Azərbaycanda pensiya yaşı aşağı salıncaq? – “İnsanların yaşama müddəti getdikcə AZALIR”
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, 2021-ci ildən yalnız 65 yaşına çatmış kişilərin və 63 yaşına çatmış qadınların pensiya almaq hüququ var. Bu göstəricilər digər ölkələrlə müqayisədə yüksəkdir. Azərbaycanda pensiya yaşı yenidən azaldıla bilərmi? Məsələ ilə bağlı millət vəkili Vahid Əhmədov “Yeni Sabah”a bildirib ki, bu mövzu Milli Məclisdə mütəmadi olaraq müzakirəyə çıxarılır: “İnsanların əksəriyyəti təbii ki, pensiya yaşının azaldımasının tərəfdarıdır. Pensiya islahatı aparılarkən yaş həddi kişilərdə 65 yaşına qaldırıldı. Artıq 1-2 il sonra bu yaş həddi qadınlar üçün də 65 olacaq”. Deputatın sözlərinə görə, indiki həyat şəraitini nəzərə alsaq insanların yaşama müddəti getdikcə azalır: “Bütün bu göstəriciləri əsasən düşünürəm ki, bu yaş həddi yüksəkdir. Qaydaya əsasən ən azından həmin şəxsin 12 il yaşaması nəzərdə tutulur. Ancaq hazırkı dövrdə müəyyən xəstəliklər, epidemiyalar buna imkan vermir. Əgər həmin şəxs nəzərdə tutulmuş yaşa kimi vəfat edərsə, baza məbləğində toplanan pulu heç kim mənimsəyə bilməz. Yalnız ailə üzvləri bu vəsaiti istifadə edə bilər”. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı statistik rəqəmlərə görə, bir il ərzində ölkəmizdə 65 yaşdan daha tez dünyasını dəyişənlərin sayı 22 min 911 nəfərdir. Son açıqlanan statistikaya görə, 33 min nəfər 64 yaşdan sonra dünyasını dəyişir.