“Dövlət normal uşaqpulu verməlidir, 80-120 manat yox” - Xalq artistinin fiqura söhbətinə cavab

“Dövlət normal uşaqpulu verməlidir, 80-120 manat yox”  - Xalq artistinin fiqura söhbətinə cavab

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan ailələrində 5 uşaq olması ilə bağlı çağırışı geniş müzakirələrə səbəb oldu.

Bəziləri çoxuşaqlılığın tərəfini tutdu, bəziləri bunun qadını robot olaraq görmək olduğunu iddia etdi.

 Xalq artisti Afaq Bəşirqızı da açıqlamasında  çoxuşaqlı ailələrin tərəfdarı olduğunu qeyd etdi və bəzi qadınları sərt şəkildə qınadı:

"Fiqura qorumaqla ailə olmur. Onlara "ailə” deməzlər. Onlar həftəlikdirlər. O adam ki ərə gedib, istəyir fiqurası yaxşı olsun, uşaq da doğmur, onun ailə həyatı ancaq həftəlik ola bilər".

Məsələ ilə bağlı Yenisabah.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, ailələrin çoxuşaqlı olmasındansa, az uşaqla daha yaxşı tərbiyə və təhsilin verilməsinin tərəfdarıdır:

"Ailə quruculuğu deyə bir şey var. Əgər ailə 5 uşağı saxlaya biləcəksə, onda bu qədər uşaq dünyaya gətirə bilər. 1-2 uşağı dünyaya gətirib ona mükəmməl tərbiyə, təhsil verib, mükəmməl şəkildə cəmiyyətə qazandırmaq daha vacibdir. Yoxsa dünyaya 5 uşaq birdən gətirib işsiz vəziyyətdə onları yetim kimi saxlamaq hesab edirəm ki, düzgün deyil. 

Bu məsələyə fiqura söhbətinin isə aidiyyatı yoxdur. Azərbaycan cəmiyyəti onsuz da hər zaman çoxuşaqlı olmağı sevib. Əvvəllər hətta ziyalı ailələrdə də minimum 4 uşaq olub. Sadəcə olaraq bu gün 4-5 uşağa baxmaq çətindir. 

Biz ayağımızı öz yorğanımıza görə uzatmalıyıq ki, sabah cəmiyyətə yiyəsiz uşaqlar verməyək. Onlara yaxşı təhsil, yaxşı tərbiyə verə bilməyəcəyiksə, o uşaqlar onsuz da Vətənə fayda verməyəcək. İndi isə belə uşaq böyütmək həm də maddi baxımdan çətindir. Rəcəb Tayyib Ərdoğan tövsiyə  verə bilər. Amma kimin imkanı varsa, 5 uşağı saxlaya biləcəksə, onlar uşaq sahibi olmalıdır. Əgər baxa biləcəksənsə, əlbəttə ki, çoxuşaqlı olmaq gözəldir. Yenə qeyd edirəm ki, bunu bacaran etməlidir".

Ekspert uşaqpulu məsələsinə də toxunub:

"Uşağına təhsil verib  yolunu açıq edə biləcək olan valideynlərin dünyaya çox uşaq gətirməsində heç bir problem yoxdur.  Əgər dövlət də uşaqpulu verəcəksə, bu da gənc ailələrə dəstək olub onları çoxuşaqlı etməyə təşviq edə bilər. Amma dövlət normal uşaqpulu verməlidir, 80-120 manat yox. Əgər uşağa baxmaq üçün normal uşaqpulu veriləcəksə, sözsüz ki, bu ailələrin çoxalmasına dəstək verə bilər".






Fikirlər