MÜDAFİƏ NAZİRLİYİ GÜNÜN ÜÇÜNCÜ BRİFİNQİNİ KEÇİRDİ - VİDEO (Yenilənir)

 

Müdafiə Nazirliyi Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı növbəti brifinq keçirib.

Brifinqdə nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov çıxış edib.

Sentyabrın 19-da Müdafiə Nazirliyi tərəfindən media nümayəndələri üçün brifinq keçirilib.

O bildirib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.

Onun sözlərinə görə, tədbirlər zamanı Ermənistan silahlı qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib: “Eyni zamanda Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan artıq “Martira” radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirilib.

Bəzi Ermənistan sosial media resurslarında guya bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribat və dezinformasiya xarakteri daşıyır. Burada məqsəd ordumuzun imicinə xələl gətirmək və beynəlxalq ictimaiyyətdə lokal antiterror tədbirləri haqqında yanlış fikir formalaşdırmaqdır. Müdafiə Nazirliyinin rəsmi internet saytı və sosial media hesablarında yaydığımız videolardan da aydın görünür ki, bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflərə zərbələr endirilir.

Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bölmələrinin hədəfindən yayınmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirib, eyni zamanda hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir.

Məlum olduğu kimi arsenalımızda ən müasir tələblərə cavab verən yüksək dəqiqliyə malik silah və döyüş texnikası mövcuddur. Peşəkar hərbi qulluqçularımızın bu silahlardan istifadə edilməklə hədəfə aldığı hərbi obyektlərin məhv edilməsi üzrə verilən tapşırıqlar bir çox hallarda məhz hərbi obyektdə mülki şəxslərin olması aşkar edildikdən sonra obyektin hədəfə alınması dayandırılıb.

Bir daha bildiririk ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş texnikasını yaşayış məntəqələrində və yaxud onların ətrafında yerləşdirməsinə baxmayaraq yüksək dəqiqliklə həyata keçirilən atəş nəticəsində yalnız uzunmüddətli atəş nöqtələri, döyüş texnikası və hərbi məqsədlər üçün istifadə edilən hərbi infrastruktur sıradan çıxarılır və zərərsizləşdirilir.

Qeyd etdiyim faktlarla bağlı ictimaiyyətə mütəmadi olaraq videomateriallar təqdim edilib və bundan sonra da təqdim ediləcəkdir.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq. Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyən onlara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakerli bildirişlər səsgücləndirici və digər texniki vasitələrlə çatdırılır”.

 

 

***

Müdafiə Nazirliyi Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı növbəti brifinq keçirir.

Brifinqdə nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov çıxış edir.

O, düşmən sığınacaqları, texnikaları və digər infrastukturlarının məhv edilməsi barədə ictimaiyyətə geniş məlumat verir.

 


 

****

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə bağlı brifinq keçirib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan lokal xarakterli antiterror tədbirləri barədə məlumat verib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu tərəfindən bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Antiterror tədbirləri çərçivəsində artıq Xocalı rayonu və Qırmızı Bazar istiqamətində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri, həmçinin Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti uzunmüddətli atəş nöqtələri, zenit-raket kompleksləri və P-18 radiolokasiya stansiyası (RLS) bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib.

Antiterror tədbirləri davam edir.

 

 






Fikirlər