Gələn ilin BÜDCƏSİNDƏN də şəhid ailələrinə vəsait AYRILACAQ
“2019-cu ilin dövlət büdcəsi sosialyönümlü olacaq”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Komitə sədrinin sözlərinə görə, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən dövlət başçısı İlham Əliyev deyib ki, 2019-cu ilin dövlət büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olacaq. “Və o cür də büdcə parlamentə gəlib. Büdcə müzakirələri zamanı biz də sosial müdafiənin gücləndirilməsi üçün müəyyən təkliflərimizi verəcəyik. Bildiyimiz kimi, cənab prezident İlham Əliyev tərəfindən böyük addım atılaraq, şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsini nəzərdə tutan sərəncam imzalanıb. Həmin sərəncamın icrasını həyata keçirmək üçün müəyyən hissə vəsait bu ilin büdcəsindən, qalan vəsait isə 2019-cu ilin dövlət büdcəsindən ayrılacaq”.