həmin universitet daha savadlı kadr yetişdirmək üçün rəqabətə girirlər. Həmçinin Azərbaycandan fərqli olaraq Türkiyədə universitetlər texniki, təbiət, humanitar elmlər üzrə ixtisaslaşıb. Bundan başqa OksfordKembric və digər universitetlərdə Nobel mükafatı laureatı müəllimlərin çalışması ilə reytinqlərdə birinciliyi əldə edirlər. 

Ümumilikdə universitetlərdə kadrların kəmiyyətinə deyil, keyfiyyətinə üstünlük verilməlidir. Jurnalist ixtisası üzrə 2 universitet kadr hazırlayır. Amma onların təhsil səviyyələri bir-birindən çox fərqlənir. Elə həmin ixtisasın bir universitetdə amma daha yüksək səviyyədə tədrisi çox yaxşı olardı.