Məşəl bu gün Bakıya qayıdır...

Məşəl bu gün Bakıya qayıdır...Bakı-2015 Avropa Oyunlarının məşəl proqramı çərçivəsində aprelin 26-da Odlar Yurdu Azərbaycanın qədim və müqəddəs Atəşgah məbədində alovlandırılan Bakı-2015-in məşəli ölkə boyunca 60 rayona səyahət edərək bu gün Bakıya qayıdır.


Öz misiyasını yerinə yetirən Bakı-2015-in məşəli iyunun 12-də təşkil olunacaq açılış mərasiminədək təxminən 5500 km məsafə qət edəcək.

"AzerTaym.az" xəbər verir ki, bu gün Bakıda məşəlin qarşılanma mərasimi keçiriləcək. Mərasimdə prezident İlham Əliyev və digər dövlət rəsmilərinin də iştirakı gözlənilir.
İyunun 7-dən Oyunların açılış gününə qədər paytaxtda maraqlı tədbirlər həyata keçiriləcək. Onların sırasına 8 iyun tarixində İdman arenaları günü, 9 iyunda İçərişəhər günü, 10 iyunda İncəsənət və memarlıq günü, 11 iyunda isə Məşəl proqramının son günü olaraq keçiriləcək tədbirlər daxildir.

Məşəlin Bakıdan keçəcəyi marşurut da bəllidir. Belə ki, iyunun 7-də yenidən qurulmuş Ağ Şəhər bulvarına, Neftçilər prospektinə və Dövlət Bayrağı Meydanına səfər etməzdən əvvəl məşəl qayıqda möhtəşəm mərasimlə Bakıya gətiriləcək. Sonra məşəl Bakıda qalacağı bir gecəlik müddət üçün Qız Qalasına aparılacaq.

Bazar ertəsi iyunun 8-də məşəl “Bakı-2015” Avropa Oyunlarının keçiriləcəyi doqquz məkandan keçəcək. Həmin məkanlara Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh Çimərliyi, Tofiq Bəhramov adına Stadion, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosiped Veloparkı daxildir.

“Bakı-2015”-in məşəli çərşənbə axşamı iyunun 9-da bir çox tarixi önəmli binalara aparılaraq, UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən gözəl İçəri Şəhərə səyahət edəcək. Buraya UNESCO-nun Azərbaycan arxitekturasının mirvarilərindən biri kimi adlandırdığı məşhur Şirvanşahlar Sarayı da daxildir.

Məşəlin növbəti səfəri iyunun 10-da, çərşənbə günü Bakının mədəniyyət və memarlıq obyektlərinə - Nizami küçəsinə, Fəvvarələr meydanına, Mərkəzi Parka (Qış Parkı), Filarmoniya Parkına və nəhayət, Funikulyorun yuxarı hissəsində yerləşən Dağüstü Parka ediləcək.

“Bakı-2015”-in məşəli iyunun 11-də final üçün Qız Qalasından götürüləcək və iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Sadko limanına aparılacaq.

Qeyd edək ki, Məşəl səyahətində 150 yaradıcı komanda iştirak edib və 132 nəqliyyat vasitəsindən istifadə olunub. Bakı-2015-in məşəl və çırağını isə YARAT-ın bədii rəhbərliyi ilə Sebastian Berqne dizayn edib. Səyahət zamanı ümumilikdə 1000-dən çox məşəlçi iştirak edib.






Fikirlər