Azərbaycanda ən güclü universitet hansıdır?
Hər kəsə bəllidir ki, istənilən xalqın inkişafı onun təhsili ilə sıx bağlıdır. Universitetlərimizin maddi-texniki bazası genişləndirilir. Xarici ölkələrin universitetləri ilə tələbə, müəllim mübadiləsi aparılır. Hətta elə universitetlərimiz varki, dünya universitetlərinin reytinq sıralamasına düşüb. Bəs Azərbaycanda təhsilin keyfiyyətinə görə ən yaxşı universitetlər hansılardır? Bu barədə Modern.az müxtəlif peşə sahiblərinin fikirlərini öyrənib. Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, bizim universitetlərin heç birinin dünya sıralamasında yeri yoxdur. “Buna səbəb kimi isə dövlətin elmə sərmayə qoymamasını göstərmək olar. Azərbaycanda digər ali təhsil müəsisələrindən bir az fərqli olanları isə Bakı Dövlət Universiteti, İqtisad Universiteti, ADA, Xəzər universiteti və Qafqaz Universitetidir. Bunları da ona görə deyirəm ki, bu universitetlərə daha çox diqqət ayrılır”. Yazıçı Seyran Səxavətin fikrincə, Azərbaycanda yaxşı universitetlər yoxdur. “Mən dünyada ən yaxşı universitet sualına daha asan cavab verə bilərəm. Çünki, bizdə təhsilin vəziyyəti hamıya bəllidir. Universitetlərin bazası bizim orta məktəblərimizdir. Bu məktəblər necə şagird hazırlayıb ora göndərirsə, onun əsasında da universitetlər formalaşır. Orta məktəblərimizdəki vəziyyət qətiyyət xoşagələn deyil. Təhsilimiz üzüaşağı gedir. İndi 1-ci sinif şagirdi repetitor yanına gedir. Halbuki əvvəllər vəziyyət belə deyildi. Bu cür vəziyyətdən sonra yaxşı universitet ola bilməz”. Müğənni Əli Mirəliyevin sözlərinə görə, Azərbaycanda yaxşı universitetlər haqqında danışmağa dəyməz. “Çünki yaxşı universitet yoxdur. Əgər Azərbaycanda yaxşı universitet olsaydı, insanların normal təhsili olardı. Ərindən boşanan necə müğənni olursa, universiteti bitirən də ortada qalır. Çünki başında heç nə olmur. Ona görə ki, pulla təhsil alır. Ümumiyyətcə Azərbaycanda təhsilin səviyyəsi çox aşağıdır”. Azvision.az-ın baş redaktoru Vüsal Məmmədov bildirib ki, təhsil üzrə ekspert olmadığına görə, cavabı xeyli subyektiv olacaq. “Subyektiv qənaətim belədir ki, ilk dörd yerdə bunlardır: BDU, ADA, Prezident Yanında İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti. Beşincini deməyə çətinlik çəkirəm. Təəssüf ki, texniki, dəqiq və təbiət elmlərini öyrədən ali məktəblərimizin hamısı zəifdirlər”.