AzTV-yə “nevidimka” satan şirkət Müdafiə Nazirliyinə kompüter satır...
Müdafiə Nazirliyi Azərbaycan Hərbi Tarix Muzeyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Hərbi Tarix Muzeyi tenderin qalibi olan “Turrus” MMC-dən (VÖEN – 1007464471) dəyəri 21 min 489 manat 81 qəpik olan kompüter və avadanlıqları (printer, qulaqcıq, fləşkart, klaviatura və s.) alacaq.
Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “Turrus” MMC 17 fevral 2022-ci il tarixində dövlət qeydiyatına alınıb.
Hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan, ev 1A, m. 48, məh. 3203-də yerləşən MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğludur.
Qeyd edək ki, MMC dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğlu olub. Ötən ilin iyun ayında MMC-nin qanuni təmsilçisi dəyişib və Baxşaliyev Nicat Baxşalı oğlu qanuni təmsilçi olub. Sentyabr ayında Sahibzadə Xəlqani Ziyafəddin oğlu yenidən qanuni təmsilçi təyin edilib.
Son bir ildə MMC müxtəlif dövlət qurumları tərəfindən keçirilən çoxsaylı tender müsabiqələrində qalib olub.
Barəsində açıq internet resurslarda heç bir məlumat olmayan “Turrus” MMC dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra Azərbaycan Ordusunun hərbi hissələri üçün 570 min manat dəyərində qazanxana avadanlıqları satıb.
“Turrus” MMC son bir ildə isə onlarla tender müsabiqəsində qalib olub. MMC bir dövlət qurumuna dəftər-qələm, başqa bir dövlət qurumuna tikinti materialı, digər bir quruma isə təmizlik alətləri satıb. Sonuncu dəfə isə AzTV-nin qrim ləvazimatları (“nevidimka”, pudra, krem, lak, gel və s.) almaq üçün keçirdiyi tenderdə qalib olub.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Qalib olduğu ilk tender müsabiqəsindən cəmi 3-4 ay əvvəl yaranan bu şirkətin fərqli qurumlara, fərqli məhsulları satmaq üçün hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil. Yeniavaz.com