Dilqəmlə Şahbazdan XƏBƏR VAR...
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə növbəti dəfə baş çəkib. Komitənin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri aprel, may və iyun ayları ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: "Münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Aprel, may və iyun aylarında biz, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkmişik. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) mandatına əsasən, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan şəxslərə olan rəftarı və onların saxlanma şəraitini monitorinq edir və həmçinin, bu şəxslərə ailə əlaqələrini saxlamaqda köməklik göstərir".
Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsi nümayəndələrinin baş çəkdiyi azərbaycanlılardan ikisi Şuşa türməsində saxlanılan Dilqəm Əsgərovla Şahbaz Quliyevdir.
2014-cü ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.