Sabir Rüstəmxanlı "Növbədənkənar seçki Azərbaycanla Ermənistan arasında birbaşa dialoqa təsir edəcək"

Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
 
 Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı mövzu ilə bağlı Moderator.az-a danışdı. Bildirdi ki, xarici qüvvələrin Azərbaycana olan münasibətləri, təzyiqlərin artırılması və sair mövzularında keçiriləcək olan prezident seçkiləri onlara bir cavab olacaq:
 
“Prezident seçkiləri müharibədən sonrakı Azərbaycanda dinc şəraitdə keçirilən ilk seçki olacaq. Bu həm də ölkənin seçkiyə münasibətini aydın şəkildə göstərəcək. Şübhəsiz seçki müstəqil dövlətin idarə edilməsində, inkişafında xalqın iştirakını çiçəkləndirmək üçün yeganə və ən ciddi bir vasitədir. Seçki demokratiyanın ən ciddi göstəricisidir və normal seçkinin keçirilməsi ölkədə növbəti seçkilərə qədər sabitliyi bərpa edəcək və ölkənin beynəlxalq nüfuzunu artıracaq. Bu mənada Azərbaycanın növbədənkənar seçkilərə getməsi o deməkdir ki, dövlət xalqa güvənir və xalqın seçkilərdə normal iştirakı üçün şərait yaratmaq lazımdır. 
Seçki Azərbaycanla Ermənistan arasında birbaşa dialoqlara da təsir edəcək. Artıq sülh haqqında söhbətlər gedir, bəziləri sülhün anlaşması və müqaviləsinin yaxın vaxtlarda bağlana biləcəyini qeyd edirlər. Bəlkə bu Azərbaycandan daha çox Ermənistana lazımdı. Ermənistan əslində öz bütün iqtisadi və siyasi problemlərini müqavilədən sonra asanlıqla əldə edə bilər. İndiki halda çıxılmaz bir vəziyyətdədir. Qərblə Rusiyanın, Qərblə Şərqin arasında qonşuları ilə normal münasibəti yoxdur.  Belə bir şəraitdə qalması Ermənistanın durumuna ağır təsir göstərə bilər. Ermənistan da əslində sülh müqaviləsinin bağlanmasına tələsir. Belə bir vəziyyətdə Azərbaycan prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası öz namizədini, siyasi partiyalar da hazırlıq görənlər münasibət bildirənlər var. Ölkə əhalisinin böyük əksəriyyəti bu seçkilərə gedib iştirak edəcək. Seçim də xalqındır”.






Fikirlər