İCRA BAŞÇISI KÜÇƏLƏRDƏ TƏBLİĞAT APARDI - FOTOLAR
Azərbaycan Respublikası Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın son göstərişlərinə uyğun olaraq koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri Nərimanov rayonu ərazisində də operativ şəkildə icra olunur. Nərimanov Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Operativ Qərargahın sədri, Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Qərargah sədrinin müavini, Qərargah üzvlərindən ibarət qruplar gün ərzində rayon ərazisində - Atatürk, Heydər Əliyev, F.X.Xoyski prospektlərində, Akademik H.Əliyev, A.Neymətulla, Təbriz və digər küçələrdə Nazirlər Kabineti Operativ Qərargahının son qərarları və göstərişlərinin icrası, ciddi karantin rejiminin tətbiqi ilə bağlı əhali arasında maarifləndirmə-təbliğat işlərində iştirak edirlər. Rayonun bütün küçə və binalarının əhatə olunduğu tədbirlərdə Operativ Qərargahın Nərimanov Rayon İcra Hakimiyyəti, Rayon Bələdiyyəsi, Mənzil-Kommunal Təsərrüfat Birliyi əməkdaşlarından ibarət 50 qrup istənilən yaşda olan vətəndaşları ciddi ehtiyac olmadıqca evdən çıxmamaları ilə bağlı və evdən çıxma hallarının yaradacağı risklərlə bağlı məlumatlandırırlar. Bütün təbliğat, ciddi karantin rejimi ilə bağlı maarifləndirmə, dezinfeksiya və yardımların göstərilməsi gün ərzində davam etdirilir. Həmçinin rayon ərazisində ehtiyacı olan, tənha və yaşlı vətəndaşlar daim nəzarətdə saxlanılır. Nərimanov Rayon İcra Hakimiyyəti sakinlərdən ciddi karantin rejiminə və Operativ Qərargahın göstərişlərinə riayət etmələrini xahiş edir.