Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb. Görüş zamanı nazirlər Ermənistan-Azərbaycan münaqişəsi ilə yanaşı, növbəti il ATƏT-in fəaliyyətdə olan sədri statusunda Almaniyanın sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi aparıblar. 

Almaniyanın XİN rəhbəri ATƏT-dən daha çox gözləntlərinin olduğunu qeyd edərək, təşkilatın modernləşdirilməsi kimi məsələlərin prioritet sahə kimi gündəliklərində olacağını nəzərə çatdırıb. Nazir E.Məmmədyarov ATƏT və onun strukturlarının, o cümlədən Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi ehtiyacın olduğunu vurğulayıb, ATƏT DTİHB-in Azərbaycanda keçiriləcək seçkilər ilə əlaqədar bəyanatının DTİHB-in mandatına zidd olduğunu, DTİHB-in tətbiq etdiyi seçki metodologiyasının ciddi surətdə yenidən nəzərdən keçirilməsinin vacibliyini bildirib.


Frank-Valter Ştaynmayer - xarici işlər naziri 

Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi qətnaməsinə toxunan Elmar Məmmədyarov əsassız və qərəzli olan bu qətnamə ilə Avropa Palamentində olan bəzi qüvvələrin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə zərbə vurduqlarını diqqətə çatdırıb. 

Ümumiyyətlə, son vaxtlara Qərblə Azərbaycan arasında münasibətlərin müəyyən dərəcə də gərginləşməsinin bir çox səbəbi var. Təbii ki, bunlardan biri seçki monitorinq qurumu sayılan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtinası və ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı hesabatına cavab olaraq yaydığı bəyanatıdır. Məhz bundan sonra rəsmi Bakı ilə təşkilat arasında soyuqlaşma yaranıb. 

Həmin bəyanatda deyilir: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Qiymətləndirmə Missiyasının Azərbaycan Respublikasında qarşıdan gələn parlament seçkiləri ilə bağlı 31 avqust 2015-ci il tarixli hesabatına cavab olaraq Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi təəssüf hissi ilə bildirir ki, seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlar həmin məruzədə qeyd edilməyib.

Əvvəlki dövrlərdə olduğu kimi, Qiymətləndirmə Missiyasının hesabatı Azərbaycan cəmiyyətinin baxışını tam spektri ilə əks etdirməyi bacarmayıb. Əksinə olaraq, DTİHB ekspertləri Azərbaycanda birtərəfli seçkiqabağı siyasi mənzərə təqdim etməyə cəhd edən bəzi üçüncü tərəf mənbələrinə istinad ediblər. Missiyanın fikrincə, Qiymətləndirmə Missiyasının hesabatı DTİHB seçki müşahidə metodologiyasının etibarlılığını sarsıdır və onun tövsiyələri Azərbaycanda genişmiqyaslı ATƏT / DTİHB müşahidə missiyasının yerləşdirilməsi üçün kifayət qədər əsas ola bilməz."


Elmar Məmmədyarov

Azərbaycan DTİHB-ın göndərmək istədiyi müşahidəçilərin sayının azaldılmasını istəyir. Xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, 100 milyondan çox əhalisi olan ATƏT-ə üzv dövlətlərinə müvafiq olaraq 400 və ya 500 müşahidəçi göndərildiyi halda, 9,5 milyon əhalisi olan Azərbaycana 125 seçki dairəsi üzrə 400 nəfər qısa və uzunmüddətli müşahidəçinin göndərilməsi hər hansı normal məntiqə sığmır. 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti sentyabrın 21-22-də seçkiqabağı vəziyyəti və seçkilərə hazırlıq səviyyəsini yoxlamaq üçün Azərbaycanda olub və səfərin yekunları ilə bağlı bəyanat yayıb: "AŞPA seçkiqabağı missiyası AŞPA müşahidə missiyasının tam şəkildə, hətta daha irimiqyaslı şəkildə həyata keçirilməsini həyata keçirməyə təkid edir. Belə ki, AŞPA-nın monitorinqi altında olan ölkədə seçkiləri müşahidə etmək qurum üçün vacibdir və monitorinq prosesinin qanunla müəyyən edilmiş vəzifəsidir."


