"Azərbaycan gələcəyə inamla baxır və regionu sabitlik və tərəqqi məkanına çevirmək məqsədini uğurla icra edir..."
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 aprel tarixində ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirakçıların suallarını dolğun cavablandırması, Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyəti ilə diqqət çəkdi. Keçirilən beynəlxalq konfrans bir daha göstərdi ki, müharibə dövründə olduğu kimi, postkonflikt mərhələdə də Ölkə rəhbərinin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynayır. Könül Pirverdiyeva
Dövlətimizin başçısı konfransda çıxışı zamanı bildirmişdir ki, müharibə başa çatandan sonra Ermənistanın mina xəritələrini verməməsi səbəbindən ötən müddət ərzində çox sayda azərbaycanlı həlak olmuş və ya yaralanmışdır. Bu bədbəxt hadisələr bir daha onu göstərir ki, mənfur düşmən işğaldan sonra nəinki bütün yaşayış sahələrini, infrastrukturu, təmas xəttinə yaxın olan əraziləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb, hətta müharibədən sonra təhlükəli zonaların xəritəsini verməkdən belə imtina edir. Ölkə başçısı cənab İlham Əliyev konfransda Qarabağ və Şərqi Zəngəzurda başlanan tikinti-quruculuq layihələrinin icrasını ləngidən ən böyük çətinliklərdən birinin məhz Azərbaycan torpaqlarının işğal dövründə minalanması ilə bağlı olduğunu vurğulamışdır.
Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır.
Hazırda işğaldan azad edilən Qarabağ və ətraf bölgələrimizdə bərpa işləri sürətlə aparılır. Bu torpaqlarda infrastrukturun yenidən qurulması, energetika sisteminin yaradılması xüsusi diqqətdə saxlanılır. Ölkə rəhbərinin konfransda bildirdiyi kimi, Qarabağ və ətraf bölgələrimizdə bərpaolunan enerji mənbələrinin reallaşdırılmasına mühüm önəm verilir. Ölkə başçısının ötən il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalaması da bunun bariz ifadəsidir.
Beləliklə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda Şuşa şəhərində və paytaxt Bakıda keçirilən beynəlxalq konfrans dünyanın müxtəlif ölkələrinin beyin mərkəzləri üçün çox faydalı oldu. Artıq biz əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin politoloqlarla açıq və səmimi dialoqu Cənubi Qafqaz regionu üzrə və ümumilikdə beynəlxalq məsələlərə dair analitik tədqiqatlar üçün ən yaxşı stimuldur.
Artıq beynəlxalq aləm də şahid oldu ki, 44 günlük müharibədə mütləq qalibiyyət əldə edən Azərbaycan gələcəyə inamla baxır və dayanıqlı sülhə nail olmaqla regionu sabitlik və tərəqqi məkanına çevirmək məqsədini uğurla icra edir. Ölkə başçısının bu gün regionda erməni işğalçılarından Azərbaycan torpaqlarının azad edilməsinə yönəlmiş ədalətli siyasəti Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq adasına çevrilməsini təmin edən yeganə ağıllı güc olacaqdır.
ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru