Bütün PENSIYALAR köçürüldü
Respublika üzrə aprel ayının bütün pensiya ödənişləri başa çatıb. Modern.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, aprelin 8-10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə əmək pensiyalarının ödənişi aparılıb: "Bu gün isə respublikanın digər şəhər və rayonları, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyalar bank hesablarına köçürülüb. Pensiyaçıların yaxınları, ailə üzvləri evdən çıxmaq üçün müvafiq icazə əsasında, habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq". Qeyd edilib ki, xüsusi karantin rejiminin tətbiqi şəraitində sosial ödənişlərin vaxtından daha əvvəl həyata keçirilməsi və bankomatlar qarşısında vətəndaş sıxlığının qarşısının alınması üçün pensiya, müavinət, təqaüd və ünvanlı yardımların ödənişi qrafikində dəyişiklik edilmişdi.