Avropa Şurası Parlament Assambleyası 

Göründüyü kimi, faktiki olaraq Azərbaycan tərəfi ATƏT/DTİHB-nin göndərmək istədiyi uzunmüddətli müşahidəçilərin sayının 6 dəfə, qısa müddətli müşahidəçilərin sayının isə təxminən 3 dəfə azaldılmasını istəyir və bəyanatda dolayısı ilə qeyd olunur ki, Azərbaycan bundan artıq müşahidəçini qəbul etməyəcək. Bir sıra ekspertlər hesab edir ki, bu, Azərbaycan iqtidarı ilə ATƏT arasında seçkilərlə bağlı indidən gərginliyin başlanması deməkdir.

Ədalət Partiyasının sədri İlyas İsmayılov ANS PRESSə bildirib ki, Avropadan olan missiyaların Azərbaycanda parlament seçkilərində müşahidə aparması faydalıdır. "Bu, müəyyən mənada müsbət qarşılanmalıdır. Təbii ki, seçkiləri müşahidə edənlərin sayının çox olması yaxşıdır. Çünki, bu, seçkinin demokratik keçməsi üçün şərait yaradır. Biz çox istərdik ki, parlament seçkiləri azad, sərbəst, ədalətli, doğru keçsin, heç kimə hakimiyyətdən kömək göstərilməsin. Seçicilər kimi istəyirsə, ona səs versinlər."


İlyas İsmayılov - Ədalət Partiyasının sədri 


İ.İsmayılov son vaxtlar Azərbaycan ilə Avropa arasında münasibətlərin gərginləşməsinə də münasibət bilidirib, bu məsələdə Avropanın daha çox günahkar olduğunu söyləyib: "İndi Avropanın özündə gərginlik artıb. Buna səbəb Suriyadan, İraqdan və başqa ölkələrdən qaçqınların getməsidir. Amma Ermənistanın Azərbaycana işğalı, təcavüzü nəticəsində yaranan 1 milyonluq qaçqln ordusu heç kimi maraqlandırmır. Halbuki bu məsələyə görə Qərb Ermənistana qarşı sanksiya tətbiq etməlidir. Lakin bunu etmirlər, çünki Azərbaycan müsəlman, Ermənistan xristian ölkəsidir."

O deyib ki, biz Avropadan gələn nümayəndə heyətləri ilə görüşlərimizdə bu məsələni qaldırırıq, amma təəssüf ki, qarşı tərəfdən cavab ala bilmirik. Əgər İrəvan beynəlxalq qanunların alilik prinsipinə riayət etmirsə, ona qarşı sanksiya tətbiq olunmalıdır. BMT-nin qəbul etdiyi qətnamələrin heç birinə əməl olunmur. Bu baxımdan Avropa üzərinə düşən vəzifələri yerinə yetirsə daha yaxşı olar."


Azərbaycanda seçki 


Bəzi beynəlxalq təşkilatlar Azərbaycandakı parlament seçkilərinə müşahidə missiyası göndərməyəcəklərini bəyan etsələr də indi görünən odur ki, beynəlxalq təşkilatlar getdikcə mövqelərində yumşalır, Azərbaycandakı seçkiləri daha ciddi şəkildə müşahidə etmək, "seçki tələsi"ni Azərbaycanda qurmaq fikrindədir. Təbii ki, bu arada Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun AŞPA monitorinq komitəsinin sədr müavini seçilməsi bunu deməyə əsas verir. Səsvermə sentyabrın 28-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclasında baş tutub.

O toplantıda çıxış edib, bunun Azərbaycana olan etimadın göstəricisi kimi dəyərləndirib: “Mən bu vəzifəyə Avropa Mühafizəkarları fraksiyasının dəstəyi ilə təklif olundum. Eyni zamanda, bu uzun illər mənim Monitorinq Komitəsində işimin nəticəidir. Bildiyiniz kimi, Serbiya üzrə məruzəçiyəm, 15 ildir MK-də fəaliyyət göstərirəm. Fikrimcə, bu Azərbaycana olan etimadın göstəricisidir. Xüsusilə Monitorinq Komitəsinin, çünkü Avropa ölkələrində seçkiləri müşahidə etmək AŞPA-nın öhdəliklərindən biridir."


Səməd Seyidov - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri

Bu il sentyabrın əvvəlində yayılmış DTİHB-ın bəyənatına əsasən, qurum Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün Azərbaycana 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərmək niyyətində olub. Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi isə bu bəyanata etiraz edərək, öhdəliyə uyğun olaraq parlament seçkilərini izləyəcək 6 uzunmüddətli və 125 qısamüddətli ATƏT müşahidəçisini qəbul etməyə hazır olduğunu bildirib.