Nazirlikdən isti havada işləyənlərlə bağlı- Xəbərdarlıq

Nazirlikdən isti havada işləyənlərlə bağlı- XəbərdarlıqƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, Əmək Məcəlləsinə əsasən, havanın temperaturu +41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən edilməli, işçilərə verilmiş bütün fasilələr iş vaxtına daxil edilməklə, aylıq tarıf maaşına hesablanmalıdır.

Bununla əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) mülkiyyət formasından asılı olmayaraq bütün işəgötürənləri xəbərdarlıq edərək, onlardan qanunvericiliyin tələblərinin yerinə yetirilməsini tələb edir.

Məlumat üçün bildiririk ki, DƏMX tərəfindən işəgötürənlərdə əmək qanunvericiliyinin qeyd olunan tələbinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri bu müddətdə gücləndiriləcək.

Qanunvericiliyin bu tələbinə əməl olunmamasına görə işəgötürənlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilə bilərlər. Belə ki, Məcəllədə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə görə müvafiq məbləğlərdə cərimələrin tətbiq olunması nəzərdə tutulur.






Fikirlər