2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün professor, sabiq maliyyə naziri Fikrət Yusifov da namizədliyini irəli sürüb.
Bu barədə Moderator.az-a professor özü məlumat verib:
"Qarabağ Zəfərini əldə etmiş xalqımızın yeni dönəmdə daha yaxşı həyat tərzinin təmin edilməsi, ölkədə iqtisadi islahatların necə reallaşdırılmasından bilavasitə asılı olacaqdır. Ölkə iqtisadiyyatının yüksəlişini təmin edə biləcək iqtisadi islahatlar proqramımızın məhz seçki tribunasından səsləndirilməsinin daha məsuliyyətli bir addım olacağına inanaraq, 2024-cü ilin fevral ayının 7-də keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəldim. Bu məqsədlə öz təşəbbüsümlə Prezidentliyə namizədliyimi irəli sürürəm. Qoy bu seçkini baykot edənlər, onda iştirakdan imtina edənlər bilsinlər ki, biz bu cəmiyyətdə qarşıdurma deyil, vətəndaş həmrəyliyi yaratmaq üçün varıq. Seçkini baykot etməyə cəhd göstərənlər və onda iştirakdan imtina edənlər unutmasınlar ki, onlar bu addımları ilə Qarabağ Zəfəri əldə etmiş bir xalqın sevgisini deyil, nifrətini qazana bilər. Biz bu seçkilərə vətən sevgimizi reallaşdırmaq üçün gedirik. Biz bu seçkilərə daha güclü Azərbaycanın yaradılmasına töhvə verə bilmək üçün gedirik. Biz bu seçkilərə yüksək vətəndaş həmrəyliyi yaratmaq üçün gedirik. İnanıram ki, xalqımız kirli, məkirli “siyasilərin” prezident seçkilərinə qara yaxmaq istəyənə fevral ayının 7-də keçiriləcək Zəfər seçkilərinə bir nəfər kimi qatılmaqla cavab verəcəkdir.
Tanrı xalqımızı qorusun!"
Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.