Müsavat Partiyası seçkidə iştirakdan imtina etdi...
Müsavat Partiyası gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirakdan imtina edib. Bu barədə dekabrın 15-də Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, bu gün Partiyanın Divanının iclasında bu barədə qərar çıxarılıb. Partiya qərarının səbəbini hökumətin ölkədə seçkiqabağı demokratik mühit yaratmaq, bütün siyasi məhbusları azad etmək, sərbəst toplaşmaq, söz və ifadə azadlığınını təmin etmək, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin etməklə bağlı çağırışlarıcavabsız buraxması ilə izah edib. “Müsavat Partiyası bütün bunları, eləcə də Müsavat Partiyası strukturlarında aparılan müzakirələrin və ictimai sorğuların nəticələrini nəzərə alaraq, fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul edib” - deyə, məlumatda bildirilb. Məlumata görə, iclasda Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun həbsi ilə bağlı məsələ də müzakirə olunub.