Hərbi Polisin sabiq rəisindən ordudakı korrupsiya ilə bağlı ŞOK açıqlamalar...

Ordunun pullarını talançılardan necə qorumalı - kimlər məsuliyyət daşıyır?   

Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə bağlı həbslər davam edir. Həyata keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov da tutulub. Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində də 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onlara  Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 341.2.1-ci (vəzifə səlahiyyətlərini aşma, bir qrup şəxs tərəfindən törədildikdə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Yada salaq ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyində  maliyyə pozuntuları ilə bağlı Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu həbs edilib. Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir. 

Son həbslərlə bağlı ekspertlər iddia edirlər ki, onlar   Baş Qərargahın sabiq rəisi Nəcməddin  Sadıxovun ən yaxın adamlarıdır.  Bəs belə halların vaxtında qarşısının alınmamasına görə hansı qurumlar məsuliyyət daşıyır? Orduda maliyyənin neçə xərclənməsinə kim nəzarət etməlidir?

Hərbi Polisin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, orduda maliyyənin neçə xərclənməsinə, maliyyə məsələlərinə məsuliyyət Müdafiə Nazirliyinin Maliyyə Baş İdarəsinin və şəxsən bu idarənin rəisi general Nizami Məmmədovun üzərinə düşür: “Çünki nəzarəti birbaşa məhz həmin Baş İdarə həyata keçirir. Nəcməddin Sadıxovun Baş Qərargah rəisi olduğu dövrdə orduda çox böyük maliyyə pozuntuları, korrupsiya hallarının baş verdiyi barədə mətbuatda tez-tez məlumatlar gedirdi. Həmin məlumatlar həqiqəti əks etdirirdi. 44 günlük Vətən müharibəsində qələbəmizdən sonra Müdafiə Nazirliyinin ştat strukturu dəyişildi. Quru Qoşunları və digər müxtəlif qurumlar yaradıldı, orduda türk ordusu modelini tətbiq etdik. Lakin türk modelinə tam şəkildə keçid olmadı. Prosesin hələ də davam etdiyi deyilir.

Orduda TÜRKİYƏ MODELİ: “Bir generalı eyni vəzifədə bir neçə ildən çox görməyəcəyik” – Rövşən Məhərrəmov – Yenicag.Az

 Rövşən Məhərrəmov

Bu qanunsuzluqlar barədə bir neçə gün ərzində deyil, uzunmüddətli müşahidə, araşdırma aparılıb, sübutlar əldə edildikdən sonra, nəhayət, həbslər başlayıb. Bu olaylar gözlənilən idi. Müdafiə Nazirliyinin Baş Maliyyə İdarəsi ordudakı bütün maliyyə işlərinə nəzarət eləməlidir. Bu idarə isə nəzarət eləmək əvəzinə, özləri korrupsiya əməlləri ilə məşğul olublar. Həbs edilənlərin hamısı Nəcməddin Sadıxovun birbaşa dəstəyi ilə vəzifələrə təyin edilmiş şəxslər idi. Yəni o adamların hamısı Sadıxova bağlıdırlar. Hətta Nəcməddin Sadıxovun sağ əli olan “şlyapa Zahid”in qudası olan Hərbi Hava Qüvvələrinin Maliyyə Şöbəsinin rəisi də həbs olunub. Maliyyə sifarişi necə verilirdi? Hərbi hissələrdən Müdafiə Nazirliyinə sifariş göndərilir, Müdafiə Nazirliyi araşdırır və əmin olduqda ki, edilən sifarişdə  doğrudur,  bundan sonra Maliyyə Nazirliyinə pul ayrılması üçün sifariş verilir. Görünür ki, Maliyyə Nazirliyinə reallığı əks etdirməyən, şişirdilmiş rəqəmlər sifariş verilib. Maliyyə Nazirliyi də sifarişi yerinə yetirib və vəsait ayrılıb. Müdafiə Nazirliyindəki həbs olunan şəxslər və digər səlahiyyətli şəxslər isə vəsaitin şişirdilmiş rəqəmlər əsasında ayrılan hissəsini mənimsəyiblər. Bu, açıq-aşkar korrupsiya əməliyyatıdır".

