Millət vəkili Qənirə Paşayeva Bakıda yetkinlik yaşına çatmayan oğlanın lüks avtomobillə 2 uşaq anası olan gənc qadını vurub öldürməsi hadisəsinə münasibət bildirib.
Sherg.az xəbər verir ki, deputat sosial şəbəkə vasitəsi ilə bu hadisənin onda hiddət yaratdığını bildirib: "Bir az öncə çox bahalı avtovobili ilə 24 yaşlı iki uşaq anasını öldürən 14 yaşlı azyaşlının (bəziləri 16 olduğunu yazır) sosial mediada paylaşılan şəkillərini gördüm. İçki içərkən, qəlyan çəkərkən və sair.
Həmin fotolardan baxan uşaqğın həyat tərzini təxmin etmək çətin deyil. Kimsə ata-analar öz övladlarını necə bədbəxt edirlər deyə danışanda bu hadisəni diqqətdən qaçırmamalıdır. 24 yaşlı gənc ananın ölümündə günahkar 14 yaşında uşağa bir müəllimin ömrünün sonuna qədər qazanıb ala bilməyəcəyi qiymətə maşın alıb məktəbə göndərən atadır. Bu gün iki uşağı yetim qalan gənc ananın ölümündə ilk suçlu yaşı çatmayan və deməli, sürücülük vəsiqəsi olmayan bir uşağa sənədsiz maşın sürməyə imkan verən, buna şərait yaradan ailədir (bu uşağın sənədsiz şəkildə şəhərdə necə maşın sürə bilməsi də ciddi araşdırılmalıdır. Bəs bu sahəyə cavabdehlər niyə addım atmayıblar? Atıblarsa, hansı addımlardır, ictimaiyyət bilməlidir. Çünki bir gənc insan həyatını itirib və iki uşaq anasız böyüyəcək).
Atanın mətbuatdakı açıqlamalarını baxdım. Böyük təssüf, qınaq və hiddət hissi ilə... Bu cür atalara demək istəyirəm ki milləti düşünmürsünüzsə, heç olmasa övladınızı, onun gələcəyini düşünün. Bir uşaq özünün əlində içki, ağız dolusu qəlyan tüstüsü, bahalı maşınla pozları ilə qürur duymamalıdır, bunu etməməlidir. Bu onun gələcəyinin məhv olması deməkdir.
Neçə-neçə insanın həyatını məhv etməsi deməkdir. O yaşda bir uşaq məktəbdəki təhsili, əxlaqı, çalışqanlığı ilə fərqlənməlidir. O pulları uşaqlarınızın məhvinə deyil, kasıblara, ehtiyacı olanlara, yaxşı bir işə dəstəyə xərcləyin və uşağınız da sizin bu əməllərinizi görüb doğru tərbiyə olunsunlar. Onsuz da sizin pulunuz Allah nəsib etsə, övladınıza qalacaq. Kiçik yaşlarda yazıq etməyin övladlarınıza, onların tərbiyəsinə... Sonra da əziyyətini sizdən çox, başqaları çəkir. Buna haqqınız yoxdur. Qudurğan pozalar, həyat tərzi heç bir normal insanda rəğbət yaratmır, tam əksi nifrət yaradır. Qanunlar, hüquq öz yerində və ümid edirik ki, ədalət yerini tutacaq. Amma əgər bir az vicdan anlayışı varsa, o ailə və iki uşaq anasını yetim qoyan o "uşaq" bir ömür vicdan əzabı cəzası çəkəcək. Amma bu cinayət cəzasız qala bilməz ve qalmamalıdır. Zəngin insanlar bu hadisəyə, insanların haqlı hiddətinə, qəzəbinə, etirazına diqqətlə yanaşmalı və dərs almalıdırlar. Müvafiq qurumlar da ciddi tədbirlər görməlidirlər. Qanunlar qarşısında hamı eyni olmalıdır. Porşe avtomobili də, onun sahibi də, qanun və qaydalardan üstün deyil, olmamalıdır.