Gənc ana niyə plastik əməliyyatın qurbanı oldu - “Bədəni şəkilləndirmə”nin BƏDƏLI...

Plastik cərrah: “Bədən şəkilləndirmə əməliyyatına gedən pasient öncə bu riskləri göz önünə almalıdır...”

Bakıda “Medera Hospital”da plastik əməliyyat etdirən Aygün adlı gənc qadın vəfat edib. Onun “Medera Hospital”da “Resepşn”da işlədiyi bildirilir. O, bir neçə gün öncə elə həmin hospitalda çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım dünyasını dəyişib.

Məlumat yayıldıqdan sonra Aygün adlı şəxsin cərrah Günel Bayramlının ilk qurbanı olmadığı haqda sosial şəbəkələrdə iddialar da paylaşılıb.

Qeyd edək ki, “Medera Hospital” bir neçə gün öncə plastik əməliyyatdan sonra dünyasını dəyişən klinikanın işçisi Aygün Abbasovanın ölümü ilə bağlı açıqlama yayıb. Axar.az saytının məlumatına görə, klinikanın hüquqşünası Xeyransa Babayeva Aygün Abbasovanın klinikada uzun müddətdir çalışdığını bildirib.

“Mərhum bizim 10 illik əməkdaşımız olub, çox etibarli, aktiv, işini bilən işçi olub və hospitalın kollektivi tərəfindən çox sevilib. Mərhumun 05.06.2023 tarixində vəfatı ilə bağlı mətbuatda xoşagəlməz şayiələr yayılıb. Hazırda mərhumun ölüm səbəbi ilə bağlı ekspertizanın rəyini gözləyirik. Rəy gəldikdən sonra mətbuata tam şəkildə açıqlama veriləcək. Mərhum öz qərarı ilə əməliyyat olmaq istəyib, ”Medera Hospital"ın əməkdaşı olduğu üçün əməliyyatı tam təmənnasız həyata keçirilib. Müayinələrdən keçdikdən sonra əməliyyata qərar verib. Əməliyyatı fəsadsız keçib, əməliyyatdan sonra heç bir ağırlaşma olmayıb. Üç gün sonra evə yazılıb, lakin evində kiçikyaşlı uşağın olmasını əsas gətirərək, 2 gün artıq qalmaq istədiyini bildirib. Əməliyyatın 6-cı günündə evdə dünyasını dəyişib. Təcili tibbi yardım işçiləri ölümün səbəbini trobemboliya qoyub".

Faktla bağlı araşdırma aparılıb-aparılmaması ilə bağlı Baş Prokurorluğa sorğu göndərilib.

Xatırladaq ki, Aygün xanım ailəli olub, bir qız övladı var.

Bu, plastik əməliyyatdan  ilk ölüm faktı deyil. Əfsus ki, əksər hallarda dünyasını dəyişənlər Aygün kimi gənc insanlar, gənc analar olur.

Qeyd edək ki, əvvəllər estetik əməliyyat dedikdə ağıla ilk gələn rinoplastika - burun əməliyyatları idi. Lakin zaman keçdikcə bədən şəkiləndirmə əməliyyatları da geniş vüsət almağa başladı.  Bədən şəkiləndirmə əməliyyatlarına əsasən liposaksiya, abdominoplastika (qarın gərmə), popoplastika (omba böyütmə), mamoplastika (sinə plastika) daxildir.

Maraqlıdır ki, bədən şəkilləndirmə əməliyyatlarına daha çox qadınlar müraciət etsə də, kişi pasiyentlər də az deyil. Araşdırmalar da onu göstərir ki, qadınlar şəkilləndirmə və popoplastika, kişilər isə liposaksiya və bəzən ginekomastiya (kişilərdə süd vəzisinin böyüməsi) üçün müraciət edir. Qiymətlərə gəldikdə isə məlum olur ki, ölkədə bədənşəkilləndirmə əməliyyatları adətən 3000-3500 manatdan başlayır.

Bəs bədən şəkilləndirmə əməliyatı nədir və həyat üçün nə dərəcədə risklidir? Kimlərə olmaz?