R.Məhərrəmov qeyd etdi ki, bundan başqa maddi-texniki təminat məqsədilə alınan mal və məhsullar üçün də vəsait ayrılmasına Maliyyə İdarəsi imza atır, burada aşağıdan yuxarıya doğru çoxlu sayda vəzifəli şəxslərin imzası olan sənədlər gərəkir: “O sənədlər olmadan heç bir satınalma, maliyyə əməliyyatları həyata keçirilə bilməz. Mən hesab edirəm ki, həbslər davam edəcək və etməlidir. Çünki söhbət dəhşətli dərəcədə böyük vəsaitlərin korrupsiya yolu ilə mənimsənilməsindən gedir. Miqyas o qədər böyükdür ki, aşağılardan daha yuxarılara qədər daha çoxlu sayda vəzifəli şəxslərin məsuliyyəti, imzası, göstərişi var. Hesab edirəm ki, Müdafiə Nazirliyinin İşlər İdarəsini də yoxlamaq lazımdır. Bir ay öncə həmin idarənin rəisi polkovnik İlqar Məmmədov ehtiyata buraxılıb. Onun işlədiyi dövrü ciddi yoxlamaq lazımdır, o zaman aşkar ediləcək ki, həmin idarədə də ciddi çatışmazlıqlar var. Bundan əlavə, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi yoxlanmalıdır. O zaman üzə çıxacaq ki, tikinti təmir işlərinin həyata keçirilməsi, mənzillərin paylanması işində necə böyük qanunsuzluqlara yol verilib. Özü də bütün yoxlamaları Müdafiə Nazirliyi sistemindən kənar qurumlar həyata keçirməlidir. Mən əminəm ki, biz çoxlu sayda həbslərin şahidi olacağıq. Prezident ordumuzun güclənməsi üçün hər il hərbi büdcəni artırmaq kimi düzgün siyasət yürüdüb. Təəssüf ki, çox böyük şəbəkə dövlət büdcəsindən ayrılan həmin vəsaitlərin bir hissəsini korrupsiya yolu ilə talan ediblər. Bu cür talanlar olmasaydı, ordumuzun gücü indikindən daha yüksək səviyyədə olardı. Korrupsiya talançılığına yol verən şəxslər həm də Prezidentə xəyanət ediblər. Ona görə də cinayətdə əli olan bütün şəxslər məsuliyyətə cəlb olunmalıdır. Bu şəbəkə Nəcməddin Sadıxova bağlı olub. Çox ciddi təmizləmə işi aparılmalıdır. Nəcməddin Sadıxova bağlı bütün vəzifəli şəxslərin hamısı dərhal vəzifələrindən azad olunmalıdır, ordudan uzaqlaşdırılmalıdır. Ordumuzun adına yaraşmayan biabırçılıq mütləq təmizlənməlidir. Mən əminəm ki, yoxlamalar və həbslər davam edəcək”.

Qlobal müdafiə xərcləri niyə artır? - (Ruslan İmamquliyev ) ARB24 (İş Vaxtı) - YouTube

Ruslan İmamquliyev 

Hərbi ekspert Ruslan İmamquliyev də bildirdi ki, maliyyə və maddi-texniki təminat məsələlərinə birbaşa nəzarəti Müdafiə Nazirliyinin Maliyyə İdarəsi nəzarət edir. Ona görə də məsuliyyət bu idarənin üzərinə düşür. Eyni zamanda hərbi hissə komandirləri də rəhbərlik etdikləri hərbi hissələrin maliyyə işlərinə cavabdehdirlər: “Maliyyə işinə nəzarət bir neçə qoldan ibarətdir. Yəni məsuliyyət təkcə mühasibin, maliyyə şöbəsinin rəisinin üzərində deyil, eyni zamanda hərbi hissə komandirinin üzərindədir. Müdafiə Nazirliyinin Maliyyə İdarəsi müvafiq dövrlərdə yoxlamalarını keçirməlidir. Eyni zamanda Müdafiə Nazirliyinin Daxili Yoxlama qrupu da var. Onlar da vaxtaşırı yoxlamalar həyata keçirməyə məsuldurlar. Bundan başqa, müxtəlif yoxlama komissiyaları təşkil olunur. Bu qədər əhatəli nəzarət mexanizmi olduğu halda böyük maliyyə korrupsiya əməlləri ortaya çıxıbsa, deməli, çox geniş tərkibdə məsuliyyətə cəlb ediləcək şəxslər var. Cavabdehlər çoxdur. Cavabdehlər təkcə maliyyəçilər deyil. Nəcməddin Sadıxovun tutduğu vəzifə elə olub ki, ona instansiya üzrə tabe olan vəzifəli şəxslər var. Mənim həbs edilənlərin kimin adamı olduğu barədə fikir bildirməyim yanlış olardı”.

 






Fikirlər