DEPUTATDAN sərt reaksiya:"nə mentalitet qalıb, NƏ DƏ MƏNƏVİYYAT"

"

Əminin qardaşı qızını qaçırmasını ancaq həyasızlıq adlandırmaq olar.

Bunu Sherg.az-a Gəncədə əminin qardaşı qızını baş verən məlum hadisəyə münasibət bildirərkən millət vəkili Elmira Axundova deyib. 
O bildirib ki, insanlar sevgini inkar etməməlidir, lakin sevən şəxslərin qovuşması bu şəkildə baş tutmamalıdır:
"Ana iki uşağını atır, ata isə 3 uşağını küçədə qoyur. Belə ailə qurulmaz. Əgər şəxs kimisə sevirsə, kişi və ya qadın ən azından mədəni şəkildə gəlib öz ailəsindən, həyat yoldaşından üzr istəyə bilər, övladlarına sahib çıxmaqla boşandıqdan sonra başqası ilə ailə qura bilər. Hər şeyin qayda qanunu var. İnsan 2 dəfə də evlənə bilər, 3 dəfə də. Ancaq bunu qayda-qanunla həyata keçirmək lazımdır. Mən insanların 2-3 azyaşlı uşağını atıb, başqa insanın yanına qaçmasını anlaya və qəbul edə bilmirəm. Hhəmin ortada qalan 5 uşağı düşünəndə də ürəyim ağrıyır”.
Qoşulub qaçan həmin cütlüklərin xoşbəxt ailə qurmağına inanmadığını söyləyən E.Axundovanın fikrincə, onların bir-biri ilə səadət tapa bilməsi mümkün deyil:
"Bu nə qədər adi görünsə də, başqasının bədbəxtliyinin üzərində xoşbəxtlik qurmaq mümkün deyil. Bu həqiqətdir. Hətta tanınmış insanlar var ki, ailələrini atıblar, guya başqa sevgi yaşayırlar. Bu ailələr bədbəxt olub. Firavanlıq, xoşbəxtlik olmayan ailə qurublar. Mən bir neçə belə acı misal tanıyıram. Həmişə ətrafımdakılara ailələrini qorumağı məsləhət görürəm. Əgər insan başqasını sevirsə, bu, böyük sevgidirsə, qayda-qanunla, boşanaraq, övladlarını təmin edəcək aliment ödəyərək, yeni ailə qura bilərlər. Amma bu cür heç kimi saymadan qoşulub, qaçmaqla hara qədər yaşaya bilərlər ki?”
Xanım deputat əlavə edib ki, hazırda müşahidə olunan situasiyaya görə, mentalitet demək olar ki, yox səviyyəsindədir:
"Həm paytaxtda, həm rayonlarda boşanmalar baş alıb gedir. Yaşlı nəsil ailələrində problemlər olduqda uşaqlarına, ailələrinə görə belə hallara dözürdülər. Heç olubmu ki, analarımız ya atalarımız 3, 4 uşağını atıb başqasının yanına getsin? Belə şeyləri təsəvvür etmək belə çətindir. Ailələrdə hər problem ola bilər. Amma uşaqlara və ya ailəyə görə ər də, arvad da dözürdü. Amma indi təm-təraqlı toy edirlər, övladlar olsa da, olmasa da "mən istəmirəm, xoşum gəlmir” - deyib ayrılırlar. Mən belə halları heç cür dəstəkləyə bilmirəm, anlaya da bilmirəm. Bütün bunlara görə də hər zaman məyus oluram. Nə mentalitet qalıb, nə də mənəviyyat. Bunun problemləri çoxdur, ictimaiyyət özü də səbəblərini çox yaxşı bilir. Bu Qərbdən bizə gələn "dəyərlərin" məhsuludur. Qərb ənənələri bizə yaxşı dəyərləri aşılamaqla yanaşı özü ilə çox pis dəyərləri də gətirib”.
Qeyd edək ki, Gəncədə əmi 8 illik evliliyini qardaşının qızına görə bitirib. 3 uşaq atası 26 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı, iki uşaq anası qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub.

 






Fikirlər