Plastik Estetik və Rekonstruktiv Cerrahiyye

Əlif Hüseynzadə

Mövzu ilə bağlı plastik cərrah, tibb üzrə fəlsəfə doktoru Əlif Hüseynzadə “Yeni Müsavat”a danışıb. Həkim qeyd edib ki, hər bir əməliyyat öncəsi pasiyentlər mütləq şəkildə hərtərəfli müayinə olunmalıdır: “İlk öncə qeyd edim ki, bədən şəkilləndirmə əməliyyatı orqanizmdə çəkinin alıb-verilməsi, yaş, çəki ilə bağlı orqanizmin  piy toxumalarında olan dəyişikliklərə görə icra olunan estetik əməliyyatdır. Burada bir çox əməliyyat növləri var. Belə ki, bir çox pasiyentlər çəki itirdikdən sonra dərisində sallanma yaranır, nəticədə qadınlarda süd vəzilərinin sallanmasının aradan qaldırılması (mamoplastika), artıq dərinin götürülməsi və yaxud  bud, qol gərmə kimi əməliyyat icra olunur. Çox az çəki ilə adətən xanımlar  liposaksiya əməliyyatına müraciət edir. Bu zaman liposaksiya ilə kiçik dəliklərdən piyin sovrulması, piyin az olduğu hissələrə isə piyin transferi, yəni pasiyentin öz piyinin orqanizminin başqa nahiyəsinə köçürülməsi aparılır. Ümumiyyətlə, digər əməliyyatlarda olduğu kimi bədən şəkilləndirmə əməliyyatlarında da əməliyyat  öncəsi pasiyent ətraflı şəkildə müayinə olunmalıdır,  yoxlanılmalıdır. Yəni pasiyentin istəyindən asılı olaraq onun orqanizmi müayinə olunmalıdır ki, həmin istəkləri orqanizmdən almaq, nəticə əldə etmək mümkündür, ya yox”.

Cərrah bu məsələdə yaş faktorunu da qeyd edib: “Belə ki, müəyyən yaşlarda bu cür əməliyyatlardan sonra venoz damarlarında problem, damar qüsurları yarana bilər. Ən çox da piyin alınıb digər nahiyəyə vurulması zamanı piy damara düşərək orqanizmin digər hissələrini tıxaması nəticəsində piy emboliyası yarana bilər ki, bu da əksər hallarda ölümlə nəticələnir. Təbii ki, bunun qarşısını almaq üçün müəyyən texniki manevrlər var, ixtisaslaşan həkimlər bunu nəzərə alaraq məsələyə yanaşır. Lakin bəzən həkim səriştəsizliyindən, bəzən də həkim bacarığından asılı olmayaraq bu problem baş verə bilər.  Ona görə bədən şəkilləndirmə əməliyyatına gedən pasiyent öncə bu riskləri göz önünə alıb, sonra əməliyyat üçün müraciət etməlidir. Çünki risksiz əməliyyat yoxdur, xüsusən də bu əməliyyat digərləri ilə nisbətdə daha riskli sayılır”.

Cərrah həmçinin qeyd edib ki, hazırda kişilər də əsasən bədən şəkilləndirmə əməliyyatına müraciət edir: “Günümüzdə kişilər də bədən şəkilləndirmə  əməliyyatına üstünlük verir. Çünki bu daha rahat şəkildə bədəni formalaşdıran əməliyyatıdır. Yəni aylarla idman edib, dieta saxlayıb, müəyyən piyi yox etmək bəzən çətin olur, bəzən paisyentin buna iradəsi çatmır, nəticədə bir əməliyyatla bütün bu məsələləri həll etməyə çalışır. Əlbəttə ki, bu gözəl əməliyyatdır və pasiyent əməliyyatdan sonra cəmiyyət içərisində özün xoşbəxt sayır, məmnun olur, özünə güvəni artır və sairə. Lakin əməliyyata girəndə orqanizmin xüsusiyyəti onun göstəriciləri və alınan nəticələr ilə üst-üstə gələcəksə əladır, yox risk daşıyıb, problemi ola-ola əməliyyata girmək sözsüz ki, faciəyə gətirib çıxara bilər”.

 






Fikirlər