“Nar”-dan EŞİTMƏ VƏ NİTQ məhdudiyyətli insanlara NÖVBƏTİ DƏSTƏK
“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində sosial aksiyalarını davam etdirir. Mobil operatorun növbəti layihəsi fiziki məhdudiyyətli insanlara dəstəkdir. AzerTaym.az xəbər verir ki, “Nar” eşitmə və nitq məhdudiyyəti olan insanlarla ünsiyyət qurmağı asanlaşdırmaq, onların cəmiyyətə inteqrasiyasına kömək etmək məqsədilə “Səssiz dünyaya körpü” adlı kitabı nəşr etdirib. Kitab eşitmə və nitq məhdudiyyətli şəxslər, onların valideynləri və ailə üzvləri, gənclər, tələbələr və ümumiyyətlə, bu qrup insanlarla ünsiyyət qurmaq istəyən hər kəs üçün nəzərdə tutulub. “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin dəstəyi ilə hazırlanan vəsait eşitmə və nitq məhdudiyyəti olan insanların işarət dilində olan sözlərini jestlərlə izah edəcək. Məlumat xarakterli vəsait sayəsində ailəsində bu cür fiziki məhdudiyyəti olan insanlar daha çox söz toplusu əldə edəcək və ünsiyyət zamanı çətinlikdən uzaq olacaqlar. "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İB-nin rəhbəri Cəmilə Abdulovanın sözlərinə görə, eşitmə və nitq məhdudiyyəti olan insanlarla ünsiyyət qurmağı asanlaşdıracaq məlumat xarakterli kitaba böyük ehtiyac vardı: “Bizm İctimai Birliyə bu kitab üçün çoxsaylı müraciətlər daxil olurdu. İnanıram ki, birgə əməkdaşlığımız sayəsində yeni üzlükdə çap edilən "Səssiz Dünyaya Körpü" kitabımızdan çoxlu sayda insan yararlanacaq və bu vəsait vasitəsilə eşitmə və nitq məhdudiyyətli insanların "səssiz dünya"larına səs salmış olacaqlar. Bizə bu işdə göstədikləri böyük dəstək üçün “Nar”-a təşəkkür edirik”. “Azerfon”un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov “Nar”-ın dəstəyi ilə çap edilən bu kitabın eşitmə və nitq məhdudiyyəti olan insanlar və onların ailələri üçün yararlı olacağına inandığını bildirib: “Mobil Operator olaraq ünsiyyətin insanlar üçün çox önəmli olduğunu anlayırıq. Bizim təqdim etdiyimiz xidmətlər sayəsində insanlar məsafədən və məkandan asılı olmayaraq öz yaxınları və tanışları ilə ünsiyyətdə ola bilirlər. Əminəm ki, nəşr etdirdiyimiz “Səssiz dünyaya körpü” adlı kitab eşitmə və nitq məhdudiyyəti olan həmvətənlərimiz üçün yararlı vəsait olacaq və onlara daha çox ünsiyyətdə olmaq imkanı yaradacaq”. Qeyd edək ki, fiziki məhdudiyyətli şəxslərə dəstək “Nar”-ın KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Mobil operator fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunması istiqamətində bir çox uğurlu layihələr gerçəkləşdirib. “Nar” fiziki məhdudiyyətli insanların müxtəlif peşələrə yiyələnməsi üçün bölgələrdə “Təlim məktəbi” təşkil edib, eyni zamanda fiziki məhdudiyyətli insanların işlə təmin olunması üçün müxtəlif karyera sərgilərində iştirak edib. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki,“Azerfon” şirkətində hazırda fiziki məhdudiyyətli şəxslər çalışır.