Şikayətçi “Orxan MMC” şirkətinə hər iki şəxsin şərik olması barədə sensasion iddialar səsləndirdi; evsiz qalan Tural Hacıyev onların həbs olunmasını tələb edir
T.Hacıyev: “Bu şirkətə Eldar Mahmudovla İsfəndiyar Axundov şərikdir”
İsfəndiyar Axundov: “Eldar müəllimin üzünü belə görməmişəm”
“Azərtikinti ATF” MMC-nin rəhbəri, “Şərurlu İsfəndiyar” adı ilə tanınan iş adamı İsfəndiyar a qarşı səslənən ittihamlar səngimək bilmir.
Dəfələrlə qəzetimizdən kömək istəyən, əslən Babək rayonundan olan Tural Hacıyev növbəti dəfə “Yeni Müsavat”a müraciət edərək, “Şərurlu İsfəndiyar” barədə yeni faktlar açıqlayıb. Şikayətçi iş adamının oktyabrın 17-də vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudovla işbirliyində olduğunu, vətəndaşları aldadan “Orxan MMC” adlı şirkətə indiyə qədər hər iki şəxsin şərik olduğunu söyləyir: “2008-ci ilin aprelində “Azərtikinti ATF” MMC ilə müqavilə bağlayaraq, Xətai rayonu, Telnov küçəsi, 23-47/48 ünvanında inşa edilən binadan ev almaq istədim. Buna görə şirkətə 32 min dollar pul ödədim. Sonradan mənə məlum oldu ki, bu şirkət hazırda sabiq milli təhlükəsizlik naziri olan Eldar Mahmudovla işbirliyindədir. “Orxan MMC” adlı şirkət var. Bu şirkətə Eldar Mahmudovla İsfəndiyar Axundov şərikdir. Şirkətin işlərini həyata keçirən “Şərurlu İsfəndiyar”dır. Hər iki şəxs məni aldadaraq evimi əlimdən aldı.
Bu məlumatı məhkəmədə mənə dedilər. Binanın yarısı İsfəndiyar Axundova, yarısı isə Eldar Mahmudova məxsusdur. Amma əmin edirəm ki, bina Milli Təhlükəsizlik Nazirliyinindir. Bunu şəxsən İsfəndiyar Axundovun özü mənə deyib.
Bununla bağlı şikayətim əsasında cinayət işi başlandı. Eldar Mahmudovun köməkliyi ilə “Şərurlu İsfəndiyar” cinayət işindən uzaqlaşdırıldı və şirkətin direktoru Azər Quliyev həbs edildi. Aldadıldığımız binanın işinə məhz bu şəxs rəhbərlik etmişdi. Artıq cənab prezidentin sərəncamı ilə Eldar Mahmudov vəzifəsindən azad edilib. Belə getsə, onun barəsində cinayət işi başlanılacaq. Baş prokuror Zakir Qaralova müraciət ünvanlamışam. Qəzetiniz vasitəsilə, bir daha hörmətli baş prokurorumuzdan kömək istəyirəm. Hörmətli Zakir müəllim, mənə dəyən 32 min dollar zərərin ödənilməsində kömək edin. Eyni zamanda, mənimlə bərabər digər aldadılmış şəxslər də var. Ümidimiz yalnız sizlərədir. Biz Eldar Mahmudov və yaxın qohumu İsfəndiyar Axundovun cinayət məsuliyyətinə cəlb olunmalarını istəyirik”.
Səslənən şok ittihamlarla bağlı “Şərurlu İsfəndiyar”ın mövqeyini aldıq. O, şikayətçinin ittihamlarının əsassız olduğunu söylədi: “Bu fikirlər əfsanədir. Eldar müəllimin heç üzünü belə görməmişəm. “Orxan MMC” deyilən bir şirkət var. Bizim qohumların şirkətidir. Amma mənim deyil”.
(musavat.com)