BAĞÇA TƏRBİYƏÇİSİ: Uşaqlara içində bit olan YEMƏK VERİRLƏR

Dövlət tərəfindən bağçaya bütün zəruri ərzaqlar ayrılır. Amma ərzaqlar uşaqlara çatmır. Uşaqlara üzəri qurd basmış makaronlar verirlər.

Bu sözləri Oxu.Az-a Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Nuridə Mirzəyeva deyib.

Tərbiyəçi çalışdığı bağçada uşaqlara verilən yeməklərin keyfiyyətindən narazı olduğunu deyib:

“Hər dəfə mən yeməklərlə bağlı iradlarımı bildirirəm. Bu özbaşınalığa göz yummadığım üçün hər kəs mənə qarşı cəbhə alır. Hər dəfə mən deyirəm, 1-2 həftə qaydasına düşür, daha sonra yenə bu cür keyfiyyətsiz şəkildə yeməklər verirlər. Duru yağla şorba bişirirlər, üzərində də bitlər. O yeməyin qoxusunu sizə izah edə bilmirəm. Balaca uşaqlar onu necə yesinlər? Hətta “yeməklərin” görünüşündən iyrənirəm, uşaqlar necə yesin?”

Tərbiyəçi iddia edir ki, valideynlər hər ay əlavə olaraq bağçaya 20 manat pul da ödəyir ki, uşaqların yemək-içməyinə nəzarət olsun. Amma uşaqlar evə ac qayıdır:

“Məsələ ilə bağlı sonuncu dəfə bağça müdiri Aybəniz Hüseynova ilə həftənin çərşənbə günü danışmışam. Ondan dövlət tərəfindən bağça üçün ayrılan zəruri qidaların yağ, pendir, südün haraya yoxa çıxdığını soruşdum. Bu günə qədər uşaqlar bu məhsullardan ağızlarına belə vurmayıblar. Ancaq şorba, şorba və şorba.

Normal şəkildə iradlarımı bildirib otaqdan çıxdım. Günorta saatlarında Aybəniz xanımın halı pisləşib. Bağçaya həkim gəlib. İddia edirlər ki, bizim aramızda dava olub və müdirin halı pisləşib. Axşam isə icradan nümayəndə gəlib ki, sizdən şikayət var. Nümayəndə gəldi və məsələ ilə bağlı hamını bir-bir dinlədi.

Onlar da təsdiqlədilər ki, bizim aramızda dava olmayıb. Nümayəndənin mənə son sözü bu oldu ki, icra başçısının əmri var, akt tərtib olunaraq sizi işdən azad edəcəyik. Arqument olaraq isə mənə deyirlər ki, səlahiyyətlərimi aşaraq mətbəxə daxil olmuşam. Bu hansı qanunda var? Müəllimə kimi uşaqların haqqını tələb edirəm.

Beş ildir bu bağçada çalışıram, heç bir valideyn, heç bir həmkarımla aramda mübahisə yaşanmayıb. Sizi əmin edirəm ki, dövlətin bağça üçün, uşaqlar üçün ayırdığı ərzaqları başqa adamlara satır. Uşaqlar hələ bu günə qədər süd görməyibər”.

Tərbiyəçi iddia edir ki, icra nümayəndəsi və bağça müdirəsi Aybəniz Hüseynova onu polislə hədələyərək, bu işlərə qarışmamağı deyib.  

Məsələ ilə bağlı bağça müdiri Aybəniz Hüseynova ilə əlaqə saxladıq. O isə haqqında söylənilən iddiaları təkzib edərək, həqiqəti əks etdirmədiyini deyib:

“Nuridə müəllim bağçada bütün müəllimlərə şamil edilən qaydalara riayət etmir. İşə vaxtında gəlmir. Dediklərinin hamısı yalandır. Bizim aramızda gedən mübahisənin mövzusu başqa olub. Mən ona qaydalara riayət etməsini, bağçada valideynlərdən pul yığıb tədbir keçirməməsini demişəm.

Dəfələrlə xəbərdarlıq etmişəm. Amma o, bu xəbərdarlıqlarıma fikir verməyib. Mən 45 ildir bu sistemdə çalışıram, ömür boyu mənim bağçamda keyfiyyətsiz yemək söhbəti ola bilməz. İşçilər arasında əsassız fikirlər yayır. Rəhbər olaraq mənim tələblərimə əməl etmir. Dəfələrlə göz yumsam da, bu dəfə artıq mənim rəhbərlik səlahiyyətlərimə xələl gətirəcək iddialar edir.

Bu gün bağçada bir qrup valideyni başına toplayaraq səs-küy salıb. Bu barədə aidiyyəti orqanlara yazılı şəkildə müraciət etmişəm. Sabah uşaqlardan birinə bir şey olsa, mən cavabdehəm. Bağçada yeddi qrup var. Altı qrupun uşaqları, valideynləri, təlim-tərbiyəçiləri hər şeydən razıdır, bir bu Nuridə müəlliminin qrupu və valideynləri əsassız şikayətlər edirlər”.

Tərbiyəçinin işdən çıxarılması barədə danışmaq istəməyən müdir dedi ki, buna icra hakimiyyətindən aidiyyəti şəxslər qərar verəcək:

“Mən tərbiyəçi ilə bağlı şikayətlərimi yazılı şəkildə bildirmişəm. Məsələyə aidiyyəti şəxslər nəzarət edir. Araşdırma aparılır. Müəllimin fəaliyyəti ilə bağlı məsələyə yekun qərarı onlar verəcək”.

Lənkəran rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımızı açan olmadı.






Fikirlər